Məlumatlar 18 iyul 2014-cü il

12 iyul 2014-cü il tarixdə paytaxtın Suraxanı rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DYP-nin tarixi

Dövlət avtomobil müfəttişliyi 1936-cı ildə keçmiş SSRİ-nin Xalq Komissarları Sovetinin qərarı ilə yaradılaraq, Daxili İşlər Xalq Komissarlığının tabeçiliyinə verilmişdir. Bundan əvvəl müfəttişliyin fəaliyyəti, avtomobil nəqliyyatı və şosse yolları idarəsinin mülki formada olan əməkdaşları tərəfindən aparılırdı.

Dövlət avtomobil müfəttişliyinin əsas vəzifəsi ilk növbədə yol hərəkətində nizam-intizam yaratmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq idi. Respublikanın rayonlararası, kənd və qəsəbələri birləşdirən yolların örtüyü bərkidilməmişdi.

Bakı şəhərinin küçə və yollarının örtüyü qəmbərlikdən (çay daşından) ibarət idi, səkilər tərkibində çoxlu balıqqulağı olan, isti hava şəraitində tez əriyən qırdan döşənmişdi.

Arabir görünən, mexaniki tormoz sistemi ilə təhciz olunmuş QAZ-AA, M-1, RİS və digər markalı avtomobillərin, motosikllərin hərəkət sürətləri, saatda 40-50 km-dən artıq olmazdı.

Yol hərəkəti qaydalarına əsasən hətta yaşayış məntəqələrində nəqliyyat vasitələri sola dönərkən, yol ayrıcını keçərkən, həyətlərə girib-çıxarkən, ötmə əməliyyatı apararkən, dumanlı hava şəraitində, yollar buz bağladıqda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sürücülər mütləq səs siqnalı verməli, yaxud da, əl hərəkətləri ilə müvafiq işarələr verməli idi. Belə qaydalara əməl etməyən sürücülər barədə inzibati qaydada tədbir görülürdü. 

Bakı şəhərinin darısqal küçə və yollarında hərəkət ikitərəfli idi. Vaxt keçdikcə zamanın tələblərinə uyğun hərəkət qaydalarında tez-tez əlavə və dəyişikliklər edilirdi.

1936-cı ildən başlayaraq "Küçə hərəkəti qaydaları" Şəhər və Vilayət Zətmətkeş Deputatları Sovetlərinin qərarlarına əsasən tərtib olunurdu. Bu səbəbdən də yerli qaydalar bir-birlərindən fərqlənirdi.

İkinci Dünya müharibəsi dövründə Dövlət Avtomobil Müfəttişliyinin fəaliyyətində müəyyən çətinliklər yarandı. Müfəttişliyin sərəncamında texniki vasitələr, hətta xidməti istifadə üçün avtomobil yox idi. Sürücülük vəsiqəsi almaq istəyənlərin biliyi sual-cavabla qiymətləndirilirdi.

Bakı şəhərində, eləcə də Respublikanın digər şəhər və rayonlarında hərəkətin lazımınca nizamlanmasına ehtiyac duyulurdu. Belə bir vaxtlarda ƿhliman Hüseynov Bakı şəhər Dövlət Avtomobil Müfəttişliyinə, 1941-1942-ci illərdə isə Respublika Dövlət Avtomobil Müfəttişliyininə bacarıqla rəhbərlik etmiş, 1942-47-ci illərdə Bakı şəhərinin hərbi komendantı olmuşdur.

1957-ci ildə yeni redaksiyada "Yol hərəkəti qaydaları" təsdiq olundu.

1960-cı ildə "Küçə hərəkəti qaydaları" bir daha dəyişdirilərək "SSRİ-nin küçə və yollarında hərəkət qaydaları" təsdiq olundu. Bu qaydalar əvvəlkilərdən fərqli olaraq SSRİ ərazisi üçün vahid normativ sənəd oldu. Respublika Dövlət Avtomobil Müfəttişliyinin, eləcə də onun yerlərdəki şəhər, rayon bölmələrinin binaları köhnə yararsız vəziyyətlərdə idi.

Respublika Dövlət Avtomobil Müfəttişliyini indiki fəvvarələr meydanının yaxınlığında, müxtəlif ticarət obyektlərinin, yaşayış binalarının əhatəsində ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşirdi və otaqların sayı 10-dan artıq olmazdı.

Belə bir şəraitdə Respublika Dövlət Avtomobil Müfəttişliyinin azyaşlı kollektivi üzərinə düşən vəzifələrin icrasından bacarıqla gəlirdilər.

Yeri gəlmişkən qeyd edilməlidir ki, vaxtı ilə D.Kondakov, Nüsrət Bağırov, Xəyyam Mahmudov, Fətulla Hüseynov, Rizvan Nəcəfov Respublika Dövlət Avtomobil Müfəttişliyinə, Maksim Lyaşenko, Cəfər Bağırbəyov, İsmayıl Cabbarov, Arif Seyidbəyov, Mirrəsul Rəsulov, Ramiz Abbasov Bakı şəhər Dövlət Avtomobil Müfəttişliyinə rəhbərlik etmişlər.

1970-ci ildən başlayaraq "Jiquli", "QAZ-24" və digər yeni markalı avtomobillərin kütləvi şəkildə buraxılışı, hərəkətin təşkilinin yaxşılaşdırılmasına təkan verdi. Yollarda təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi zərurəti yarandı. Dövlət Avtomobil Müfəttişliyinin vertolyot vzvodu yarandı, Xaqani, Nizami, Ü.Hacıbəyov və onlarca başqa küçə və yollarda nəqliyyat vasitələrinin bir tərəfli hərəkəti təşkil olundu.

1970-ci il aprelin 25-dən Kirov prospekti və L.Şmidt küçəsində çoxcərgəli, birtərəfli hərəkət müəyyən edildi. Daha sonralar belə bir tədbir Kommunist, Q.Qarayev, C.Cabbarlı, 28 May küçələrində və onlarca digər yerlərdə aparılırdı.

ƿsas yolların, demək olar ki, hamısında cizgi xətləri çəkildi, yollarda işıqlandırıcı yol nişanlarının asılmasına başlandı.

Omsk şəhəri, xüsusi konstruktor bürosunun layihəsi əsasında quraşdırılmış "Magistral" adlı avtomat svetoforlar Bakı şəhərinin Kirov prospektində 28 Aprel, Xəqani, Ü.Hacıbəyov və L.Şmit küçələrində nəqliyyat vasitələrinə "Yaşıl dalğa" açdı, yol ayrıclarında lüzumsuz dayanmaların qarşısı alındı. Beləliklə, ilk dəfə bu yollarda hərəkətin vahid nizamlayıcı avtomatik sistemi yaradıldı.

Piyadaların tam təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə bir-birinin ardınca Moskva, Nərimanov, Kirov, İnşaatçılar, Neftçilər və digər küçə və yollarda yeraltı keçidlər dairəvi yolda, Y.Qaqarin, Bakıxanov küçələrində yeraltı keçid tikildi. Nəqliyyatda könüllü xalq drujinaları yaradıldı, Drujinaçılar xüsusi geyimlə və döş nişanları ilə təmin olundular və tədricən onların fəaliyyəti gücləndirildi.

1970-ci illərə qədər Bakı şəhərində küçə hərəkətini nizamlayan divizion fəaliyyət göstərirdi. Divizion "Azərbaycan qadını" heykəlinin yanında birmərtəbəli yararsız binada yerləşirdi.

Divizion əməkdaşları əsasən sıravi heyətdən ibarət olub, gediş-gəlişin intensiv olduğu yol ayrıclarının bilavasitə mərkəzində hərəkət əl ilə ağ-qara zolaqlı jezl ilə nizamlayırdılar.

