Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan nəqliyyat vasitələrinə və onların qoşqularına aşağıda qeyd edilən orqanlar tərəfindən dövlət texniki baxışının keçirilməsi qaydalarını müəyyən edir:

1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən başqa) və mühərrikinin işçi həcmi 50 kub sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına və yarımqoşqularına — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2) tramvaylara və trolleybuslara — yerli icra hakimiyyəti orqanları;

3) hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

4) texnoloji nəqliyyat vasitələrinə, habelə bu bəndin 1-ci və 3-cü yarımbəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinə - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinə — Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi;

6) Azərbaycan Ordusunun  mexaniki nəqliyyat vasitələrinə — Azərbaycan Respublikasının Müdafiə Nazirliyi.

7) Digər silahlı birləşmələrin mexaniki nəqliyyat vasitələrinə — aidiyyəti üzrə həmin dövlət orqanları.

1.2. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından “Yol hərəkəti haqqında” Qanuna 1 nömrəli əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Əsasnamənin 1.4-cü bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmır.

1.3. Dövlət texniki baxışının əsas məqsədi aşağıdakılardır:

nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək;

nəqliyyat vasitələrinin mənsubiyyətini və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək;

nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısını almaq;

dövlət texniki baxışı keçirilərkən sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrinə və nəqliyyat vasitəsinə sərəncam hüququ verən müvafiq sənədə malik olmalarına, sürücülük vəsiqəsinin etibarlılıq müddətinə, nəqliyyat vasitələrinin sahiblərindən alınan dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlərin olmasına nəzarəti təmin etmək.

1.4. Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

1) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə — ildə bir dəfə;

2) həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu bəndin 1-ci hissəsində göstərilənlər istisna olmaqla):

istehsal olunduqları vaxtdan dörd il keçdikdə — iki ildə bir dəfə;

istehsal olunduqları vaxtdan on il keçdikdə — ildə bir dəfə.

Qeyd. Bu bəndin 1-ci və 2-ci yarımbəndlərində nəzərdə tutulmuş müddətlər bitdikdən sonra növbəti il ərzində nəqliyyat vasitələri bu Əsasnamənin 1.1-ci bəndində göstərilən orqanlar tərəfindən dövlət texniki baxışının keçirilməsi üçün təqdim edilməlidir.

Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu bəndin 1-ci və 2-ci yarımbəndlərində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

1.5. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur:

1) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri — istehsal olunduğu vaxtdan bir il müddətində;

2) həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu bəndin 1-ci hissəsində göstərilənlər istisna olmaqla) — istehsal olunduğu vaxtdan dörd il müddətində;

Qeyd. Nəqliyyat vasitələri bu bəndin 1-ci və 2-ci yarımbəndlərində nəzərdə tutulmuş müddətlərin qurtardığı il də daxil olmaqla, dövlət texniki baxışına cəlb olunmurlar.

1.6. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilə bilər.

2. Dövlət texniki baxışının təşkili üzrə tədbirlər

2.1. (çıxarılıb)

2.2. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim edilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilir.

2.3. Nəqliyyat vasitələrinin dövlət texniki baxışı növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilir. Nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçiriləcəyi yer (texniki nəzarət məntəqəsi, müayinə mərkəzi, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanması üçün lazımi şəraiti olan qarajlar, müəssisələr və s. ərazilər) texniki baxışı keçirən orqan tərəfindən müəyyən edilir.

2.4. Dövlət texniki baxışı müəssisələrdə keçirilərkən müəssisə rəhbərliyinin razılığı ilə nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanmasına həmin müəssisənin vəzifəli şəxsləri və mühəndis-texniki işçiləri də cəlb edilməlidir.

2.5. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.

3. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim olunma qaydaları

3.1. Nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs), onlara məxsus nəqliyyat vasitələrini dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludur.

3.2. Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:

1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

3) (çıxarılıb)

4) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər;

5) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi.

Yuxarıda qeyd edilən sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.

3.2-1. Nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan digər şəxs texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət edə və münasib vaxtı seçə bilər. Həmin şəxsə texniki baxışın keçirilməsi vaxtı və tarixi barədə məlumat verilir.

3.2-2. Nəqliyyat vasitələrinin dövlət texniki baxışını həyata keçirən orqanın rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində texniki baxışın keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Əsasnamənin 3.2-ci bəndində göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada dövlət texniki baxışını həyata keçirən orqana təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi dövlət texniki baxışını keçirən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.

3.3. Nəqliyyat vasitələrini dövlət texniki baxışının keçirildiyi yerə gətirmək mümkün olmadıqda (nasazlığına, ehtiyat hissələrinin olmadığına və s. görə)  onun sahibi aidiyyəti üzrə texniki baxışı keçirən orqana yazılı ərizə ilə müraciət edir. Nəqliyyat vasitəsinə həmin orqan tərəfindən nəqliyyatın dayanacaq yerində baxış keçirilir .

