Məlumatlar 19 03 2024Y il

Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə

Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qayd

 

«Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında»


                                                                             TƏLİMAT

 
1. Ümumi müddəalar

1.1. Bu Təlimat “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə (bundan sonra - Əsasnamə) müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində avtomotonəqliyyat vasitələrini və onların qoşqularını (bundan sonra - nəqliyyat vasitələri) idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması prosedurları, habelə sürücülərin hazırlanması və ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların uçota alınması, nəzəri və təcrübi imtahanların qəbulu, metodikası, məzmunu və proseduru, verilmiş sürücülük vəsiqələrinin uçotunun aparılması üzrə vahid qaydaları müəyyən edir.

1.2. Bu Təlimat traktorları, meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrini, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrini, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsinin 3-cü bəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsi üzrə imtahanların qəbuluna, bu növ sürücülük vəsiqələrinin verilməsinə, dəyişdirilməsinə və qaytarılmasına şamil edilmir.
1.3. Müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkət qaydalarmı bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
1.4. Nəqliyyat vasitələrinin tipindən, təyinatından və idarəetmə xüsusiyyətlərindən asılı olaraq, sürücülük vəsiqələrində aşağıdakı kateqoriyalar göstərilir:
1.4.1. “A1” - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün;
1.4.2. “A” - bütün növ motosikletləri idarə etmək üçün;
1.4.3.  “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:
1.4.3.1.“A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;
1.4.3.2. qoşqunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;
1.4.3.3. qoşqunun icazə verilən maksimal kütləsi 750 kiloqramdan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;
1.4.4. “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum çəkisi 3.500 kiloqramdan artıq olan avtomobilləri, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.5. “D” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.6. “BE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.7. “CE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.8.“DE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.9.“Tramvay” - tramvayları idarə etmək üçün;
1.4.10. “Trolleybus” - trolleybusları idarə etmək üçün.
1.5. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1.5.1. velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
1.5.2. asma mühərrikli velosipedi, mopedi və “A1” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
1.5.3. “A”, “B” və “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
1.5.4. “BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan;
1.5.5.     tramvayları, trolleybusları, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan;
1.5.6.     “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 24 yaşdan.

Qeyd:
1. Peşə tədris müəssisələrini bitirmiş şagirdlər, eləcə də “C”, “BC” kateqoriyalı nəqliyyat vasitələri sürücülərini hazırlamaq üçün hərbi xidmətə cəlb olunmuş çağırışçılar kursları bitirdikdən və müvafiq şəhadətnamələr aldıqdan sonra qeydiyyat-imtahan məntəqələrində imtahanlara buraxılırlar. İmtahanları müvəffəqiyyətlə verən 18 yaşına çatmamış şəxslərə çağırış vəsiqəsi əsasında sürücülük vəsiqəsi verilir və “xüsusi qeydlər” qrafasında “18 yaşı tamam olduqdan sonra avtomobilləri idarə edə bilər” qeydi aparılır.
2. Müddətli xidmət aparan hərbi qulluqçular “CE”, “D” və “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu əldə etmək üçün müstəsna olaraq 10 ay sürücülük təcrübəsi olduqda və 19 yaşa çatdıqda imtahanlara buraxılırlar.
1.6. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş dövlət rüsumları yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilir.
1.7. Sürücülük vəsiqəsinin verilməsi işini aparan mərkəzi orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
1.7.1. sürücülük vəsiqəsi blanklarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsi;
1.7.2. sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların uçota alınması, nəzəri və təcrübi imtahanların qəbul edilməsi, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsinin verilməsi;
1.7.3. verilmiş sürücülük vəsiqələrindəki məlumatların regional və mərkəzləşdirilmiş uçotunun aparılması;
1.7.4. özünün struktur hissələrinin sürücülük vəsiqələri blankları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsi;
1.7.5. bu struktur hissələrə buraxılmış sürücülük vəsiqəsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsi və onların vaxtaşırı təftiş edilməsi.
1.8. Verilmiş sürücülük vəsiqələri barədə mərkəzləşdirilmiş və regional uçot bazasından məlumat almağa yalnız təhqiqat, istintaq, məhkəmə və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların hüququ vardır.

 

2. DYP-də imtahanlara və nəqliyyat vasitələrinin idarə edilməsinə buraxılma qaydaları

2.1. İmtahanların qəbulu və “A1”, “A”, “B”, “C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi BDYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsi (QİŞ) və ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış məntəqələri (bundan sonra mətndə - “QİM”) tərəfindən aparılır.
2.2. “C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, “tramvay” və “trolleybus”un idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər BDYPİ ilə razılaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş vahid tədris planları və proqramları əsasında müvafiq maddi-texniki baza və texniki-metodiki tədris vasitələrilə təchiz olunmuş tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.
2.3. Siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan (tramvay və trolleybuslar istisna olmaqla), yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququ məhdudlaşdırılmış və ya sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə və həmin kateqoriyalar üzrə imtahanlara buraxılmır.
2.4. Ali, orta ixtisas, ümumtəhsil peşə məktəblərində, liseylərdə tələbə və şagirdlərə “B” və “C” kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsinin tədrisi nəzərdə tutulduqda, bu müəssisələrdə tədris BDYPİ ilə razılaşdırılmış xüsusi proqram əsasında aparılır.
2.5. Əl ilə idarə olunan minik avtomobillərinin istismarına yararlı hesab edilən şəxslər imtahanları müvəffəqiyyətlə verdikdə onlara təqdim olunan sürücülük vəsiqələrinin “xüsusi qeydlər” bölməsində “əl ilə idarə icazəlidir” qeydi aparılır.
2.6. Bu tədris kurslarına qəbul üçün namizədlər müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər.
2.7. Sürücülərin peşə hazırlığı və peşənin təkmilləşdirilməsini təsdiq edən sənəd bu Təlimatda 2 nömrəli əlavəyə uyğun şəhadətnamədir.
2.8. Sürücülük vəsiqələrinin alınması üçün imtahan yalnız QİM tərəfindən xidmət aparılan ərazidə.

Qeyd:

1. Təbii fəlakət və digər ekstremal hadisələr baş verdiyi hallarda sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər müvəqqəti məskunlaşdığı ərazi üzrə, hərbi qulluqçular isə hərbi hissənin yerləşdiyi ərazi üzrə QİM-də imtahanlara buraxıla bilər.
2.9. “A1”, “A”, “B”, “C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələri QİM-də nəzəri və təcrübi, tramvay və trolleybusların idarə edilməsi üçün isə nəzəri imtahanları (təcrübi imtahanlar tramvay və trolleybus parklarında götürülür) müvəffəqiyyətlə verən şəxslərə verilir. Avtomotonəqliyyat vasitələrinə aid göstərilən bütün kateqoriyalara malik olan şəxsin sürücülük vəsiqəsinin 12-ci qrafasında bütövlükdə həmin kateqoriyaları əhatə edən “A”, “BE”, “CE”, “DE” ifadəsi yazılır.
2.10. Tədris plan və proqramlarında avtomobil ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta xüsusi təhsil müəssisələrini bitirmiş şəxslərə, “A1”, “A”, “B”, “C” kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi istənilən kateqoriya üzrə nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra həyata keçirilir. Bu halda avtomobil ixtisası üzrə fənnin tədrisi haqqında təsdiqedici sənəd kimi:
2.10.1. orta xüsusi təhsili olanlar üçün - diplom və imtahan cədvəlindən çıxarış;
2.10.2. ali təhsili olanlar üçün - diplom və ona əlavə qəbul edilir.
2.11. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A1”, “A” və “B” kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.
2.12. Sürücülük vəsiqəsi almaq istəyən şəxs ərazi üzrə qeydiyyat-imtahan məntəqəsinə sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə dərhal məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur.
2.13. Sürücülük vəsiqələrinin verilməsi üzrə elektron xidmətin göstərilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN-in) internet saytında yerləşdirilmiş müvafiq İnzibati Reqlametə uyğun həyata keçirilir.
2.14. Yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər BDYPİ-nin ərazi üzrə QİM orqanına müraciət etdikdən sonra, üç gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.
2.15. Müstəqil hazırlaşmış şəxslərdən yalnız iki dəfə nəzəri və ya təcrübi imtahan qəbul edilir. İmtahanların hər hansı birindən təkrarən qeyri-məqbul qiymət alan həmin şəxs yalnız tədris müəssisələrində müəyyən olunmuş qaydada müvafiq hazırlıq kursu keçdikdən sonra yenidən imtahanlara buraxılır.
2.16.Sürücülük vəsiqəsi yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə qeydiyyat-imtahan məntəqələri tərəfindən 30 dəqiqə ərzində verilir.
2.17. “BE” kateqoriyası “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər, “CE” və ya “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə müvafiq olaraq “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər hazırlıq kurslarını bitirdikdən sonra və QİM-də nəzəri və təcrübi imtahanlar verdikdən sonra buraxılırlar.

Qeyd:
“BC”, yaxud “BCD” kateqoriya birləşmələrinə aid nəqliyyat vasitələrini idarəetmə hüququ olan sürücülər tədris müəssisələrində aidiyyəti üzrə “BE”, “CE” və “DE” kateqoriyalarına dair müvafiq hazırlıq kurslarını keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra həmin şəxslər müvafiq olaraq “BE, CE”, yaxud “BE, CE, DE” kateqoriyalı nəqliyyat vasitələrini idarəetmə hüququna malik olurlar.
2.18. “D” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə “B” və ya “BE”, “C”, yaxud “CE” kateqoriyalarına aid nəqliyyat vasitələrini idarəetmə hüququ olan (Təlimatın 2.3. bəndində nəzərdə tutulan tələb və şərtlər daxilində) və müvafiq proqram əsasında hazırlıq kurslarını keçərək nəzəri və təcrübi imtahanları vermiş sürücülər buraxılırlar.
2.19. “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olan sürücülər tədris müəssisələrində müvafiq proqram üzrə hazırlıq keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra “C”, “D” və ya “BE” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olurlar.
2.20. “C”, yaxud “D” kateqoriyalarına aid nəqliyyat vasitələrini idarəetmə hüququ olan sürücülər “A1”, “A” və ya “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmə hüququ almaq üçün əlavə olaraq tədris kursu keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar.
2.21. “B” və “D” kateqoriyalarına aid edilən nəqliyyat vasitələrini idarə etməyə hüququ olan sürücülər “A1”, “A”, yaxud “C” kateqoriyaları üzrə sürücülük vəsiqəsi almaq üçün əlavə tədris kursu keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar. Təkcə “B” kateqoriyası olan sürücülər isə yalnız “A1” və ya “A” kateqoriyaları üzrə sürücülük vəsiqəsi almaq üçün imtahanlara buraxılır.
2.22. Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi məqsədi ilə yeni sürücülük vəsiqəsinin verilməsi yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlardan sonra həyata keçirilir.
2.23. Şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlılığı, habelə nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur. İmtahanları qəbul edən QİM-in müfəttişi imtahana buraxılmış şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurduğu hallarda onu təkrar tibbi müayinəyə göndərilir.
2.24. Əgər sürücü tibbi müayinədən keçməkdən yayınıbsa və ya tibbi komissiya tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə yararsız hesab edilmişsə, bu halda onun sürücülük vəsiqəsi DYP-nin əməkdaşları tərəfindən alınmalıdır.


3. Sürücülük vəsiqəsi


3.1. Sürücülük vəsiqəsi onun sahibi olan şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən sənəddir.
3.2. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin motosiklet, avtomobil, tramvay və trolleybusları idarə etmək hüququ verən növləri vardır.
3.3. Növündən asılı olmayaraq, hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:
3.3.1. sahibin soyadı;
3.3.2. sahibin adı və atasının adı;
3.3.3. sahibin doğum tarixi və yeri;
3.3.4. sahibin yaşayış yeri;
3.3.5. vəsiqəni vermiş orqanın adı;
3.3.6. vəsiqənin verilmə tarixi və yeri;
3.3.7. vəsiqənin etibarlılıq müddəti;
3.3.8. vəsiqənin nömrəsi;
3.3.9. vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın möhürü;
3.3.10. sahibin qan qrupu və imzası;
3.3.11. xüsusi qeydlər.
3.4. Sürücülük vəsiqəsinin nümunəsi Təlimata 1 nömrəli əlavədə göstərilir.
3.5. Sürücülük vəsiqəsinin etibarlılıq müddəti onu verən QİM tərəfindən aşağıdakı kimi müəyyən edilir:
3.5.1. 60 yaşına çatmamış şəxslər üçün - 10 il;
3.5.2. 60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət;
3.5.3. 70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;
3.5.4. Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
3.6. Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Permis de conduire”), vəsiqədə göstərilən məlumatların adı isə azərbaycan və ingilis dillərində yazılır. Başqa məlumatlar isə azərbaycan dilində yazılır.
3.7. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini qorumağa borcludur.
3.8. İnformasiya təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülük vəsiqəsində elektron çip elementi yerləşdirilir.


4. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması (ixtisaslarının artırılması) üzrə tədris müəssisələrinin uçotu və tədris qruplarının qeydiyyata alınması


4.1. Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri BDYPİ-də Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alınmalıdır.
4.2. Tədris qruplarında təhsil alanların sayı 10-30 nəfər olmalıdır; məşğələlərin başlanmasından keçən 15 gün ərzində hər bir tədris qrupu ərazi üzrə QİM-də qeydiyyata alınmalıdır. QİM-ə daxil olan bu Təlimata 3 nömrəli əlavəyə uyğun formada hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DİN BDYPİ QİŞ-ə göndərilməlidir.

 

5. İmtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi qaydaları

5.1. Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir. İmtahanların qəbulu əvvəlcə nəzəri, sonra isə təcrübi ardıcıllığı üzrə aparılır. Nəzəri imtahanı verməmiş şəxslər, təcrübi imtahana buraxılmırlar. Nəzəri və təcrübi imtahanların qəbulu bu Təlimata 7 və 8 nömrəli əlavələrə uyğun həyata keçirilir.
5.2. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:
5.2.1. dövlət rüsumunun yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;
5.2.2. növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi;
5.2.3. sənədlərin qəbulu və verilməsi, həmçinin imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera;
5.2.4. nəzəri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi;
5.2.5. nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan nəqliyyat vasitələrindən istifadə.
5.3. Nəzəri və təcrübi imtahanlar QİM-də təşkil olunmuş imtahan komissiyası tərəfindən qəbul edilir. QİM-də imtahanlar tədris müəssisələri üzrə imtahan komissiyasının müəyyən etdiyi günlərdə qəbul edilir.
5.4. Nəzəri və təcrübi imtahanları qəbul edən imtahan komissiyası iki və daha çox nəfərdən ibarət olmalıdır. Komissiyanın heyəti QİM-in rəisi tərəfindən təyin edilir və aşağıdakı tərkibdə olur:
5.4.1. sədr - qeydiyyat-imtahan şöbəsinin (bölməsinin, qrupunun) əməkdaşı;
5.4.2. üzvlər - tədris, avtonəqliyyat müəssisələrinin, hərbi komissarlığın və digər aidiyyəti təşkilatların nümayəndələri.
5.5. İmtahan komissiyasının üzvləri yol hərəkəti qaydalarını və imtahanın qəbul edilmə qaydalarını bilməli, eləcə də həmin şəxslərin:
5.5.1. avtomobil ixtisası üzrə ali və ya orta texniki təhsili olmalıdır;
5.5.2. imtahan qəbul olunan kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.
5.6.  Sürücülük vəsiqəsi almaq istəyən şəxs ərazi qeydiyyat-imtahan məntəqəsinə aşağıdakı sənədləri təqdim etməlidir:
5.6.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
5.6.2. müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi;
5.6.3. bu Təlimatın 2.10-cu bəndində göstərilən şəxslər üçün - diplomun surəti, semestr-imtahan cədvəlindən çıxarış, ya da diploma əlavə;
5.6.4. müvafiq kateqoriya üzrə imtahanlara müstəqil hazırlaşmış şəxslər üçün - onların BDYPİ QİM-ə müraciəti barədə ərizə;
5.6.5. müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış;
5.6.6. imtahan və sürücülük vəsiqəsi verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş rüsumların ödənilməsi barədə bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi.
5.7. Sənədlər ərazi üzrə QİM-ə Əsasnamənin 3.9-1, 3.9.-2 və 3.9,-3-cü bəndləri ilə müəyyənləşdirilmiş qaydada təqdim edilir.
5.8. Sürücülük vəsiqəsi yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən müvafiq qaydada verilir.
5.9. Nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssisələrində hazırlıq keçmiş, habelə müstəqil hazırlaşmış şəxslər təkrar nəzəri və təcrübi imtahanlara 7 gündən tez buraxılmamalıdırlar.
5.10. Bu Təlimatın 2.10-cu bəndinin tələblərinə uyğun olaraq, imtahanlara buraxılmış şəxslərdən təkrar imtahanlar 7 gün keçdikdən sonra qəbul olunmalıdır.
5.11. Yol hərəkəti qaydaları və sürmə təlimi haqqında imtahanların nəticəsi imtahanların qəbulunda iştirak etmiş imtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır və bu Təlimatın 4 nömrəli əlavəsinə uyğun formada protokolla sənədləşdirilir.
5.12. Sürücülük vəsiqələri QİM əməkdaşının imzası və QİM-in möhürü ilə təsdiq edilir. Verilən sürücülük vəsiqələri bu Təlimata 5 nömrəli əlavəyə uyğun formada reyestrdə qeydiyyata alınır.

