Məlumatlar 22 mart 2017-ci il

Respublika ərazisində taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciəti

Nəqliyyat vasitələrinin təkrar qeydiyyatı

Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti 

4. Nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması
4.1. Aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır:
1) fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə;
2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə;
3) sahibinin soyadı, adı, atasının adı dəyişildikdə;
4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə.
4.2. Fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişdiyi hallarda nəqliyyat vasitələrinin təkrar qeydiyyatı sahibinin ərizəsi əsasında bu Əsasnamənin 2.8-ci bəndində göstərilən qaydada aparılır.
4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8 bəndinə müvafiq qaydada aparılır.
Nəqliyyat vasitəsinin mülkiyyətçisi öldükdə, əgər onun adından verilmiş bağışlama müqaviləsi notarius tərəfindən təsdiq edilmişdirsə, nəqliyyat vasitəsinin yeni mülkiyyətçisinin adına qeydiyyata alınması bağışlama müqaviləsi, əvvəlki mülkiyyətçinin ölümü haqqında şəhadətnamə, yaxud şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməklə həll olunur.
4.4. Mülkiyyətçinin soyadı, adı, atasının adı dəyişdikdə nəqliyyat vasitəsinin təkrar qeydə alınması nigah şəhadətnaməsi (onun surəti), yaxud VVAQ orqanları tərəfindən verilmiş digər sənədlər əsasında və bu Əsasnamənin 2.8-cu bəndində göstərilən qaydada yerinə yetirilir.
4.5. Avadanlıqla təchiz edilmiş və yenidən yığılmış, yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması aşağıdakı əsaslarla aparılır:
avadanlıqla təchiz edilməsi və yenidən yığılması haqqında nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq orqanın verdiyi icazə; avtotəmir zavodunda (müəssisədə) avadanlıqla təchiz edilməsi və yenidən yığılması barədə müvafiq qeyd aparılmış texniki pasport, qeydiyyat şəhadətnaməsi (yenidən quraşdırmanın tarixi, qoyulmuş banın, şassinin, mühərrikin nömrələri göstərilir); nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması və qəbulu haqqında təhvil-təslim aktı; avadanlıqla təchiz edilməsi və yenidən yığılmasının yerinə yetirilməsini təsdiq edən sənəd və görülmüş işin ödənilmə qaiməsi; həmçinin 2.8 bəndində göstərilmiş digər müvafiq sənədlər.
Qeyd: Əsasnamənin 2.9-cu bəndində göstərilənlərdən başqa aqreqatların alınmasının qanuniliyini təsdiq edən sənədlər aşağıdakılardır: pərakəndə və komisyon ticarəti mağazalarının, yaxud texniki xidmət stansiyalarının qovşaqların və hissələrin satılmasına dair verdikləri əmtəə qəbzləri (yarlıqları); xəzinəyə mədaxil orderinə əlavə verilmiş qəbz və ehtiyat hissələrinin satılmasına (buraxılmasına) dair müəssisələrin verdiyi qaimə.
4.6. Avadanlıqla təchiz edilib yenidən yığılması və aqreqatların dəyişdirilməsinin xüsusiyyətləri:

  1. Nəqliyyat vasitələrinin markasının dəyişdirilməsi ilə nəticələnən avadanlıqla təchiz edilməsi və yenidən yığılmasına icazə verilmir.
  2. Bir markadan olan nəqliyyat vasitələrinin başqa modelə avadanlıqla təchiz edilib yenidən yığılmasını texniki xidmət stansiyalarında, avtotəmir zavodlarında, avtonəqliyyat müəssisələrində və nəqliyyat vasitələrinin təmiri ilə məşğul olan digər müəssisələrdə həyata keçirilə bilər.
    Minik avtomobillərinin qabaq ötürücüyə və əksinə dəyişdirilməsinə, eləcə də digər markalı minik avtomobillərinin banının həmin növə analoji konstruksiyalı banla əvəz edilməsinə, istehsalçı zavodun texniki şərtləri daxilində yalnız avtomobillərə texniki xidmət stansiyalarında icazə verilir.
  3. Eyni modeldən olan nəqliyyat vasitələrinin banını və aqreqatlarını dəyişməyə həm bu bəndin 2-ci hissəsində göstərilmiş müəssisələrə, həm də nəqliyyat vasitəsinin mülkiyyətçisinin özünə icazə verilir.
  4. Eyni markadan olan nəqliyyat vasitələrinin mühərrikini və çərçivəsini texniki şərtlər daxilində sərbəst qoymağa icazə verilir. Başqa hallarda dəyişdirilmə istehsalçı zavodun məsləhəti və ya Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Elmi Təşkilatın rəyi əsasında həyata keçirilə bilər.
    Müxtəlif markadan olan avtomobillərin mühərrikləri qarşılıqlı əvəz edilmir. İstisna olaraq, həmin markalı mühərrikləri digər markalı avtomobillərə qoymaq olar. Bu halda onların mühərrikləri aşağıdakı tələblərə uyğun gəlməlidir: onların gücü və dirsəkli valın fırlanma tezliyi, çəkisi və gövdə ölçüləri firma mühərriklərinin həmin parametrlərinə yaxın olmalı və onların avtomobildə möhkəm bərkidilməsini, transmissiyanın və kommunikasiyaların möhkəm birləşməsini təmin etməlidir, həmçinin sükan icarəedicisinin və tormoz sisteminin işi pozulmamalıdır.
  5. Avadanlıqla təchiz edilmə və yenidən yığılma, yaxud təmir vaxtı nəqliyyat vasitələrinin azad olmuş aqreqatları (banı, mühərriki, çərçivəsi, mühərrikin bloku) mülkiyyətçilərinin sərəncamında qalır və onlardan istədikləri kimi istifadə edə bilərlər. Nəqliyyat vasitəsinin sahibi həmin aqreqatları, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanların müvafiq arayışı əsasında komisyon, ticarət mağazası vasitəsi ilə başqa şəxsə və ya texniki xidmət stansiyasına sata, notarial qaydada bağışlaya bilər.
  6. Əlil vətəndaşlara məxsus nəqliyyat vasitələrinin, əgər onların sahiblərinin belə nəqliyyat vasitələrini idarə etməsini qadağan edən tibbi göstəriciləri yoxdursa və qoyulmuş idarəetmə mexanizminin etibarlılığı yoxlanıbsa, adi idarəetmədən əl ilə idarəetməyə keçməyə icazə verilir. Əl ilə idarəetmə dəstinin quraşdırılması avtomobillərə texniki xidmət stansiyalarında yerinə yetirilməlidir.

