Baş Dövlət Yol Polisinin məlumatı

26 oktyabr 2018-ci il

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, artıq bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılırır. 

İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir.

Məcəlləyə edilmiş daha bir dəyişikliyə əsasən, xüsusi texniki vasitələr tərəfindən aşkar olunmuş qayda pozuntuları barədə sürücülər artıq SMS vasitəsilə də məlumatlandırılır.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərməlidir.

Eyni zamanda, həmin Məcəllənin 125.2.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İXM-in hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxil olma qaydası barədə ödənişsiz SMS məlumatı da dərhal göndərməlidir.

İXM-in 125.2.3-cü maddəsinə edilmiş dəyişikliyə görə isə inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

Barəsində müvafiq qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs yuxarıda sadalanan qaydalar üzrə məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər.
Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 125.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin nəzərdə tutulmuş qayda da məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir.

Yeni qaydalara görə, ASAN ödəniş sistemi İXM-in 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumatı DYP-nin mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumat həmçinin, nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə də yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir.

Sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırırıq ki, cərimələr barədə SMS almaq üçün onlar ilk növbədə üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin VI-I hissəsinin tələbinə əsasən, bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları 3 gün müddətində yeniləməlidirlər.

Xatırladaq ki, yuxarıda qeyd olunan məlumatları telefon, poçt və internet vasitəsilə elektron qaydada vermək və yeniləmək istəyən hüquqi və fiziki şəxslər BDYPİ tərəfindən yaradılmış imkanlardan yararlana bilərlər.

xəbərlərin arxivi