Normativ sənədlər

YOL-PATRUL XİDMƏTİ HAQQINDA TƏLİMAT

1. Ümumi müddəalar.

1.1. Yol-patrul xidməti Daxili İşlər Nazirliyi (DİN) Dövlət Yol Polisinin (DYP) tərkib hissəsi olaraq, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir.
1.2. Yollarda hərəkət təhlükəsizliyinin tə’min edilməsinə nəzarət yol-patrul xidməti əməkdaşları tərəfindən stasionar və digər post və marşrutlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir.
1.3. Yol-patrul xidməti öz fəaliyyətində «Polis haqqında» və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, DİN-in əmr və göstərişlərini, digər normativ aktların tələblərini, eləcə də bu Tə’limatı rəhbər tutur.
1.4. Yol-patrul xidmətinin əsas vəzifələri aşağıdakılardır:
-yol hərəkətinə nəzarət etmək və yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması hallarının qarşısını almaq;
-yol hərəkətini tənzimləmək;
-yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə tə’xirəsalınmaz tədbirləri həyata keçirmək;
-yol-nəqliyyat qəzaları yerində zərər çəkmiş şəxslərə ilk tibbi yardım göstərmək;
-ictimai təhlükəsizliyin tə’min edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək;
-xüsusi tə’yinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini tə’min etmək, bu cür nəqliyyat vasitələrini, habelə avtomobil karvanlarını müəyyən edilmiş qaydada müşayiət etmək;
-yol hərəkəti iştirakçılarına onların hüquqlarının tə’min olunmasında yardım etmək, avtomobil yollarında hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi yeri və səbəbləri barədə mə’lumat vermək;
-ətraf mühitin mühafizəsi tədbirlərində iştirak etmək;
-yol hərəkəti təhlükəsizliyi qaydalarını pozan şəxsləri qanunvericiliyə uyğun olaraq inzibati məs’uliyyətə cəlb etmək;
-inzibati məs’uliyyətə cəlb olunmuş şəxslərin uçotunu aparmaq.
-nəqliyyat vasitələrinin sürüjüləri tərəfindən qeydiyyat qaydalarına əməl olunmasına nəzarət etmək;
-yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək;
-küçə-yol şəbəkəsinin texniki tənzimləmə vasitələrinin vəziyyətinə və onların saz halda saxlanılmasına, avtomobil yollarında və küçələrdə tə’mir-tikinti işlərinin aparılmasında müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət etmək;
-yol şəraiti hərəkət üçün ciddi təhlükə yaratdıqda, fövqəl’adə və digər hallarda yol hərəkətini müvafiq qaydada müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək;
-qanunvericiliklə nəzərdə tutulan hallarda nəqliyyat vasitələrinin istismarını qadağan etmək;
-küçə və yollarda sahibsiz qalan və hərəkətə maneçilik törədən nəqliyyat vasitələrini duracağa göndərmək;
-nəqliyyat vasitələrindən kommersiya məqsədi ilə istifadə edildikdə lisenziya və ya yol (marşrut) vərəqələrinin olmasına nəzarət etmək.
1.5.Yol-patrul xidmətinin fəaliyyəti qanunçuluq, insan hüquqlarına hörmət və aşkarlıq prinsipləri əsasında qurulur. Yol-patrul xidməti öz qarşısında duran vəzifələri polisin digər xidmətləri, hərbi avtomüfəttişlik, dövlət orqanları, idarə, təşkilat, müəssisə, ictimai birliklər, əmək kollektivləri və vətəndaşlarla birgə qarşılıqlı fəaliyyət əsasında həyata keçirir.
1.6. Yol-patrul xidmətinin əməkdaşları xüsusi peşə hazırlığı keçməli, xidməti vəzifələrini yerinə yetirərkən intizamlı və sayıq olmalı, jəsarət və qətiyyətlilik göstərməli, yüksək mə’nəvi keyfiyyətlərə malik olmalıdır.
1.7. DYP-nin yol-patrul xidməti tərkibinə alay, bölük, tağım nizami hissələr və ərazi polis orqanlarının DYP bölmələrinin naryadları* daxildir.

2. Yol-patrul xidmətinin təşkili.
2.1. Yol-patrul xidmətinin aparılmasını Dövlət Yol Polisinin idarə, şöbə, bölmə, qrup və nizami hissələrinin rəhbərləri təşkil edirlər.
2.2. Yol-patrul xidmətinin təşkili zamanı aşağıdakılar tə’min olunmalıdır:
-xidmət ərazisində nəqliyyat vasitələrinin fasiləsiz, təhlükəsiz və maneəsiz hərəkəti, keşik post və marşrutlarında ictimai təhlükəsizliyin tə’min edilməsi;
-hərəkətə effektli nəzarət üçün qüvvə və vasitələrin səmərəli düzülüşü;
-mürəkkəb vəziyyətlərdə qüvvə və vasitələrin operativ idarə olunması;
-yol-nəqliyyat qəzası və digər hadisə yerlərinə vaxtında çıxılması və bu barədə mə’lumatın tə’xirəsalınmadan verilməsi;
___________________________________________________________
*) -bundan sonra - «nizami hissələr» adlandırılajaq
-keşik post və marşrutlarında daxili işlər orqanlarının vahid iş dislokasiyası üzrə polisin digər xidmətləri ilə qarşılıqlı fəaliyyəti;
-qaçırılmış, oğurlanmış, habelə zor tətbiq edilməklə alınmış nəqliyyat vasitələrinin, eləcə də yol nəqliyyat hadisəsi yerindən yayınmış sürücülərin axtarışı və tutulması.
