Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülük vəsiqəsi

I. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
II. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:
1) motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün;
2) traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.
III. Sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:
1. vəsiqə sahibinin soyadı;
2. vəsiqə sahibinin adı və atasının adı;
3. vəsiqə sahibinin doğulduğu tarix və yer;
4a. vəsiqənin verildiyi tarix;
4b. vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix;
4c. vəsiqəni vermiş qurumun adı və ya möhürü;
4d. vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi;
5. vəsiqənin nömrəsi;
6. vəsiqə sahibinin fotoşəkli;
7. vəsiqə sahibinin imzası;
8. vəsiqə sahibinin yaşayış yeri;
9. vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları);
10. hər bir kateqoriyanın (altkateqoriyanın) verildiyi tarix;
11. hər bir kateqoriyanın (altkateqoriyanın) etibarlılıq müddətinin qurtardığı tarix;
12. hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər (eynəklə idarəetmə və ya yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd);
14. qeydiyyat və ya yol hərəkətinin təhlükəsizliyinə aid olan digər məlumatlar (vəsiqə sahibinin qan qrupu və ya “əlilliyi olan şəxs” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd).
IV. Bu Qanunun 34-cü maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir:
1) “A1” - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri, trisiklləri və yüngül kvadrisiklləri idarə etmək üçün;
2) “A” - bütün növ motosikletləri idarə etmək üçün;
2-1) “B1” – bu Qanunun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;
3) “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:
“A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;
qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;
qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;
3-1) “C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
4) “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
4-1) “D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
5) “D” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6) “BE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6-1) “C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7) “CE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7-1) “D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
8) “DE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
9) “Tramvay” - tramvayları idarə etmək üçün;
10) “Trolleybus” - trolleybusları idarə etmək üçün.
V. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir:
1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il;
2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;
3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;
4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
VI. Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur.
VII. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini möhkəm saxlamağa borcludur.
VIII. çıxarılıb.
IX. A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir.
 
Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması
 I. Bu Qanunun 33-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs:
1) çıxarılıb;
2) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli;
3) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməlidir.
I-I. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.
II. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2) müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi;
3) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
4) sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi.
III. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər bu Qanunun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.
IV. Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən:
1) sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları;
2) avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas təhsili müəssisələrinin məzunları;
3) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdən sonra, üç gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.
IV-I. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:
1) dövlət rüsumunun, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimənin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;
1-1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 - 57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması;
2) növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi;
3) sənədlərin qəbulu və verilməsi, həmçinin imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera;
4) nəzəri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi;
5) nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan, imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə.
IV-II. “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir.
V. Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
VI. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:
1) onun etibarlıq müddətinin qurtarması;
2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
4) onun yararsız hala düşməsi;
5) onun itirilməsi;
6) çıxarılıb.
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması;
8) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.
VII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.
VIII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:
1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd;
4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2–4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış.
Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.
IX. Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların (altkateqoriyaların) dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi bu maddənin birinci— beşinci hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır.
XI. Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
XII. Bu Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya baxılarkən süründürməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
XIII. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
1) nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
2) nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.
 
Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi
I. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.
II. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.
III. Bu Qanunun 35-1-ci maddəsinin I və II hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi avto-moto nəqliyyat vasitələri üçün – iyirmi beş manat.
Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:
avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün - iyirmi manat;

avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - on manat.






Çap et  Çap et
generated 0.016730785369873 seconds