Məlumatlar 19 03 2024Y il

Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə

Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti
Qərar № 40
Bakı şəhəri, 15 mart 1999-cu il

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Razsi-zadə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə

1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan nəqliyyat vasitələrinə və onların qoşqularına aşağıda qeyd edilən orqanlar tərəfindən dövlət texniki baxışının keçirilməsi qaydalarını müəyyən edir:
1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına və yarımqoşqularına - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2) tramvaylara və trolleybuslara - yerli icra hakimiyyəti orqanları;
3) hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələrinə (traktorlara), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat vasitələrinə - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
4) hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinə - Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi;
5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinə - Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi;
6) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi.
7) Digər silahlı birləşmələrin mexaniki nəqliyyat vasitələrinə - aidiyyəti üzrə həmin dövlət orqanları.
1.2. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından "Yol hərəkəti haqqında" Qanuna 1 nömrəli əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmır.
1.3. Dövlət texniki baxışının əsas məqsədi aşağıdakılardır:
nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək;
nəqliyyat vasitələrinin mənsubiyyətini və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək;
nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısını almaq;
dövlət texniki baxışı keçirilərkən sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqələrinə və nəqliyyat vasitəsinə sərəncam hüququ verən müvafiq sənədə malik olmalarına, sürücülük vəsiqəsinin etibarlılıq müddətinə, nəqliyyat vasitələrinin sahiblərindən alınan vergilərin və dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar toplanan haqların ödənilməsi barədə qəbzlərin, yaxud ödəniş sənədlərinin olmasına nəzarəti təmin etmək.
1.4. Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqulara (yarımqoşqulara) dövlət texniki baxışı bu Əsasnamənin 1.1 bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən ildə 1 dəfə yanvar ayının 1-dən oktyabr ayının 31-dək olan müddətdə həyata keçirilir.
1.5. İstehsal olunduğu ildə qeydiyyata alınan nəqliyyat vasitəsi həmin ildə texniki baxışa cəlb olunmur. Dövlət qeydiyyatına alınan zaman həmin nəqliyyat vasitələrinə dövlət texniki baxış talonu verilir.

2. Dövlət texniki baxışının təşkili üzrə tədbirlər
2.1. Texniki baxışı keçirən orqan hüquqi şəxslərin təklifini nəzərə almaqla, hər il yanvar ayının 1-dək ərazi üzrə mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi barədə ümumi cədvəl tərtib edir.
Həmin cədvəldə hüquqi şəxsin adı, nəqliyyat vasitələrinin sayı, dövlət texniki baxışının keçirilmə yeri, təqdim olunan günü qeyd edilir və onun surəti tabeçilik aidiyyəti üzrə yuxarı təşkilata göndərilir.
2.2. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim edilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilir.
2.3. Nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçiriləcəyi yer (texniki nəzarət məntəqəsi, müayinə mərkəzi, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanması üçün lazımi şəraiti olan qarajlar, müəssisələr və s. ərazilər) texniki baxışı keçirən orqan tərəfindən müəyyən edilir.
2.4. Dövlət texniki baxışı müəssisələrdə keçirilərkən müəssisə rəhbərliyinin razılığı ilə nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanmasına həmin müəssisənin vəzifəli şəxsləri və mühəndis-texniki işçiləri də cəlb edilməlidir.

3. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim olunma qaydaları
3.1. Nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs), onlara məxsus nəqliyyat vasitələrini texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludur.
3.2. Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:
1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
3) nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);
4) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş rüsumun və ya verginin və yaxud ödənclərin ödənilməsi barədə qəbzlər.
Yuxarıda qeyd edilən sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.
3.3. Nəqliyyat vasitələrini dövlət texniki baxışının keçirildiyi yerə gətirmək mümkün olmadıqda (nasazlığına, ehtiyat hissələrinin olmadığına və s. görə) bu Qaydaların 3.1 bəndində müəyyən edilmiş müddət ərzində onun sahibi aidiyyəti üzrə texniki baxışı keçirən orqana yazılı ərizə ilə müraciət edir.
Nəqliyyat vasitəsinə həmin orqan tərəfindən nəqliyyatın dayanacaq yerində baxış keçirilir və nasazlıq aradan qaldırılana qədər nəqliyyatın istismarı 1.1 bəndində qeyd olunan orqanların təlimatlarına müvafiq qaydada qadağan edilir.

