Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti

16 avqust 2019-cu il

Bildiyiniz kimi, ötən il “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilmişdir.  

İlk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar dəyişiklikləri nəzərə almaq lazımdır. Belə ki, minik və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük avtomobilləri istehsal olunduğu vaxtdan 4 il keçdikdə-iki ildə bir dəfə; ishtehsal olunduğu vaxtdan on il keçdikdə-ildə bir dəfə texniki baxışa təqdim olunmalıdırlar.

Eyni zamanda, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər. Texniki cəhətdən saz nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və “ASAN ödəniş” sisteminə elektron qaydada göndərilir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Qanununa edilmiş müvafiq dəyişikliklərə əsasən növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Qeyd etdiyimiz kimi, bu müddət bitdikdən sonra İnzibati Xətalar məcəlləsinin 339.1-1 maddəsinin tələblərinə əsasən texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır.

Xatırladırıq ki, Bаş Dövlət Yol Polis İdаrəsinin Bakı şəhəri, Sаbunçu rаyonu, Zabrat qəsəbəsində yerləşən müayinə mərkəzi və respublikаnın digər regional texniki baxış şöbələri nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək üçün bazar günü də daxil olmaqla saat 18:00-dək fəaliyyət göstərir.
xəbərlərin arxivi