Məlumatlar 08 avqust 2022-ci il

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobillərinin sürücüləri saxlanıldı

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi rəsm müsabiqəsində qaliblər məlum oldu

29 noyabr 2021-ci il

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 2021-ci il üçün elan olunmuş “YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” adlı rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqə «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nda təbliğatla bağlı nəzərdə tutulmuş tədbirlər çərçivəsində təşkil olunub və böyük aktivlik müşahidə edilib.

Belə ki, uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədi ilə  keçirilmiş müsabiqəyə respublikanın 43 şəhər və rayonundan 335  rəsm əsəri təqdim olunub.

Azərbaycan Respublikasının Daxili İşlər və Təhsil nazirliklərinin birgə əməkdaşlığının növbəti uğuru olan sözügedən müsabiqədə ümumilikdə 97 tam orta məktəb, lisey, gimnaziya, uşaq-gənclər inkişaf mərkəzlərinin təmsilçiləri yaxından iştirak edib. Müsabiqəyə təqdim olunmuş əsərlərin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə mütəxəssis və KİV təmsilçiləri dəvət edilmiş, qaliblər onların rəyi nəzərə alınmaqla  kollegial qaydada müəyyən olunmuşdur.

Mövzunun əhatə olunması, materialın tamaşaçı üçün informasiya payı, təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi, ictimai maraqların müdafiəsi kimi meyarlara əsaslanaraq Sumqayıt 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Qasımova Nərgiz Ayaz qızı I, Qusar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Əliyev Azad Oleqoviç II və Ağdam rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Hüseynli Mahmud Tofiq oğlu isə III yerin qalibi olaraq seçilmişlər.

Bununla yanaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən müsabiqənin keçirilməsində fəal iştirak etdiklərinə görə Şəki, Quba, Lənkəran, Samux və Şamaxı təhsil şöbələrinin, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli UGİM-in, eləcə də Laçın rayon Çıraqlı kənd və Qobustan rayon Cəyirli kənd tam orta məktəblərinin müəllimlərinin, habelə təqdim etdikləri əsərlər münsiflər tərəfindən yüksək qiymətləndirildiyi üçün 36 nəfər iştirakçının təltif edilməsi qərara alınmışdır.

Qaliblərin və müsabiqədə fərqlənən tərəflərin təltif edilməsi pandemiya qaydaları nəzərə alınmaqla cari ilin dekabr ayı ərzində həyata keçiriləcəkdir.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan rəsm əsərlərindən ibarət albomun hazırlanması, onların sərgilərdə nümayiş olunması və qaliblərin təbliğat xarakterli tədbirlərə cəlb edilməsi növbəti addım kimi nəzərdə tutulub ki, bu da ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı görülən təbliğat-təşviqat və maarifləndirmə işinə yeni töhvələr verəcəkdir.
xəbərlərin arxivi