Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı

05 may 2021-ci il

Xəbər verdiyimiz kimi paytaxtda və bölgələrdə yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən xüsusi profilaktiki tədbirlər davam edir. Baş Dövlət Yol Polisi İdarəsi və onun struktur qurumları tərəfindən cari ilin aprel ayından başlayan maarifləndirmə və nəzarət-profilaktiki tədbirlər bu dəfə təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, eləcə də motosiklet, moped və velosiped idarə edən şəxslər tərəfindən qaydalara əməl edilməməsi hallarının qarşısının alınmasına yönəldilib.

Media mənsublarının yaxından iştirak etdiyi reydlərdə Gəncə, Ağsu, Ağcabədi, Qax, Qazax, Qəbələ, Qusar, Daşkəsən, Zaqatala, İsmayıllı, Yardımlı, Kürdəmir, Göyçay, Goranboy, Masallı, Mingəçevir, Neftçala, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı, Şəki, Şəmkir və Şirvan şəhər, rayon polis orqanlarının Dövlət Yol Polisi qurumlarının əməkdaşları tərəfindən sürücü və sərnişinlərə təhlükəsizlik kəmərlərini bağlamağın vacibliyi, səs siqnallarından lüzumsuz istifadənin cəmiyətdə yaratdığı narazılıq, xüsusilə son vaxtlar yollarda daha çox görünən motosiklet, moped və velosiped idarə edən şəxslər tərəfindən qaydalara əməl edilməməsi hallarının yolverilməz olduğu barədə maarifləndirmə xarakterli söhbətlər aparılıb, bununla yanaşı qaydaları kobud şəkildə pozan velosipedçi və moped idarə edən şəxslər, habelə səs siqnalından istifadə qaydalarını pozan sürücülər barəsində də inzibati tənbeh tədbirləri görülüb.

Bir daha dəyərli həmvətənlərimizi yaşadığımız cəmiyyətdə yol hərəkəti mədəniyyətinin inkişafına töhfə verməyə çağırırıq.
xəbərlərin arxivi