Məlumatlar 19 03 2024Y il

Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə

Piyadanın məsuliyyəti

Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması

338.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

338.1.1. piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

338.1.2. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;

338.1.3. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə - iyirmi manat məbləğində cərimə edilir.

338.2. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə - iyirmi manat məbləğində cərimə edilir. 338.3. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə - otuz manat məbləğində cərimə edilir.

338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;

338.4.5. nasaz velosipeddən istifadə etməyə;

338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına;

338.4.7. keçid üstünlüyü hüququna malik olan olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə - qırx manat məbləğində cərimə edilir.

338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;

338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə;

338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;

338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;

338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə - qırx manat məbləğində cərimə edilir.

338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə - yetmiş manat məbləğində cərimə edilir.

338.7. Bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

generated 0.045171022415161 seconds