2.3. Yol-patrul xidmətinin nizami hissələri avtomobil yolları və yol sahələri üzrə təhkim olunmalıdır.
2.4. Yol-patrul xidməti bir qayda olaraq aşağıdakılar nəzərə alınmaqla təşkil olunur:
-qüvvə və vasitələrin miqdarı;
-təhkim olunmuş ərazidə yol nəqliyyat hadisələrinin təhlili;
-xidmət aparılan yol sahələrinin uzunluğu və yol şəraitinin xüsusiyyətləri, nəqliyyat vasitələrinin və piyadaların müxtəlif vaxtlarda (saat, gün, ay) hərəkət intensivliyi;
-xidməti ərazilərdə xüsusi dövlət əhəmiyyətli obyektlərin, iri sənaye, iaşə və sair müəssisələrin mövcudluğu və s.
2.5. Yol-patrul xidmətinin qüvvə və vasitələri.
2.5.1. Yol hərəkətinə nəzarət, müvafiq xüsusi proqram üzrə ilkin peşə hazırlığı keçmiş yol polisi müfəttişləri* tərəfindən həyata keçirilir. Müfəttişlərin bu Tə’limatla müəyyən edilən vəzifələrdən kənar vəzifələrin icrasına cəlb edilmələri, habelə daxili işlər orqanlarının digər xidmət sahələrinin əməkdaşlarının yol hərəkətinə nəzarət işinə cəlb edilməsi yol verilməzdir. Ciddi ehtiyac duyulduqda yol hərəkətinə nəzarətə Dövlət Yol polisinə daxil olan struktur hissələrin əməkdaşları cəlb edilə bilərlər.
2.5.2. Yol patrul xidməti aşağıdakılar ilə tə’min olunur:
-xidməti-əməliyyat nəqliyyat vasitələri ilə (keşik avtomobilləri və motosikletləri, qəza yerinə çıxış avtomobilləri, evakuatorlar və sair);
-xidməti- əməliyyat vertolyotları ;
-əməliyyat-texniki vasitələri ilə (nəqliyyatın axınına nəzarət, yol hərəkəti qaydalarını pozma hallarını qeydə alan, qəza yerinə baxış, sərxoşluq dərəcəsini müəyyən edən cihazlar və sair);
-rabitə (radiorabitə, radiorele, telefon, faksmil, mobil telefonlar, peycerlər, kompüterlər və s.) və xüsusi vasitələr ilə.
2.5.3. Xidməti-əməliyyat nəqliyyat vasitələrindən istifadə edilməklə yol hərəkətinə nəzarətə yalnız onların istifadəsi üzrə xüsusi hazırlıq keçmiş və məqbullar vermiş müfəttişlər buraxılırlar. Xidmətdə istifadə olunan nəzarət-ölçü cihazları müvafiq qaydada dövlət nəzarətindən keçirilərək onların istifadəyə yararlığı barədə şəhadətnamə alınmalıdır.
___________________________________________________________
* - bundan sonra -müfəttiş adlandırılajaq
2.6. Qüvvə və vasitələrin yerləşdirilməsi.
2.6.1. Yol-patrul xidmətinin qüvvə və vasitələri aşağıdakılara əsasən yerləşdirilir:
-yol-nəqliyyat qəzalarının baş vermə vaxtı, yeri və səbəblərinin, müfəttişin bu və ya digər təhlükəli yol sahələrində yerləşdirilməsi nöqteyi nəzərindən geniş təhlili əsasında;
-yol hərəkətinə nəzarətin tam əhatəli tə’min olunması məqsədilə qüvvələrin geniş manevr edilməsi mümkünlüyü nəzərə alınmaqla.
-hərəkət intensivliyini, piyada axınını nəzərə almaqla;
-dövlət əhəmiyyətli və digər tədbirlərin keçirilməsi nəzərə alınmaqla.
2.6.2. Yol hərəkətinə nəzarəti yerinə yetirmək üçün yol polisinin naryadları tə’yin edilir. Bu naryadların hər birinə konkret marşrut və ya postda xidməti vəzifələrin icrası tapşırılır. Keşik marşrutuna avtomobil yolunun bir hissəsi daxil olur. Post -müfəttişin xidmət apardığı yer və ya ərazi hissəsidir.
2.6.3. Yol-patrul xidməti keşik marşrut və postlarının Dislokasiyasına (Təlimata 1 saylı əlavə) uyğun olaraq yerinə yetirilir.
Dislokasiya- müəyyən vaxt ərzində qüvvə və vasitələrin keşik marşrut və postlarında yerləşdirilməsidir. Daxili işlər orqanlarında vahid dislokasiya tərtib edildikdə, ilk növbədə ictimai təhlükəsizliyin tə’min edilməsi və yol hərəkətinin təhlükəsizliyi maraqları nəzərə alınmalıdır.
2.6.4. Keşik çəkmə marşrutları və postların Dislokasiyası ərazidə əməliyyat şəraitinin təhlili əsasında yol patrul xidmətinin aparılması üçün naryadların gündəlik düzülməsi normasına uyğun tərtib edilir. Bu norma müfəttişlərin ştat sayı və şəxsi hey’ətin tələbat əmsalına uyğun müəyyən edilir. Tələbat əmsalı 8 saatlıq iş günü üçün, beynəlxalq normalara uyğun olaraq 2,1 qəbul edilir. 8 saatdan artıq olan hər bir saat üçün bu əmsal 0,26 vahid artırılır.
2.6.5. Hər bir keşik çəkmə marşrutuna və postuna vərəqə tərtib olunur (Təlimata 2 saylı əlavə). Vərəqələr, xidmətə çıxarkən müfəttişlərə verilir və xidmətin sonunda təhvil alınır.
2.6.6. Keşik marşrut və postlarının Dislokasiyası nizami hissənin komandiri, DYP bölmələrində isə funksional vəzifələrdə nəzərdə tutulmuş səlahiyyətli şəxslər tərəfindən 1-3 il müddətinə hazırlanaraq, DYP orqanının rəhbəri ilə razılaşdırılır və təsdiq edilməsi üçün müvafiq olaraq DİN-in, Baş Polis İdarəsinin və polis idarə və şöbələrinin rəhbərlərinə təqdim edilir.