4.7. Dəyişikliklər edilməsi və rəsmiləşdirmə qaydası:

  1. Nəqliyyat vasitəsi avadanlıqla təchiz edilib yenidən yığıldıqda yeni model, şassi, çərçivə, ban və mühərrikin nömrəsi göstərilməklə onun mülkiyyətçisinə yeni qeydiyyat şəhadətnaməsi verilir.
    "Qeydiyyat üçün əsas" bölməsində əvvəlki modeldən (köhnənin adı yazılır) avadanlıqla təchiz edilib yenidən yığılması, həmçinin əvvəlki qeydiyyat sənədinin nömrəsi və seriyası göstərilir. Qeydiyyat şəhadətnaməsinin "Buraxılış ili" bölməsində nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması ili yazılır.
  2. Nəqliyyat vasitəsi modeli, yaxud modifikasiyası dəyişmədən banı, mühərriki və çərçivəsi dəyişdirilərkən, həmçinin yük nəqliyyat vasitəsinin banının növü dəyişdirilərkən həmin hissələrin alınmasının qanuniliyini təsdiq edən sənədlər əsasında onların qeydiyyat əlamətləri yeni qeydiyyat şəhadətnaməsi verilməklə uçot göstəricilərində əks etdirilir, dəyişmənin tarixi, zavod markalanması və yaxud sənədlərlə təsdiq olunarsa, aqreqatın buraxılış ili göstərilir.
  3. Maye qazla işləmək üçün dəyişiklik edilmiş nəqliyyat vasitələri mülkiyyətçinin, nəqliyyat vasitəsinin texniki şərtlərə uyğun olması barədə təqdim etdiyi akt və bu Əsasnamədə nəzərdə tutulmuş digər sənədlər əsasında təkrar qeydiyyata alınır.
  4. Mühərrik yanacağı kimi sıxılmış təbii qazdan istifadə etmək üçün avtotəmir zavodlarında, istehsal kombinatlarında, avtomobillərə texniki xidmət stansiyalarında, nəqliyyat vasitələrinin mənsub olduğu nazirliklərin, baş idarələrin təsdiq etdikləri siyahıda göstərilən həmin işləri görmək üçün müvafiq texnoloji avadanlığı və istehsal bazası olan iri avtotəsərrüfatlarda qazbalonlu sistemə avadanlıqlaşdırılmış və "Avtonəqliyyat" Dövlət Konsernin sınaq stansiyalarında (məntəqələrində) yanacaq təchizetmə sistemi sıxılmış hava ilə sınaqdan çıxarılmış yük avtomobilləri təkrar qeydiyyata alına bilər.
  5. Avadanlıqla təchiz edilib yenidən yığılmış və yanacaq sistemi sınaqdan çıxmış avtomobilin benzin modelindən sıxılmış təbii qazla işləyən qazbalon modelinə dəyişdirilmiş avtomobillərin yanacaq sistemləri dəyişdirildikdən və sınaqdan çıxarıldıqdan sonra buraxılması barədə texniki şərtlərinə uyğun gəlməsini təsdiq edən sənəd təhvil-təslim aktıdır və həmin akt sıxılmış qazla işləmək üçün avadanlıqla təchiz edilib yenidən yığılmış avtomobillərin təkrar qeydiyyata alınması üçün əsasdır. Yenidən quraşdırılmış avtomobillərə yeni indekslər verilir.
  6. Mülkiyyətçisi dəyişən və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanların xidmət ərazisindən çıxarılıb kənara aparılan nəqliyyat vasitələri təkrar qeydiyyata yeni uçot sahəsində alınır.
  7. Əgər bağışlama müqaviləsində, yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış, yaxud vərəsəliyə görə alınmış nəqliyyat vasitəsi mülkiyyətçilərin hamısının yazılı razılığı ilə onlardan birinin adına qeydə alınır.
  8. Ər və arvad arasında nəqliyyat vasitələrinin birinin adından çıxarılıb digərinin adına keçirilməsinə, onların birgə ərizələri və ümumi mülk qisminə mülkiyyət hüququ verən notariat kontorunun şəhadətnaməsi əsasında icazə verilir.