Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Yol hərəkəti qaydaları uşaqların gözü ilə

10 iyun 2019-cu il

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən cari ilin aprel ayında start verilmiş “YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” adlı rəsm müsabiqəsinə yekun vurulub və qaliblər müəyyən edərək mükafatlandırılıb.

Məlumat üçün qeyd edək ki, müsabiqə «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq Baş DYP İdarəsinin təbliğatla bağlı müvafiq Tədbirlər Planı çərçivəsində həyata keçirilib və böyük aktivlik müşahidə edilib.
Belə ki, uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədi ilə  keçirilmiş müsabiqəyə ümumilikdə 33 şəhər və rayondan 287 ədəd rəsm əsəri təqdim olunub.

Azərbaycan Respublikasının Daxili İşlər və Təhsil nazirliklərinin birgə səmərəli əməkdaşlığının daha bir bariz göstəricisi olan sözügedən müsabiqədə tam orta məktəblərlə yanaşı, lisey və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin təmsilçiləri də yaxından iştirak ediblər.

Müsabiqəyə təqdim olunmuş əsərlərin qiymətləndirilməsində obyektivliyin təmin etmək məqsədilə mütəxəssis və KİV təmsilçisi dəvət edilmiş və qaliblər onların rəyi nəzərə alınmaqla  kollegial qaydada müəyyən olunmuşdur.
Mövzunun əhatə olunması, materialın tamaşaçı üçün informasiya payı, təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi, ictimai maraqların müdafiəsi kimi meyyarlara əsaslanaraq Bərdə rayon məktəblisi Nəsibli Xumar Samir qızı I, Siyəzən rayon məktəblisi Məlikov Murad Babək oğlu II və Şuşa rayon məktəblisi Şirinova Rəna Amil qızı III yerin qalibi olaraq seçilmişlər.

Qaliblər, 08 iyun 2019-cu il tarixdə Baş DYP İdarəsində rəhbərlik tərəfindən qəbul edilmiş və mükafatlandırılmışlar.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan rəsm əsərlərindən ibarət albomun hazırlanması, onların sərgilərdə nümayiş olunması və qaliblərin təbliğat xarakterli tədbirlərə cəlb edilməsi növbəti addım kimi nəzərdə tutulub ki, burada da məqsəd ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı görülən təbliğat-təşviqat və maarifləndirmə işlərinə yeni töhvələr verməkdir.
 
xəbərlərin arxivi




Çap et  Çap et