ƿməkdaşlar arasında çevik, cəld hərəkətləri ilə fərqlənən, yorulmaz nizamlayıcılar yoldan keçənlərin diqqətini cəlb edir, onların məharətinə vurulurdular.

"Yol ayrıcının dirijoru" adlandırılan Mazanov "Mosfilm" kino studiyasının və C.Cabbarlı adına kinostudiyanın kino filmlərinə də çəkilmişdir. Adi milis işçisinin hərəkəti cəldliyi ilə nizamlama bacarığı barədə "Veçernaya Moskva" və Respublika mətbuatında materiallar dərc olunmuşdu.

1975-ci ildə yay günlərinin birində DİN-nin binasının yaxınlığında H.Hacıyev və Nizami küçələrinin kəsişdiyi yol ayrıcında "ƿlaçı nizamlayıcı" devizi altında konkurs keçirilmiş, qaliblər əmrlə mükafatlandırılmışlar.

Nizamlayıcıların gündən, yağan yağış və qardan qorunması üçün ilk dəfə Bakı şəhərində yenilik, bir sıra yol ayrıclarının mərkəzində çətirdən (zontiklərin) quraşdırılması tətbiq olundu. Daha sonralar milis nəfərləri tərəfindən hərəkətin çubuqla nizamlanması, tədricən əllə işlək vəziyyətlərinə gətirilən 3 gözlü svetoforlarla əvəz olunmağa başlandı.

İlk dəfə Bakı şəhərində daha bir yenilik tətbiq olundu, H.Hacıyev, S.Vurğun və digər küçələrin yol ayrıclarında görünüş məsafəsinin artırılması məqsədi ilə belə budkaların əvəzinə yenisi, dəmir betondan hazırlanmış iri həcmli hündür budkalar qoyuldu. Avtomatik idarə edilən svetoforlardan istifadə edilməsinə başlandı.

İllər ötdükdə hərəkətin əl ilə nizamlanmasına ehtiyac olmadı və bu baxımdan, adı çəkilən divizion ləğv edildi.

Divizionun bazasında Bakı şəhərində ƿlahiddə yol-patrul divizionu, daha sonralar Yol Polisi Alayı və belə struktur dəyişiklərinə uyğun müvafiq olaraq Respublika Dövlət Avtomobil Müfəttişliyinin tabeçiliyində olan divizion və nəhayət, hal-hazırda fəaliyyət göstərən Yol Polisii Alayı yaradıldı.

Bakı şəhəri Dövlət Avtomobil Müfəttişliyi vaxtı ilə Qoqol küçəsi 41-də, Bakı şəhəri BPİ-nin binasının yanında bir mərtəbəli binada fəaliyyət göstərirdi.

1970-ci ildə Bakı şəhərində nizamlayıcı texniki vasitələrin hazırlanması, quraşdırılması, xidmət olunması barədə xüsusiləşdirilmiş vahid bir təşkilat, "Siqnal" İstehsal Layihə İdarəsi yarandı.

Xüsusilə 1970-ci ildən başlayaraq yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əhali arasında təbliğat xətti üzrə işlərin gücləndirilməsinə diqqət artırıldı.

DİN-nin və Azərbaycan radio və televiziya verilişləri Komitəsinin birgə razılığı ilə, 1973-cü ildən başlayaraq və bir qayda olaraq, hər həftənin birinci günləri Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları tərəfindən televiziya vasitəsi ilə "Dövlət Avtomobil Müfəttişliyinin məlumatı" verilişi apırılır. Verilişlərə, daha çox tamaşaçıların diqqətini cəlb etmək məqsədi ilə Moskvanın "Vremya" xəbərlər proqramından əvvəl saat 21.50-də efirə verilirdi.