Nizami hissə bir neçə şəhər- rayon ərazisindən keçən avtomobil yolunda xidmət aparırsa, təsdiq edilmiş dislokasiyadan çıxarışlar hər bir şəhər və rayonun polis orqanının rəhbərinə göndərilir.
Qeyd: Nizami hissənin komandiri tərəfindən yol polisi idarəsinin rəisinin razılığı ilə müvafiq əmrlə əməkdaşların xidmət aparma marşrutları dislokasiya üzrə dəyişdirilə bilər.

2.6.7. Dislokasiya tərtib edilərkən bu Tə’limatın 2.4 maddəsində nəzərdə tutulanlardan əlavə qonşu nizami hissələrin keşik marşrutu və postlarının yerləşməsi, onların qarşılıqlı fəaliyyəti, naryadların növbətçi hissələr ilə rabitə əlaqəsi nəzərə alınmalıdır.
2.6.8. Müxtəlif xüsusi və kütləvi tədbirlərin keçirilməsi zamanı avtomobil yollarında yol polisi naryadları konkret şərait nəzərə alınmaqla tərtib edilən ayrıca dislokasiyaya uyğun düzülürlər.
2.6.9. Yol-patrul xidməti nizami hissələrinin iş rejimi müfəttişlərin xidmətə çıxma günü və gün bölgüsü göstərilən qrafikə uyğun müəyyən edilir. Şəxsi hey’ətin xidmət qrafiki aylıq tərtib edilir (Tə’limata 3 saylı əlavə) və DYP orqanlarının rəhbərləri və ya alay (bölük) komandirləri tərəfindən təsdiq olunur.
2.7. Yol nəqliyyat hadisələrinin (YNH) uçotu və təhlili.
2.7.1. YNH-nin uçotu və təhlili işinin təşkili və həyata keçirilməsi nizami hissənin qərargah rəisinin rəhbərliyi ilə onun komandirinə, uçot və təhlil işi üzrə müfəttişə və ya funksional vəzifə bölgüsünə görə bu işə məsul olan əməkdaşa həvalə olunur.
YNH-nin uçotu DİN-in normativ sənədi ilə təsdiqlənmiş qaydalar əsasında aparılır.
2.7.2.
Statistik hesabata daxil edilən hadisələr hər ay və hesabat dövrü ərzində artımla təhlil olunur. Təhlil hesabat dövründə hadisələrin vəziyyətini və keçən ilin müvafiq dövrü ilə müqayisəni əks etdirir ( xidmət ərazisində hadisələrin sayı,növü,baş vermə səbəbləri və s.), hadisələrin baş vermə yerlərini, günün vaxtını, həftənin günlərini, ayları və illəri əhatə edir. Təhlilin nəticələri cədvəl, qrafik, diaqram və sxemlərdə əks olunur.
2.8.
Yol patrul xidməti hissəlrinin işinin planlaşdırılması.
2.8.1. Hadisələrin təhlilinin nəticəsi və başqa sənədlər əsasında nizami hissələrin rüblük (alay, bölük) və aylıq ( tağım, qrup) iş planları tərtib edilir.
2.8.2. İş planı DİN-in əmr və göstərişlərinin icrasına və yol hərəkətinin təkmilləşdirilməsinə yönəlmiş tədbirləri əhatə etməlidir. Planda nəzərdə tutulan tədbirlərin icra vaxtı və icraçının soyadı göstərilməlidir.
Tədbirlər konkret, əsaslanmış və icra üçün real olmalıdır. Planda bu sahədə mütərəqqi iş təcrübəsinə əsaslanan tədbirlərə xüsusi yer verilməlidir.
2.8.3.
İş planı nizami hissənin komandirləri, DYP orqanı rəhbəri tərfindən təsdiq edilir. Yol polisi alayının iş planı onun hər bir struktur bölümü üçün tutulur və alay komandiri və ya onu əvəz edən şəxs tərəfindən təsdiq edilir.
2.8.4. Planın icra edilməsi haqqında arayış tərtib olunaraq onu təsdiq edən şəxsə məruzə edilir. Əgər bə’zi tədbirlər yerinə yetirilməyibsə onların icra edilməməsinin səbəbləri göstərilir. Arayışda əlavə keçirilmiştədbirlər də qeyd edilir. Planların icrasına nəzarət nizami hissələrin qərargah rəisi, həmçinin DYP bölmələrinin rəhbərləri tərəfindən həyata keçirilir.
Planın icra edilməsinin nəticələri şəxsi hey’ətin əməliyyat müşavirəsində müzakirə olunur.
2.9.
Naryadların hazırlığı və tə’limatlandırılması.
2.9.1. Yol-patrul xidmətinin aparılması üçün xidmətə tə’yin edilmiş əməkdaşların (naryadların) hazırlığı və tə’limatlandırılması Polisin Post-Patrul Xidmətinin Nizamnaməsinə və bu Tə’limata uyğun aparılır.
2.9.2. Xidmətə başlayan naryadın tə’limatlandırılmasını yalnız nizami hissənin komandiri və ya onun vəzifəsini icra edən əməkdaş məs’ul növbətçinin iştirakı ilə keçirir. Tə’limatlandırma barədə post cədvəli kitabında (Tə’limata 4 saylı əlavə) müvafiq qeydiyyat aparılır. Tə’limatlandırmaya DYP orqanının rəhbəri, habelə polisin digər xidmətlərinin əməkdaşları da də’vət edilə bilər.
