Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublika ərazisində «Təmiz hava» aylığı keçiriləcəkdir

30 iyul 2019-cu il

Son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Qeyd edirik ki, belə nəqliyyat vasitələrinin istismarı atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərir.

Bu mənada qeyd olunmalıdır ki, bu gün respublikada atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

Məlumat üçün bildiririk ki, avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə avqust ayının 1-dən 31-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublika ərazisində «Təmiz hava» aylığı keçiriləcəkdir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sürücülərindən istifadələrində olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.

xəbərlərin arxivi