Müfəttişliyin məlumatlarında həftə ərzində, respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri, qəzaların qarşısının alınmasına yönəldilmiş qabaqlayıcı tədbirlər, bir sözlə, hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində geniş təbliğat işləri aparılırdı. Bu verilişlərdə yol hərəkətinin təhlükəsizliyinə dair müxtəlif məlumatlar, yol nişanları, svetoforlar, cizgi xətləri, onların mənaları oxuculara izah edilir, maraqlı viktorinalar təşkil olunur.

Daha sonralar belə mövzuda məlumatlar hər həftə "Bakı" axşam qəzetində "Sürücü, piyada, hadisələr" başlığı altında dərc olunmağa başlandı.

1971-ci ildə "Azərbaycan pioneri" qəzetində "üç möcüzəli işıq" sərlövhəsi altında məgalələr dərc olunmağa başlandı.

Respublikamız müstəqillik əldə etdikdən sonra Dövlət Avtomobil Müfəttişliyində onun adından başlamış ciddi dəyişikliklər edildi, ilk növbədə əməkdaşların iş şəraiti yaxşılaşdırıldı. DYPİ-nin normativ sənədləri yenidən işlənildi, günün tələblərinə uyğun, demək olar ki, bütün xidmət sahələri üzrə təlimatlar hazırlanıb, DİN-nin əmri ilə təsdiqləndi. Yol hərəkətinin təşkilində və onun təhlükəsizliyinin təmin edilməsində müasir texniki vasitələrdən istifadə olunmağa başlandi.

1994-cü ildən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş indiki polis general-mayoru R.M.Zeynalovun rəhbərliyi ilə şəxsi heyətin belə bir çətin, ağır, eyni zamanda şərəfli xidmət sahəsində bir sıra uğurlar əldə edilmişdir.

Hazırkı dövrdə Respublikamızda yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması dövləti vəzifə kimi qarşıda durur. Müstəqil ölkəmizdə yol hərəkəti sahəsində hüquqi normativ bazanın yaradılması və onun beynəlxalq standartlara uyğunlaşdırılması prosesi yüksələn xətlə gedir. Bu baxımdan 1998-ci ilin iyulundan qüvvəyə minmiş Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanunu çox mühüm sənəddir. Bu sənəddə yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri geniş əksini tapmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq hüquq normalarının tələblərinə cavab verən müddəalar geniş yer almışdır. Eləcə də qanunun müvafiq tələblərinin, yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 13-cü və 14-cü fəsillərində əksini tapmış məsuliyyət, küçə və yollarda təhlükəsiz hərəkətin təmin edilməsi üçün profilaktiki tədbirlərin keçirilməsinin hüquqi əsasını təmin edir.

Ölkəmizdə daim yol hərəkəti sahəsində hüquqi normaların təkmilləşdirilməsi sahəsində iş gedir və bu işdə beynəlxalq təcrübə yaxından öyrənilir. Respublikamız 1997-ci ildə "Yol hərəkəti haqqında" 1969-cu il Vyana konvensiyasına, "Təhlükəli yuklərin beynəlxalq daşımalarının Avropa sazişinə" 2000-ci ildə, "Sürücülük hüququndan məhrum olunmalarının qarşılıqlı tanınması barədə" 1976-cı il Avropa konvensiyasına qoşulmuşdur.

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması bir çox faktorlardan asılıdır. Küçə və yollarda nəqliyyat vasitələrinin və piyadaların fasiləsiz və rahat hərəkətinin təşkilində avtomatlaşdırılmış müasir texniki nizamlama və nəzarət cihazlarının tətbiqi çox mühüm əhəmiyyət kəsb edir. Hazırkı dövrdə respublikamızda 520 minə yaxın nəqliyyat vasitəsi istismar olunur. İldən-ilə nəqliyyat vasitələrinin artdığı bir dövrdə yolların əsaslı təmir olunması, genişləndirilməsi, yol hərəkətinin nümunəvi təşkili və hərəkət iştirakçıları tərəfindən qaydalara əməl edilməsi hərəkətin təhlükəsizliyinin təmin edilməsinin mühüm amilidir.