2.9.3. Tə’limatlandırmanı keçirən əməkdaş:
-şəxsi hey’ətin xidmət aparmaq üçün hazırlıqlı olmasına əmin olmalı;
-seçmə üsulu ilə müfəttişlərin vəzifə və hüquqlarını, silahın tətbiqi qaydalarını, şəxsi təhlükəsizlik tədbirlərini bilmələrini yoxlamalıdır;
-şəxsi hey’əti xidmət ərazisində əməliyyat şəraiti və qəzaların vəziyyəti barədə mə’lumatlandırmalıdır;
-keşik post və marşrutlarını e’lan etməlidir;
-əvvəlki növbə ərzində qeydə alınmış müsbət iş göstəricilərini və ya qanun pozuntularını şəxsi hey’ətin nəzərinə çatdırmalıdır;
-naryadların başçılarını tə’yin etməlidir.
2.9.4. Xidmətə başlayan əməkdaşların döş nişanı,tabel silahı, jezl, şəxsi mühafizə vasitəsi və digər xüsusi vasitələri üzərlərində olmaqla geyim forması səliqəli və fəslə uyğun olmalıdır. Bundan əlavə müfəttişlərin xidməti və sürücülük vəsiqəsi, xidməti çantalarında post və marşrut vərəqəsi, xidməti kitabça, protokol blankları, cərimə qəbzləri, raport blankı, diyircəkli qələm, karandaş, xəttkeş, fit, cib elektrik fənəri, «Yol hərəkəti haqqında» Qanunun mətni olmalıdır.
2.9.5. Tə’limatlandırma, naryadlara xidmətə başlanılması əmrinin verilməsi ilə başa çatır. Tə’limatlandırmanın müddəti 30 dəqiqədən artıq olmamalıdır.
2.9.6. Nizami hissənin yerləşdiyi ərazidən uzaq məsafədə yerləşən postda xidmət aparan müfəttişlər nizami hissənin komandirinin razılığı ilə tə’limatlandırmaya həftənin müəyyən edilmiş günlərində gəlirlər. Onlar xidmətə başlama barəsində rabitə vasitələri ilə nizami hissənin məs’ul növbətçisinə mə’lumat verir, ondan lazımi göstəriş və mə’lumatı alırlar. Şəhər və digər yaşayış məntəqələrində xidmət aparan zaman hər saatdan bir, şəhərkənarı yollarda xidmət zamanı isə hər iki saatdan bir əməliyyat şəraiti barədə məs’ul növbətçini mə’lumatlandırırlar.
2.9.7. Gündüz vaxtı şəhərdaxili post və marşrutlara yalnız 1 nəfərdən ibarət piyada, moto və ya avtopatrul naryadı tə’yin edilir. Hərəkətin intensivliyinin sıx olduğu küçə və yollarda avtopatruldan ibarət naryadların tətbiqi yol verilməzdir.
4 və ya 5 qonşu post və marşrutlara zabit hey’ətindən bir nəfər naryad başçısı tə’yin edilir. Zərurət yarandığı hallarda naryad başçısına (BYPM-nə) konkret post və ya marşrut təhkim oluna bilər. Stasionar postlarda, şəhərkənarı yollarda və sutkanın qaranlıq vaxtı tərkibində ikidən az əməkdaş olan naryadların tətbiqi qadağandır.

3. Yol-patrul xidmətinin aparılması.
3.1. Yol-patrul xidmətinin aparılması Polisin Post-Patrul Xidmətinin Nizamnaməsinin və bu Tə’limatın tələblərinə uyğun yerinə yetirilir.
3.2. Yol-patrul xidmətinin aparılmasının forma və metodları.
3.2.1. Yol-patrul xidməti aşağıdakı formalarda təşkil olunur:
-əməliyyat-xidməti nəqliyyat vasitələrində (avtomobil, motosiklet və vertolyotlarda);
-piyada;
-stasionar postlarda;
-gizli.
3.2.1.1. Avtomobillərdə keşik çəkmə bir qayda olaraq iki yol polisi müfəttişi, motosikletlərdə isə bir yol polisi müfəttişi tərəfindən yerinə yetirilir. Əgər naryad iki nəfərdən ibarətdirsə, xidmətin düzgün aparılması məs’uliyyətini tə’limatlandırmanı aparan vəzifəli şəxs tərəfindən tə’yin edilmiş ekipajın başçısı daşıyır.
3.2.1.2. Vertolyotla keşik çəkmə-vertolyotla birlikdə üç keşik avtomobilindən istifadə etmək yolu ilə yerinə yetirilir. Bu zaman vertolyotun avtomobillərlə daimi radioəlaqəsi yaradılır. Vertolyotun naryadının tərkibinə uçuş hey’ətindən əlavə baş yol polisi müfəttişi daxil olur.
3.2.1.3. Piyada keşik çəkmə-yolların yüksək hərəkət intensivliyi çox olan qəza təhlükəli sahələrində hərəkətə nəzarət məqsədilə tətbiq edilir.
3.2.1.4. Stasionar postlarda keşik çəkmə onların yerləşdikləri yol sahələrində nəqliyyat vasitələrini yoxlamaq məqsədilə aparılır. Stasionar postlar əsasən respublika əhəmiyyətli avtomobil yollarında, şəhərlərin giriş və çıxışlarında DYP İdarəsinin təklifi əsasında DİN rəhbərliyinin icazəsilə təşkil olunur. Postlar aşağıdakılarla təchiz olunurlar:
-mebel, rabitə vasitələri, qəza-xilasedici avadanlıqları, səsgücləndirici, videomanitor və kompüterlər, nəqliyyat vasitəsinin məcburi saxlanılması üçün texniki vasitələr, qaz analizator, alkotestr, sürətölçənlər və digər avadanlıqlarla;
-«Postun təhvil- təslim jurnalı» ( Tə’limata 7 saylı əlavə), «Daxil olmuş göstərişlərin uçotu jurnalı» (Tə’limata 8 saylı əlavə), «Axtarışı e’lan edilmiş nəqliyyat vasitələrinin uçotu jurnalı» (Tə’limata 9 saylı əlavə), «Nəqliyyat vasitəsinin saxlanca qəbul edilmə jurnalı» (Tə’limata 10 saylı əlavə), «Sürətölçənin göstəricilərinin uçotu kitabı» (Tə’limata 11 saylı əlavə), «Yol şəraiti, texniki tənzimləmə vasitələri və yol nişanlarının vəziyyətində müəyyən edilən çatışmamazlıqların uçotu jurnalı» (Tə’limata 12 saylı əlavə).
