Məlumatlar 07 iyul 2018-ci il

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki baxışı davam edir.

İmtahana buraxılış

Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında TƏLİMAT

2. DYP-də imtahanlara və nəqlİyyat vasitələrinin idarə edilməsinə buraxılma qaydaları

2.1. İmtahanların qəbulu və "Al", "A", "B", "C", "D", "BE", "CE" və "DE"  kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi Dövlət Yol Polisinin qeydiyyat-imtahan məntəqəsi tərəfindən aparılır.
Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi Kənd Təsərrüfatı Nazirliyinin Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi ilə razılaşdırılmış təlimatı əsasında həyata keçirilir.
2.2. “C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, “tramvay” və “trolleybusun” idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsiilə razılaşdırılmış vahid tədris planları və proqramları əsasında tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.
2.3. Avtonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alır.
2.4. Tədris təşkilatlarında məşğələlərin başlanmasından keçən 15 gün ərzində, hər bir tədris qrupu qeydiyyata alınmalıdır. Qeydiyyat—imtahan məntəqəsinə daxil olan hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DYPİ-nə göndərilməlidir.
2.5. Bu kurslara qəbul üçün namizədlər müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər.
2.6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud son iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər, avtobusları, tramvayları və trolleybusları idarə etməyə və həmin kateqoriyalar üzrə imtahanlara buraxılmırlar.
2.7. Sürücülük vəsiqələrinin alınması üçün imtahan, yalnız QİM tərəfindən, onların xidmət apardıqları ərazilərdə qəbul olunur.
Qeyd: Ekstremal hallarda (təbii fəlakət, yanğın, ərazinin işğalı) müvəqqəti məskunlaşdığı ərazilər üzrə Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, DİN-nin və Dövlət Sərhəd Xidmətinin müddətli xidmət aparan hərbçiləri isə sürücülük vəsiqələri almaq üçün hərbi hissələrin yerləşdikləri ərazi üzrə yerləşən QİM-də imtahana buraxılırlar.
2.8. "Al", "A", "B", "C", "D", "BE", "CE" və "DE" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələri, QİM-də nəzəri və təcrübi, tramvay və trolleybusların idarə edilməsi üçün isə nəzəri imtahanları (təcrübi imtahanlar tramvay və trolleybus parklarında götürülür) müvəffəqiyyətlə verən şəxslərə verilir.
2.9. Tədris plan və proqramlarında avtomobil ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta xüsusi tədris müəssisələrini bitirmiş şəxslərə, "Al ," “A”, “B”, “C” kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün, istənilən kateqoriya üzrə nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra sürücülük vəsiqələri verilir.
Avtomobil ixtisası üzrə fənnin tədrisi haqqında təsdiqedici sənəd kimi:
orta xüsusi təhsili olanlar üçün diplom və imtahan cədvəlindən çıxarış;
ali təhsili olanlar üçün diplom və ona əlavə qəbul edilir.
2.10. İmtahanlara müstəqil hazırlaşmış şəxslər yalnız "Al ,"  “A” və ya “B” kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədi ilə imtahanlara buraxılırlar. Yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin 3.9-1-ci bəndində nəzərdə tutulmuş qaydada müraciət etdikdən sonra 3 (üç) gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.
2.11. BE" kateqoriyası "B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər, "CE" və ya "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə müvafiq olaraq "C" və ya "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər müvafiq hazırlıq kurslarını bitirdikdən sonra və QİM-də nəzəri və təcrübi imtahanlar verdikdən sonra buraxılırlar.
“D” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə, “B” və ya “BE”, “C” və ya “CE” kateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan və bu avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan (2.6 bəndinin tələblərində nəzərdə tutulan şərtlər daxilində) və müəyyən olunmuş proqram əsasında yenidən hazırlıq kurslarını keçərək, nəzəri və təcrübi imtahanlar vermiş sürücülər buraxılırlar.
“B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə hüququ olan sürücülər, tədris müəssisəsində müəyyən edilmiş proqramla hazırlıq keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra “CD” və ya “BE” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olurlar.
“C” ya da “D” kateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan sürücülər "B" və ya "A" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmə hüququ almaq üçün əlavə olaraq kurs keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar.
“D” və “DE” kateqoriyaları üzrə təcrübi imtahan, tədris müəssisələri tərəfindən ayrılmış avtobuslar və qoşqulu nəqliyyat vasitələrində qəbul edilir.
2.12. Nəzəri və təcrübi imtahan qəbul edilən şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurursa, imtahanları qəbul edən DYP vəzifəli şəxsi tərəfindən o təkrar tibbi müayinəyə göndərilir.
2.13. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün