Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi
Mayın 10-da vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərində bəzi yollarda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılması barədə məlumat
09 may 2019-cu il
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərində bəzi yollarda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Səhər saatlarından tədbir tam başa çatanadək Bakı şəhəri, Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Belə ki, Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsindən Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq, hərəkət istiqaməti dəyişdiriləcək.
Sürücülərdən xahiş edirik ki, qeyd olunmuş müddət ərzində alternativ yollardan istifadə etsinlər.
Çap et