4. Dövlət texniki baxışının keçirilmə qaydaları

4.1. Hər bir nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi həmin nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsinin tipinin, modelinin, dövlət qeydiyyat nişanının, eləcə də şassi (rama), ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğunun yoxlanılması və axtarışda olan nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin siyahısının tutuşdurulması ilə başlanır.

4.2. Dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini istifadə və idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrini qeydiyyat sənədlərindəki yazılarla uyğunsuzluq, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta nömrələrin vurulması halları aşkar edildikdə, sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir.

4.3. Xüsusi təyinatlı və əməliyyat xidmətinin nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən xüsusi işıq və səs siqnallarının mövcudluğu, sazlığı və onların quraşdırılmasının qanuniliyi, həmçinin nəqliyyat vasitələrinin rəng qrafikasının dövlət standartının tələblərinə uyğun olması yoxlanılır.

4.4. Qoşquların (yarımqoşquların) texniki vəziyyəti əsas nəqliyyat vasitəsinə (dartqıya) qoşulmuş vəziyyətdə yoxlanır.

4.5. Konservasiyaya qoyulmuş nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən onların komplektliyi yoxlanılır. Nəqliyyat vasitəsinin sazlığına şübhə olduqda, təkərləri yük altında saxlamamaq üçün qoyulmuş dayaqlar çıxarılmadan, mühərrik və ötürücü aqreqatların texniki vəziyyəti yoxlanılır.

4.6. Bu Əsasnamənin 1.4-cü bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir. Bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.

4.6-1. Bu Əsasnamənin 1.4-cü bəndinin 2-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri texniki baxışdan keçirildikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Texniki baxış zamanı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Bu Əsasnamənin 1.4-cü bəndinin 2-ci yarımbəndində nəzərdə tutulmuş müddətdə nəqliyyat vasitəsi növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.

4.6-2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə göndərir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

4.6-3. Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir.”

4.7. Dövlət texniki baxışı həyata keçirən orqan tərəfindən texniki baxışın nəticəsinin müvafiq qaydada hesabatı aparılır. Talonların forması və hesabatı bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulan orqanların təlimatı ilə müəyyən edilir.

4.8. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları (sahələri) tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə  texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir stansiyalarında (sahələrində) aparırlar.

4.9. Nəqliyyat vasitələrinin texniki baxışı iş günü ərzində fasiləsiz olaraq keçirilir.

5. Dövlət texniki baxışına hazırlıq və onun keçirilməsinə nəzarə

5.1. Nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsinə nəzarət bu Əsasnamənin 1.1 bəndində nəzərdə tutulan orqanlar tərəfindən aşağıdakı formalarda həyata keçirilir:

nəqliyyat vasitələrinin dövlət texniki baxışın keçirilməsi müddətinə və qaydalarına riayət olunmasının yoxlanması;

dövlət texniki baxışından keçmiş nəqliyyat vasitələrinin texniki vəziyyətinin və qeydiyyat məlumatlarının müəyyən edilmiş tələblərə uyğunluğunun seçmə yolu ilə (müəssisənin ərazisində, nəqliyyat vasitələri xəttə çıxarkən, qayıdarkən, həmçinin istismar prosesində) yoxlanması;

nəqliyyat vasitələrinə dövlət texniki baxışın nəticələri haqqında təsdiq edilmiş məlumatların müvafiq orqanların kartotekalarında uçotu aparılan nəqliyyat vasitələrinin sayı və qeydiyyat məlumatları ilə tutuşdurulması.

6. Dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi

6.1. Nəqliyyat vasitələrinə keçirilən dövlət texniki baxışın nəticələrinə görə hüquqi şəxslər tərəfindən dövlət texniki baxışı keçirən orqanın təsdiq etdiyi müvafiq akt blankları doldurulur və tələb olunan digər sənədlərlə birlikdə (nəqliyyat vasitələrinin sayı, dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd və s.) həmin orqana təqdim edilir.

6.2. Texniki baxışın yekun hesabatı 1.1 bəndində göstərilən orqanlar tərəfindən respublika üzrə ümumiləşdirildikdən sonra 1 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabineti və Dövlət Statistika Komitəsinə təqdim edilir.

6.3. Texniki baxışın nəticəsinə görə nəqliyyat vasitələrinin texniki vəziyyəti rayonlar, şəhərlər üzrə təhlil olunaraq təsərrüfatlarda nəqliyyat vasitələrinin hazırlıq səviyyəsi, onların yararsız vəziyyətinin və baxışdan keçirilməməsinin səbəbləri araşdırılır, təhlil əsasında aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür.

7. Məsuliyyət

7.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli Əlavəsi ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

7.2. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə texniki baxışı keçirən orqanların vəzifəli şəxsləri, həmçinin nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qeyd. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 (iyirmi) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən məsuliyyətə cəlb olunmur.