Qeyd: Bu jurnallar və kitablar doldurulması başa çatdıqdan sonra 2 il müddətində saxlanılır.

3.2.2. Yol-patrul xidmətinin aparılmasının əsas metodları aşağıdakılardır:
-hərəkətin müşahidə olunması;
- qaydaların pozulmasının yol verilməzliyi barədə hərəkət iştirakçılarının xəbərdar olunması;
-hərəkətə nəzarət edilməsi;
-hərəkətin nizamlanması;
-qayda pozuntularına müdaxilə edilməsi.
3.2.3. Yol hərəkətinin müşahidə olunması keşik marşrutu və ya xidmət postu ərazisində yol şəraiti və hərəkətin qəbul olunmuş qaydalara uyğunluluğunu qiymətləndirməkdən, habelə mövcud yol hərəkətinin təşkili sxemi barədə mə’lumat toplamaqdan ibarətdir.
3.2.4. Qaydaların pozulmasının yol verilməzliyi barədə hərəkət iştirakçılarının xəbərdar olunması - yol polisi müfəttişinin marşrutun (postun) çox intensivli sahəsində, habelə nəqliyyat qəzalarının baş verdiyi yerdə olması ilə onun hərəkət iştirakçılarına göstərmiş olduğu tə’sirdir.
3.2.5. Hərəkətə nəzarət edilməsi - yol hərəkəti iştirakçılarının yolda davranışının vizual və ya texniki vasitələrin (cihazların) tətbiqi ilə öyrənilməsidir.
3.2.6. Hərəkətin nizamlanması - yol-patrul xidmətinin aparılması zamanı hərəkətə maneələrin aradan qaldırılması, hərəkət iştirakçılarına yardım edilməsi, onların yolda yaranmış təhlükə barədə xəbardar olunmaları ilə bağlı hərəkətlərdir. Yol polisi müfəttişinin, nizamlayıcının siqnalları - jestləri
(Tə’limata 13 saylı əlavə) də bu hərəkətlərə aid edilirlər və aşağıdakı hallarda tətbiq olunurlar:
-piyadaların yolları keçməsi zamanı;
-hərəkətdə tıxac yarandıqda;
-nəqliyyat vasitələrinin müşayiət olunması, xüsusi, habelə kütləvi tədbirlər keçirildikdə;
-texniki nizamlama vasitələrində nasazlıq yarandıqda;
-fövqal’adə hadisələr və yol nəqliyyat qəzaları yerində.
3.2.7. Qayda pozuntularına müdaxilə edilməsi hərəkət iştirakçıları tərəfindən törədilmiş yol hərəkəti qaydaları pozuntularının qarşısının alınmasından, yol nəqliyyat hadisələrinin səbəblərinin aradan qaldırılmasından, nəqliyyat vasitələrinin yol hərəkətində iştirakdan kənarlaşdırılmasından, qayda pozuntusu törətmiş şəxslərin məs’uliyyətə cəlb edilməsindən, qəza yerindən yayınmış sürücülərin axtarışından və s. ibarətdir.
3.3. Yol-patrul xidmətinin aparılması zamanı keşik nəqliyyatı, əməliyyat -texniki və rabitə vasitələrinin tətbiqi.
3.3.1. Yol-patrul xidmətinin operativ nəqliyyat vasitələrinə aid olan xüsusi rəng qrafikası və işıq sistemi olan keşik avtomobilləri və ya motosikletləri ilə aparılması zamanı aşağıdakı üsullar tətbiq edilir:
-nəqliyyat axınında və ya ondan kənarda, yaxud hərəkət edən nəqliyyat vasitələrini ötərək hərəkət etmək (sürücülərə nəzarət məqsədilə);
-nəqliyyat axınının qarşısında müəyyən olunmuş sürət həddini aşmayaraq hərəkət etmək (təhlükəli sahələrdə sür’ət həddinə riayət olunması məqsədilə);
-qəza təhlükəli sahələrdə dayanma (hərəkət iştirakçılarının qaydalara riayət etmələrinə nəzarət məqsədilə);
-qəza təhlükəli sahələrdə, habelə günün qaranlıq vaxtı sayrışan işıqlarla hərəkət etmə (hərəkət iştirakçılarını qayda pozuntularından çəkindirmək məqsədilə).
3.3.2. Keşik avtomotonəqliyyat vasitələri ilə xidməti ərazinin uzunluğu şəhərdaxilində 6-8 km, respublika əhəmiyyətli avtomobil yollarında 30-35 km. qəbul edilir. Digər yollarda bu normalara məhdudiyyət qoyulmur.
3.3.3. Əməliyyat -xidməti nəqliyyat vasitələrilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünür:
-hərəkətə aşkar nəzarət zamanı müfəttiş müəyyən olunmuş geyim formasında olmalı, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmalı, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durmalıdır;
-gizli nəzarət xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər tərəfindən, əsasən günün işıqlı vaxtında aparılır (qaranlıq vaxtı gizli nəzarət yalnız süni və kifayət qədər yaxşı işıqlandırılan yol sahələrində aparılır). Bu zaman aşkar olunan qayda pozuntuları barədə müfəttiş raport (Tə’limata 14 saylı əlavə) tərtib edir. Tərtib olunmuş raportlar nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alındığı ərazinin DYP orqanına göndərilir;
-qarışıq nəzarət xüsusi rəng qrafikası olan və olmayan (iki) əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan müfəttişlər tərəfindən aparılır. Hər iki nəqliyyat vasitəsinin hey’ətləri bir-birilə radiorabitə əlaqəsi saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə mə’lumat verir və müvafiq tədbir görürlər.