 
6. Sürücülük vəsiqələrinin dəyişdirilməsi, itirildikdə əvəzinə yeni vəsiqələrin verilməsi və qaytarılması qaydaları

6.1. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:
6.1.1. etibarlılıq müddətinin qurtarması;
6.1.2. sahibinin soyadı, adı və atasının adının dəyişdirilməsi;
6.1.3. yazılarında dəqiqsizlik müəyyən edilməsi;
6.1.4.  yararsız hala düşməsi;
6.1.5. itirilməsi;
6.1.6. yeni nümunəli vəsiqələrin tətbiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.
6.2. Sürücülük vəsiqəsinin dəyişdirilməsi vəsiqə sahibinin bu Təlimata 6 saylı əlavəyə uyğun formada ərizəsi əsasında ərazi üzrə QİM-də imtahansız, əvvəllər malik olduğu kateqoriyalar saxlanılmaqla 30 dəqiqə ərzində həyata keçirilir. Bu hal Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ nümunəli sürücülük vəsiqələrinə də şamil edilir.

6.3. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:
1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi;
4) bu Təlimatın 3.5.2 – 3.5.4-cü yarımbəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış.
6.3-1. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.


6.4. Sürücülük vəsiqəsi itirildikdə yenisi vəsiqə sahibinin yazılı ərizəsi, BDYPİ Mərkəzi Məlumat Xidmətinin müvafiq məlumatları və bu Təlimatın 3.5.2 – 3.5.4-cü yarımbəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış əsasında verilir; sürücülük vəsiqəsi haqqında uçot baza məlumatları mövcud olmadıqda isə o, tədris müəssisəsini qurtarması haqqında şəhadətnamə və ya itirilən sürücülük vəsiqəsini vermiş QİM-in təsdiqedici sənədini təqdim edir.
6.5. Sürücülük vəsiqəsi itirildikdə onun sahibinə bu Təlimatın 3.5-ci bəndində nəzərdə tutulmuş müddətə yeni sürücülük vəsiqəsi verilir. Sorğuya cavab almaq üçün göndəriş yollanıldıqda və ya vəsiqənin itirilməsi halı araşdırıldıqda 1 il müddətinə qədər müvəqqəti sürücülük vəsiqəsi verilir.
6.6. Yeni sürücülük vəsiqəsi verilərkən həmin vəsiqədə əvvəlki sürücülük vəsiqəsinin seriyası, nömrəsi və verilmə tarixi göstərilməlidir.
6.7. Yeni sürücülük vəsiqələri alan şəxslərin əvvəllər verilmiş sürücülük vəsiqələri aşkar olunarsa, bu sənədlər etibarsız sayılmalı və ləğv edilməsi üçün QİM-ə göndərilməlidir.
6.8. 1977-ci il sentyabrın 1-nə kimi verilmiş I və II dərəcəli sürücülük ixtisaslarının şəhadətnamələri (ixtisas talonları) olan peşəkar sürücülərin (3-cü dərəcəli) köhnə nümunədən olan sürücülük vəsiqələri onlar yol hərəkəti qaydaları üzrə nəzəri və təcrübi imtahanları verməklə, “B”, “C” və ya “B”, “C”, “D” və “BE”, “CE”, “DE” kateqoriyalı yeni sürücülük vəsiqələrinə dəyişdirilməlidir.
6.9. Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində vəsiqənin etibarlılıq müddətinə qüvvədədir.
6.10. Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sürücülük vəsiqəsi ümumi əsaslarla verilir.
6.11. Respublika ərazisində müvəqqəti yaşayan əcnəbilərin, habelə əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycan Respublikasına köçüb gəlmiş şəxslərin malik olduğu milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsas götürülür. Belə şəxslərə sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada imtahansız verilir.
6.12. Təlimatın 6.10 və 6.11-ci bəndlərində göstərilən şəxslərə sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin V hissəsində müəyyən olunmuş etibarlılıq müddətləri hüdudlarında verilir. Sürücülük vəsiqəsinin respublika ərazisində əcnəbi şəxsə münasibətdə qüvvədəolma müddəti onun sahibinin Azərbaycan Respublikasında yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınma müddətindən və xarici sürücülük vəsiqəsinin etibarlılıq müddətindən çox olmamalıdır. Şəxslərin istəyindən asılı olaraq onların xarici sürücülük vəsiqəsi özlərinə qaytarılır.

