Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən etibarən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsinə start verilib.

18 sentyabr 2019-cu il

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən etibarən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsinə start verilib.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı olaraq aparılan  maarifləndirmə və təbliğat xarakterli tədbirlərin miqyası daha da genişlənib. Növbəti belə tədbir DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirakı ilə Abşeron rayon Təhsil Şöbəsində keçirilib.

Tədbir zamanı «Azərbaycan  Respublikasında  yol  hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»ndan irəli gələn tələblərin yerinə yetirilməsi istiqamətində digər icraçı qurumlarla, o cümlədən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, onun struktur qurumları ilə birgə əməkdaşlıq imkanları müzakirə olunmuş, qarşıya qoyulmuş vəzifələrin həlli yolları müəyyənləşdirilmişdir.
Görüş ərəfəsində Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, “Diqqət, uşaqlar” aylığı çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu istiqamətdə profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə Baş DYP İdarəsi tərəfindən şagird və valideyinlərin diqqətinə çatdırılması üçün hazırlanmış yol hərəkəti təhlükəsizliyinə, yol hərəkəti mədəniyyətinin təbliğinə həsr olunmuş posterlər təhsil işçilərinə təqdim olunmuşdur.

Yol hərəkəti qaydalarına əməl edilməsinin vacibliyi barədə təkcə şagirdləri deyil, onların valideyinlərini də xəbərdar edən təbliğat və maarifləndirmə xarakterli posterlərin təhsil ocaqlarının inzibati binalarından asılması və belə nəşrlərdən gələcəkdə daha çox istifadə olunması nəzərdə tutulmuşdur.

İşgüzar şəraitdə keçən görüşün sonunda Abşeron rayon Təhsil Şöbəsinin müdiri N.Məmmədova təşkilatçılığa, yol hərəkəti təhlükəsizliyi ilə bağlı ümumtəhsil məktəblərində aparılan təbliğat xarakterli fəaliyyətinə görə Dövlət Yol Polisi xidmətinə minnətdarlığını ifadə etmiş və ən qısa vaxtda haqqında bəhs olunan posterlərin təhsil müəssisələrinin diqqət cəlb edən guşələrindən asılmasının, şagird və valideyinlərin bu tövsiyələrdən faydalanmasının təmin ediləcəyini bildirmişdir. 

Xatırladırıq ki, respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı cari ilin oktyabr ayının 15-dək keçiriləcəkdir.


      
     

xəbərlərin arxivi