Məlumatlar 22 mart 2017-ci il

Respublika ərazisində taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciəti

Qış mövsümü ilə əlaqədar ayrı-ayrı regionlara avtobuslarla səyahət təşkil edən hüquqi və fiziki şəxslərin nəzərinə

09 dekabr 2016-cı il

Qış mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilərin, təhsil müəssisələrindəki azyaşlı uşaqların, eləcə də digər müəssisə və təşkilatlarda çalışan əməkdaşların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil olunur. Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallar isə qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus olan avtobus və mikroavtobuslardan istifadə olunur. Lakin, təəssüflər olsun ki, qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı bəzən nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət edilməsinə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, qış mövsümü ilə əlaqədar məktəb şagirdlərinin avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlərini yalnız sərnişindaşıma sahəsindəki mövcud qanunvericiliyə uyğun olaraq, aşağıda qeyd olunan tələblərə ciddi riayət olunmaqla təşkil etməlidirlər;

-    Uşaq qruplarının avtobuslarla daşınması yalnız “D” kateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilməlidir;
-    Uşaq qruplarının 400 km-dən artıq məsafəyə daşınması üçün uşaqları aparan hər avtobusa iki sürücü təhkim olunmalıdır;
-    Növbəarası istirahəti 12 saatdan az olan və ya reysqabağı tibbi müayinədən keçməyən sürücülər tərəfindən yaxud texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılmayan avtonəqliyyat vasitələri ilə uşaqların daşınması üçün reysə çıxmasına yol verilməməlidir;
-    Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə, daşınmanın sifarişçisi tərəfindən bir böyük müşayiətçi, aparılan uşaqların sayı iyirmidən çox olduqda isə iki böyük müşayiətçi təyin edilməlidir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçilərdən biri baş müşayiətçi təyin edilməli, həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı daşıma qaydalarından irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir;
-    Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar “Uşaqların daşınması” tanınma nişanı ilə təchiz edilməlidir.
-    Uşaq qruplarının saat 23.00-dan 05.00-dək olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmir yolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə, yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir.

Belə daşımaların təhlükəsizliyinin təmin olunması məqsədilə xahiş olunur ki, səyahət təşkil edən müəssisə və təşkilat rəhbərləri uşaqları daşıyacaq nəqliyyat vasitələrinin gedəcəkləri istiqamətdə müşayiət olunmaları üçün səfərdən 5 gün əvvəl ərazi üzrə DYP bölümlərinə müraciət etsinlər.


xəbərlərin arxivi