DİN-in Baş DYP İdarəsinin yol-nəqliyyat hadisələri ilə bağlı məlumatı

25 yanvar 2021-ci il

2020-ci il ərzində respublika ərazisində baş vermiş 1587 yol-nəqliyyat hadisəsi nəticəsində 696 nəfər həlak olmuş, 1410 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bakı şəhəri üzrə isə 460 yol-nəqliyyat hadisəsində 169 nəfər ölmüş, 387 nəfər yaralanmışdır.  

Hadisələrin analizi göstərir ki, 1534 yol-nəqliyyat hadisəsi sürücülər tərəfindən (piyadalar tərəfindən - 42) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermişdir ki, onların da 656-sı (42,7%) sürücülərin nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməsi, 466-sı (30%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması səbəbindən törənmişdir. 
 
Hadisələrin növləri içərisində piyadanı vurmaq (664 - 41,8%) və toqquşma (529 - 33%) yenə də üstünlük təşkil edir. Həlak olan 696 nəfərdən 320-i piyada, 194-ü sürücü, 158-i sərnişin, 20-si velosipedçi, o cümlədən 131-i qadınlar,  35-i isə uşaq və yeniyetmə olmuşdur.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi hadisələrin sayı 283 (-15,1%), ölənlərin sayı 125 (-15,2%) və yaralananların sayı 292 nəfər (-17,2%) azalsa da, bu statistik rəqəmlərin hələ də ciddi narahatlıq doğurduğunu nəzərə alaraq, bütün hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə, həm özlərinin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmamağa çağırırıq.

xəbərlərin arxivi