4. Dövlət texniki baxışının keçirilmə qaydaları
4.1. Hər bir nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi nəqliyyat vasitəsinin tipinin, modelinin, dövlət qeydiyyat nişanının, eləcə də şassi (rama), ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğunun yoxlanılması və axtarışda olan nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin siyahısının tutuşdurulması ilə başlanır.
4.2. Dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini istifadə və idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrini qeydiyyat sənədlərindəki yazılarla uyğunsuzluq, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta nömrələrin vurulması halları aşkar edildikdə, sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir.
4.3. Xüsusi təyinatlı və əməliyyat xidmətinin nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən xüsusi işıq və səs siqnallarının mövcudluğu, sazlığı və onların quraşdırılmasının qanuniliyi, həmçinin nəqliyyat vasitələrinin rəng qrafikasının dövlət standartının tələblərinə uyğun olması yoxlanılır.
4.4. Qoşquların (yarımqoşquların) texniki vəziyyəti əsas nəqliyyat vasitəsinə (dartqıya) qoşulmuş vəziyyətdə yoxlanır.
4.5. Konservasiyaya qoyulmuş nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən onların komplektliyi yoxlanılır. Nəqliyyat vasitəsinin sazlığına şübhə olduqda, təkərləri yük altında saxlamamaq üçün qoyulmuş dayaqlar çıxarılmadan, mühərrik və ötürücü aqreqatların texniki vəziyyəti yoxlanılır.
4.6. Bu Əsasnamənin 1.2 bəndinin tələblərindən birinə cavab verməyən nəqliyyat vasitələri nasaz hesab olunur və onların istismarı qüvvədə olan qanunvericiliyə əsasən qadağan edilir.
Texniki baxış zamanı nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə) təqdim olunduqda nəqliyyat vasitəsinə texniki baxış keçirilir.
4.7. Dövlət texniki baxışından keçmiş saz nəqliyyat vasitələrinə texniki baxışı keçirən orqan tərəfindən texniki baxış talonu verilir və həmin orqan tərəfindən texniki baxışın nəticəsinin müvafiq qaydada hesabatı aparılır. Talonun forması, tətbiq olunma qaydaları və hesabatı 1.1 bəndində nəzərdə tutulan orqanların təlimatı ilə müəyyən edilir.
4.8. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparırlar.

5. Dövlət texniki baxışına hazırlıq və onun keçirilməsinə nəzarət
5.1. Nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsinə nəzarət bu Əsasnamənin 1.1 bəndində nəzərdə tutulan orqanlar tərəfindən aşağıdakı formalarda həyata keçirilir:
nəqliyyat vasitələrinin dövlət texniki baxışın keçirilməsi müddətinə və qaydalarına riayət olunmasının yoxlanması;
dövlət texniki baxışından keçmiş nəqliyyat vasitələrinin texniki vəziyyətinin və qeydiyyat məlumatlarının müəyyən edilmiş tələblərə uyğunluğunun seçmə yolu ilə (müəssisənin ərazisində, nəqliyyat vasitələri xəttə çıxarkən, qayıdarkən, həmçinin istismar prosesində) yoxlanması;
nəqliyyat vasitələrinə dövlət texniki baxışın nəticələri haqqında təsdiq edilmiş məlumatların müvafiq orqanların kartotekalarında uçotu aparılan nəqliyyat vasitələrinin sayı və qeydiyyat məlumatları ilə tutuşdurulması.

6. Dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi
6.1. Nəqliyyat vasitələrinə keçirilən dövlət texniki baxışın nəticələrinə görə hüquqi şəxslər tərəfindən dövlət texniki baxışı keçirən orqanın təsdiq etdiyi müvafiq akt blankları doldurulur və tələb olunan digər sənədlərlə birlikdə (nəqliyyat vasitələrinin sayı, dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar toplanan vergilər, xidmət haqları və s.) həmin orqana təqdim edilir.
6.2. Texniki baxışın yekun hesabatı 1.1 bəndində göstərilən orqanlar tərəfindən respublika üzrə ümumiləşdirildikdən sonra 1 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabineti və Dövlət Statistika Komitəsinə təqdim edilir.
6.3. Texniki baxışın nəticəsinə görə nəqliyyat vasitələrinin texniki vəziyyəti rayonlar, şəhərlər üzrə təhlil olunaraq təsərrüfatlarda nəqliyyat vasitələrinin hazırlıq səviyyəsi, onların yararsız vəziyyətinin və baxışdan keçirilməməsinin səbəbləri araşdırılır, təhlil əsasında aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür.

7. Məsuliyyət
7.1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 1 nömrəli Əlavəsi ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
7.2. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə texniki baxışı keçirən orqanların vəzifəli şəxsləri, həmçinin nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

generated 0.038645029067993 seconds