Qeyd:
1. Xarici ölkələrin diplomatik, səfirlik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların, akkreditə olunmuş mətbuat orqanlarının əməkdaşlarının və bunlara bərabər tutulan digər şəxslərin qüvvədə olan xarici və ya beynəlxalq sürücülük vəsiqəsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə vəsiqə sahibləri tibbi müayinədən keçmədən və müvafiq imtahanlara cəlb edilmədən milli nümunəyə dəyişdirilir.
6.13. Bu Təlimatın 6.9-6.12-ci bəndlərində göstərilən şəxslərin sürücülük vəsiqəsi müəyyən şübhə doğurduqda QİM tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “İnterpol” Milli Mərkəzi Bürosu, Xarici İşlər Nazirliyinin səfirlik və konsulluq xidmətləri və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanlar vasitəsilə müvafiq sorğular edilir. Təlimatın 6.12-ci bəndinin “Qeyd” hissəsində göstərilən şəxslər barəsində müvafiq sorğular yalnız Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə verilir. Vəsiqə sahibinə sorğuya cavab alınanadək 1 ildən çox olmayan müddətə müvəqqəti sürücülük vəsiqəsi verilir. Müvafiq cavab alındıqdan sonra sürücülük vəsiqəsinin qəti verilməsi barədə mövcud qanunvericiliyə uyğun şəkildə qərar qəbul edilir.
6.14. Verilmiş sürücülük vəsiqələrinin uçot reyestri aparılır. İmtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi kompüter vasitəsilə birbaşa üsulla həyata keçirildikdə, müvafiq protokol və reyestr də kompüterdən çıxarış vasitəsilə rəsmiləşdirilir və sürücülük vəsiqəsinin alınması barədə onun sahibinin vəsiqənin özündəki imzası əsas götürülür.
6.15. QİM tərəfindən verilən sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotu aparılır.
6.16. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi onun sahibinə aşağıdakı qaydada qaytarılır:
6.16.1. nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
6.16.2. nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.

 

7. Sürücülük sənədlərinin və digər materialların hazırlanması, təchizatı və saxlanılması qaydaları

7.1. Sürücülük vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə əsas olan sənədlər, tədris qrup və kurslarında təhsil alan şəxslərin siyahısı və tibb komissiyasının rəyi ilə nəqliyyat vasitələrini idarə etməkdən kənar edilmiş şəxslərin sürücülük vəsiqəsi, əvəzinə yenisi verilmiş və ya sonradan tapılıb QİM-ə daxil olmuş, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum olunma və ya sürücülük hüququnun məhdudlaşdırılması müddəti bitmiş, tələb olunmayan sürücülük vəsiqələri və sürücülük vəsiqələrinin verilmə sənədləri arxiv sənədləri kimi 2 il müddətində, imtahan komissiyasının protokolları 10 il, sürücülük vəsiqəsinin verilməsinə aid reyestr isə 60 il saxlanılır.
7.2.  Arxiv sənədləri saxlama müddəti keçdikdən sonra QİM-də müvafiq qaydada akt tərtib edilməklə ləğv edilir.
7.3.  Bu Təlimata 1 nömrəli əlavədə nəzərdə tutulan blanklar BDYPİ-nin sifarişi əsasında hazırlanır.
7.4. Tibbi arayış və təhsil müəssisəsini qurtarmaq barədə şəhadətnamə, onun zəruri məlumat qrafaları doldurulduqdan sonra sürücülük vəsiqəsi ilə birlikdə sürücülərə qaytarılır.

 

generated 0.042330026626587 seconds