3.3.4. Vertolyotların tətbiqi ilə yol patrul xidməti, uçuş normalarına uyğun olaraq, Azərbaycan Hava Yolları Dövlət Konserni ilə razılaşdırılmış ayrıca qaydalara uyğun olaraq yerinə yetirilir.
3.3.5. Müfəttiş evakuatoru (avtokran) nəqliyyat vasitəsinin saxlanılması üçün duracağa aparılması məqsədilə aşağıdakı qaydada tətbiq edilir:
-sürücülər dayanma və durma qaydalarını pozmaqla saxladıqları nəqliyyat vasitələrini tərk etdikləri halda yol polisi müfəttişi nəqliyyat vasitəsinin duracağa göndərilməsi barədə qərar qəbul edir;
-müfəttiş radio rabitəsi vasitəsilə qayda pozuntusu barədə növbətçi hissəyə mə’lumat verir və həmin yerə evakuator çağırır;
-müfəttiş nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsini (Tə’limata 15 saylı əlavə) doldurur;
-müfəttiş bütün imkanlardan istifadə edərək bu haqda nəqliyyat vasitəsinin sahibini mə’lumatlandırmalıdır.
-göndəriş vərəqəsinin surəti əsasında evakuatorun hey’əti nəqliyyat vasitəsini göstərilən duracağa aparır;
-duracağa gətirilmiş nəqliyyat vasitəsi onun qulluqçularına Aktla (Tə’limata 16 saylı əlavə) təhvil verilir;
-duracağın qulluqçuları nəqliyyat vasitəsini DYP orqanının aktda edilmiş qeydi əsasında, onun duracağa gətirilməsi və orada saxlanılması haqqı nəqliyyat vasitəsinin sahibi tərəfindən ödənildikdən dərhal sonra qaytarırlar.
3.3.6. Evakuator yol nəqliyyat hadisəsi nəticəsində sıradan çıxmış nəqliyyat vasitələrinin aparılması, habelə xüsusi tədbirlərin keçirildiyi ərazilərdə sahibsiz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə də istifadə olunur.
3.3.7. Hərəkət sür’ətinin müəyyənləşdirilməsi üçün texniki nəzarət vasitələri ilk növbədə, yüksək hərəkət sür’ətli, həmçinin az hərəkət intensivli avtomobil yollarında tətbiq olunur. Bu texniki vasitələr müfəttiş tərəfindən cihazın istismarı üzrə Tə’limata müvafiq olaraq tətbiq edilir:
-avtomatik işləyən sür’ət ölçən cihaz (radar) yeri dəyişilməklə xidmət ərazisində tətbiq edilir və onun göstəriciləri xidmətin sonunda çıxarılaraq müvafiq qaydada sənədləşdirilir;
-müfəttiş tərəfindən cihazla məsafədən ölçülən hərəkət sür’əti nəqliyyat vasitəsinin sürücüsünə göstərilməli, o narazı olduqda müfəttiş cihazın tə’yinatı barədə mə’lumat verməli, onun düzgün işləməsini hərəkət edən nəqliyyat vasitələrinin sür’ətini ölçməklə əyani surətdə nümayiş etdirməlidir;
-hər bir aşkar olunmuş pozuntu qeydə alınmalıdır.
3.3.8. Alkotester yol polisi müfəttişləri tərəfindən nəqliyyat vasitəsi sürücüsünün alkoqol maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilir.
3.3.8.1. Alkotester onların istismarı üzrə Tə’limata müvafiq qaydada istifadə edilir.
3.3.8.2. Müayinənin nəticəsi yol polisi müfəttişi tərəfindən müayinə olunan şəxsə bildirilir. Yalnız müayinə olunan şəxs öz sərxoşluğunu e’tiraf edərək müayinənin nəticəsilə razı olduqda, müfəttiş bu halı qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirir.
3.3.8.3. Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır.
3.3.8.4. Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar biruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. Sürücü tibbi müayinəyə aparılarkən tibbi müayinəyə göndərmə protokolu tərtib olunur (Tə’limata 17 saylı əlavə).
3.3.9. Yol-patrul xidmətində istifadə olunan nəzarət-ölçü cihazları dövlət standartlaşdırma orqanları tərəfindən yoxlanılmalı və tətbiqinə icazə verən şəhadətnaməsi olmalıdır. Yoxlanılmamış, habelə yoxlama müddəti keçmiş nəzarət ölçü cihazlarının xidmətdə istifadəsi yolverilməzdir.
3.3.10. Yol-patrul xidmətində rabitə vasitələri naryadların bir birilə, həmçinin növbətçi hissə ilə qarşılıqlı əlaqəsinin tə’min edilməsi üçün istifadə olunur.
3.3.10.1. Yol polisi müfəttişləri tərəfindən radio rabitə vasitələri ilə mə’lumatın verilməsi qaydaları DİN-in müvafiq normativ aktı ilə müəyyənləşdirilir.
