“Yol təhlükəsizliyi” mövzusunda regional seminar keçirilib

09 oktyabr 2019-cu il

Cari ilin 3-4 oktyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə “Yol təhlükəsizliyi” mövzusunda regional seminar keçirilib.
Seminarda region ölkələrinin, UNESCAP katibliyinin, ABŞ və Yaponiya ekspertləri, o cümlədən DİN BDYPİ-nin əməkdaşları da iştirak etmişdir. Seminarın əsas məqsədi yollarda baş verən yol nəqliyyat hadisələrinin səbəblərini araşdırmaq və həlli yollarının tapılmasının müzakirəsi idi. Çıxış edənlər öz ölkələrində baş vermiş yol nəqliyyat hadisələrinin statistik göstəricilərini, daha çox baş vermə səbəblərini və həlli istiqamətində hansı işlər görüldüyünü göstərən prezentasiyalar təqdim etmiş və bu çıxışlar ətrafında geniş müzakirələr aparılmışdır.

Seminarın ikinci günündə ölkəmizə gələn nümayəndələr BDYPİ-nin təşkilatçılığı ilə Azərbaycanda DYP xidmətinin fəaliyyəti ilə yaxından tanış olmaları üçün DYP stasionar postuna aparılmış, orada YPX tərəfindən görülən işlər əyani göstərilmişdir. Daha sonra Bakı şəhər BPİ-nin DYP İdarəsinin yol hərəkətinin idarəetmə şöbəsində kameralar vasitəsilə nəqliyyatın anbaan izlənilməsi, baş vermiş yol nəqliyyat hadisələrinə dərhal reaksiya verilməsi və qeydə alınmış qayda pozuntularının mərkəzi informasiya sisteminə inteqrasiya olunması göstərilmişdir.
Azərbaycanda DYP-i üçün yaradılmış şərait, vətəndaşlara göstərilən xidmət səviyyəsi, patrul avtomobillərində yüksək texniki avadanlıqlarla təchiz olunması qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.


xəbərlərin arxivi