Dövlət Yol Polisi “Gənc Yol Hərəkəti İnspektorları” dəstəsi ilə birlikdə maarifləndirici tədbir keçirdir

20 sentyabr 2019-cu il

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən etibarən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsinə start verilib.
Aylıq çərçivəsində həyata keçirilən maarifləndirmə və təbliğat xarakterli tədbirlər isə öz müxtəlifliyi ilə fərqlənir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı olaraq aparılan təşviqat işinə bu dəfə ölkəmizi beynəlxalq toplantılarda layiqincə təmsil edən “Gənc Yol Hərəkəti İnspektorları” dəstəsi də qoşulub.

Belə ki, yol hərəkət iştirakçılarının təhlükəsizlik qaydalarına bəslədikləri münasibətə, ələlxüsus piyada qismində yol hərəkətində iştirak edən həmyaşıdlarının yollarda üzləşə biləcəkləri təhlükələrə biganə qalmayan Yol Polisinin Gənc Köməkçiləri, DYP-nin stasionar postlarında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücü və piyadalara xitabən hazırlanmış tövsiyə xarakterli bukletləri sürücü və piyadalara təqdim ediblər.

Uşaq və yeniyetmələrin yol hərəkəti qaydalarına həsr etdikləri rəsm əsərlərindən qaynaqlanan və üzərində yol hərəkəti iştirakçılarının maarifləndirilməsinə, o cümlədən yolayrıclarında, piyada keçidlərində təhlükəsizlik qaydalarına riayət edilməsi, motodəbilqədən və təhlükəsizlik kəmərindən istifadə vərdişlərinin aşılanması, sürət rejiminə əməl olunması və s. bu kimi qaydalara həsr olunmuş bu bukletlər, eyni zamanda cəmiyyətdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə xidmət edir.

Təsadüfi deyildir ki, bu formatda keçirilən maarifləndirmə tədbirləri və yayılan təbliğat materialları yol hərəkəti iştirakçıları tərəfindən olduqça müsbət qarşılanır,  uşaqlar tərəfindən çəkilmiş rəsm işlərinə böyük maraq göstərilir. Biz də inanırıq ki, “uşaq dili” ilə deyilən tövsiyələr böyüklər tərəfindən unudulmaz.  
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzulayır və yol hərəkəti qaydalarına əməl etməyi xahiş edir.



xəbərlərin arxivi