3.4 Yol-patrul xidmətinin aparılması.
3.4.1. Keşik marşrutunda və ya postunda hərəkətə nəzarət edən yol polisi müfəttişi hərəkətin təhlükəsizliyini, onun fasiləsizliyini tə’min edir. Bu məqsədlə o, :
-nəqliyyat vasitələrinin ləngimələrinin qarşısını alır, ümumi istifadədə olan nəqliyyat vasitələrinin ritmik hərəkətini tə’min edir;
-Zəruri hallarda, nəqliyyatın ritmik hərəkətinin təmin edilməsi məqsədilə hərəkət təhlükəsizliyini nizamlayır;
-hərəkətə maneələri aradan qaldırır, yolun hərəkət hissəsini nasaz nəqliyyat vasitələrindən, düşmüş yükdən, kənar əşyalardan və s. təmizlənməsi üçün tədbir görür (nəqliyyat vasitəsini, əşyanı kənarlaşdırır, bu mümkün olmadıqda təhlükəli sahəni çəpərləyir, nişanlayır, hərəkət iştirakçılarını təhlükə barədə xəbərdar edir) və s.;
-vəziyyətdən asılı olaraq sürücülərdən hərəkət sür’ətini azaltmağı və ya artırmağı, ötməni, dayanmağı, hərəkət zolağını dəyişdirməməyi və sair tələb edir;
-hərəkət zolaqları və istiqamətlər üzrə nəqliyyat axınlarını və hərəkətin digər iştirakçılarını hissə-hissə saxlayır və ya buraxır;
-xüsusi səs siqnalı və göy və ya qırmızı rəngli sayrışan işıq siqnalı verən nəqliyyat vasitələrinin maneəsiz hərəkətini tə’min edir;
-piyadaların yolun hərəkət hissəsini təhlükəsiz keçməsinə şərait yaradır və bu zaman yaşlı, uşaq və əlillərə kömək edir;
-yol hərəkəti qaydalarının pozulması hallarını aşkar edir, qayda pozan sürücü və hərəkətin digər iştirakçılarını qanunla müəyyən edilmiş müddətdə saxlayır və səlahiyyəti daxilində onları inzibati məs’uliyyətə cəlb edir və s.;
Stasionar postda xidmətdə olan yol polisi müfəttişi yuxarıdakılardan əlavə:
-postda avtomatlaşdırılmış idarəetmə sistemi olduqda yol hərəkətini idarə edir, texniki nizamlama vasitələrinin iş rejimini dəyişir, mürəkkəb yol-nəqliyyat şəraitinin aradan qaldırılması üçün tədbir görür;
-axtarış barədə məlumatların qəbulu və ötürülməsini tə’min edir;
-özünün, habelə digər yol polisi müfəttişlərinin yol hərəkətindən kənarlaşdırdığı nəqliyyat vasitəsini postun yanında mühafizə olunaraq saxlanılmasını tə’min edir;
-gecə vaxtı postdan keçən sərnişin daşıyan avtobusların hərəkətini məhdudlaşdırır.
3.4.2. Piyada keşik xidməti marşrutunun uzunluğu 1500 m-ə qədər qəbul olunur. Xüsusi hal kimi nəzarət postları tətbiq edilə bilər. Piyada xidmət aparan yol polisi müfəttişi hərəkətə açıq və ya gizli nəzarət edir.
3.4.2.1.
Açıq nəzarət zamanı müfəttiş bütün yol hərəkəti iştirakçılarına aydın görünməsi və qayda pozuntularının qarşısının alınması üçün yolun kənarı boyunca, səki qırağı ilə nəqliyyat axınına qarşı hərəkət edir.
3.4.2.2.Müfəttiş yalnız hərəkətə maneə törətmədiyi, özünün həyatına təhlükə yaranmadığı hallarda yolun hərəkət hissəsinin ortasında xidmət apara bilər.
3.4.2.3.
Gecə vaxtı qeyri kafi işıqlandırılan, habelə məhdud görünmə və sürüşkən yol şəraitində müfəttişin hərəkət hissəsində olması yolverilməzdir.
3.4.2.4.Açıq nəzarəti müfəttiş müəyyən edilmiş müvafiq geyim formasında və ekipirovkada, gizli nəzarəti isə mülki geyimdə yerinə yetirir.
3.4.2.5. Piyada xidmət aparan müfəttişin xidmət zamanı şəxsi nəqliyyat vasitəsindən istifadəsi qadağan olunur.
3.4.2.6. Müfəttiş tərəfindən xidmət zamanı post və marşrutlarda, keşik avtomobilində vətəndaşlarda ikrah hissi yaradan hərəkətlərə (iddia qəbul etmək, saqqız çeynəmək və s.) yol verilməsi qadağandır.
3.4.3. Yol hərəkətinə nəzarət edən yol polisi müfəttişi aşağıdakı hallarda nəqliyyat vasitələrini saxlayır:
-sürücü yol hərəkəti qaydalarını pozduqda;
-hərəkətin xarakteri sürücünün nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olmasına şübhə doğurduqda (sərxoşluq,yorğunluq) və s;
-nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayət törədilməsində şübhə olması barədə mə’lumat olduqda;
-nəqliyyat vasitəsinin texniki vəziyyətinin normalara uyğunsuzluğu müəyyən edildikdə, banının hissələrinin zədələri olduqda və daşınan yük dağıldıqda və ya hərəkət üçün təhlükə yaratdıqda;
-nəqliyyat vasitəsinin ön şüşəsində müvafiq texniki baxış talonu olmadıqda;
-nəqliyyat vasitələrini idarə edən şəxslərin sənədlərini yoxlamaq məqsədilə stasionar postda xidmət apardıqda;
-xüsusi tədbirlər keçirildikdə (yaxalama və s.) .
3.4.4. Müfəttiş nəqliyyat vasitəsinin dayanması barədə tələbi fitlə, jezllə işarə verməklə və ya səsgücləndirici cihazla edir. Bu tələb elə edilməlidir ki, sürücü nəqliyyat vasitəsini saxlayarkən digər hərəkət iştirakçılarına maneə yaratmasın.
3.4.4.1. Nəqliyyat vasitəsinin dayanma və durma qadağan edilən yerlərdə saxlanılmasına icazə verilmir, şəhər kənarında saxlanılan nəqliyyat vasitəsi yolun çiynində dayandırılmalıdır.
3.4.4.2. Gecə vaxtı nəqliyyat vasitəsi yalnız stasionar postlarda, habelə ondan kənarda yol polisi naryadının tərkibində iki müfəttiş olduqda saxlanıla bilər.
3.4.4.3. Yolda xüsusi rəng qrafikası və işıq sistemi ilə təchiz olunmuş avtomobildə (motosikletdə) hərəkət edən yol polisi müfəttişi nəqliyyat vasitəsini saxlamaq məqsədilə sayrışan işıq siqnalı verərək səsgücləndirici vasitəsilə sağ kənar hərəkət zolağına keçilməsi və dayanması barədə göstəriş verir. Bu zaman yol polisi naryadı saxlanılan nəqliyyat vasitəsinin arxası ilə hərəkət etməli və hər an sürücünün gözlənilməz manevrlərinə hazır olmalıdır.
3.4.4.4. Ekipajda iki müfəttiş olduqda sükan arxasında olmayan müfəttiş keşik avtomobilindən düşür və saxlanılmış nəqliyyat vasitəsinin arxasından keçərək sürücüyə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmasının səbəbini bildirməklə ondan aşağıdakı sənədlərin təqdim olunmasını tələb edir:
-sürücülük vəsiqəsini;
-sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada alındıqda, onu əvəz edən müvəqqəti icazə vərəqəsini;
-fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş e’tibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməni;
-nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
-nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə, xüsusi razılıq (lisenziya) və ya yol vərəqəsini;
-daşınan yüklərə dair sənədləri;
-nəqliyyat vasitəsinin sahibinin mülki məs’uliyyətinin icbari sığortası haqqında şəhadətnamə;
-sərnişin daşınmaya cəlb olunmuş nəqliyyat vasitələri üçün marşrut vərəqəsini ;
-təhlükəli və iri qabaritli yük daşınmasının hərəkət marşrutu və qəza vərəqəsi, belə daşımaya ijazə şəhadətnaməsi (sürüjü və nəqliyyat vasitəsi) və s.
3.4.4.5. Müfəttiş vacib halda sürücüdən saxlanılmış nəqliyyat vasitəsinin mühərrikinin qeyri işlək vəziyyətə gətirilməsini və onun nəqliyyat vasitəsindən çıxmasını tələb edir, sürücü ilə danışıqları və sənədələşməni bir qayda olaraq yol çiynində (səkidə) aparır. Bu zaman nəqliyyat vasitəsinə söykənmək (onun üzərində və içərisində yazı yazmaq, ayağını ayaqaltıya və ya bamperə qoymaq və s.) yolverilməzdir. Müfəttiş yalnız əlverişsiz hava şəraitində (külək, yağmur) sənədləşməni keşik avtomobilinin içərisində aparır. İstənilən halda hərəkət iştirakçısının qayda pozuntusunun sənədləşdirilməsi məqsədilə keşik nəqliyyat vasitəsinə mindirilməsi qadağandır. Piyada xidmət aparan müfəttişlər isə mövjud şəraitə uyğun hərəkət edir.
3.4.4.6. Nəqliyyat vasiətəsinin sürücüsü müfəttişin dayanma tələbini yerinə yetirmədikdə, müfəttiş qonşu keşik marşrutu və postda xidmət aparan yol polisi naryadına bu barədə mə’lumat verir ki, onlar nəqliyyat vasitəsinin saxlanılması üçün əlavə tədbirlər görsünlər. Özü isə pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi və dövlət qeydiyyat nişanı göstərilməklə yuxarı vəzifəli şəxsə yazılı raport (Tə’limata 14 saylı əlavə) verir.
3.4.4.7. Dayanmaq barədə yol polisi müfəttişinin tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsini tə’qib etməyə, yalnız sürücü və onunla olan sərnişin tərəfindən cinayətin törədilməsinə və ya cinayət törədilməsində şübhəli olması haqqında dəqiq mə’lumat olduqda icazə verilir.
3.4.4.8. Nəqliyyat vasitəsinin tə’qib olunması zamanı yol polisi müfəttişi tərəfindən aşağıdakı tələblər yerinə yetirilir:
-tə’qib olunan nəqliyyat vasitəsini daim görmə dairəsində saxlayır;
-tə’qib olunanın bütün hərəkətlərini əvvəlcədən qiymətləndirir, onun gizlənməsinə imkan vermir;
-bacarıq və ehtiyatla manevr edir;
-tə’qib olunanın yaxalanması üçün ən qısa marşrut seçir;
-tə’qib olunan nəqliyyat vasitəsinin sərnişinlərinin hərəkətlərinə diqqət yetirir ( atılan əşya, salonda yerdəyişmə və sair);
-növbətçi hissəni tə’qib marşrutu barədə daim məlumatladırır, nəqliyyat vasitəsinin yaxalanması üçün əlavə qüvvə ayrılması üçün müraciət edir;
-tə’qib olunan nəqliyyat vasitəsinə arxadan yaxınlaşaraq, səsgücləndirici vasitəsilə nəqliyyatın yol kənarında saxlanılmasını tələb edir.
3.4.4.9. Tə’qib zamanı yol polisi müfəttişi özünün və hərəkətin digər iştirakçılarının təhlükəsizliyinin tə’min olunması məqsədilə aşğıdakıları yerinə yetirməyə borcludur:
-tə’qib vaxtı xüsusi səs və sayrışan işıq siqnallarını işlək vəziyyətdə saxlamalıdır;
-hərəkətin digər iştirakçılarına qarşı xüsusi diqqətli olmalıdır;
-manevr etməzdən əvvəl onun təhlükəsizliliyinə tam əmin olmalıdır;
-yol ayrıclarında və dəmiryol keçidlərində ötmə qaydalarını pozmamalıdır;
-tə’qib olunana ehtiyyatla yanaşmalıdır;
-tə’qib təhlükəli olduqda və ya onun bir nəticə verməməsi aydın olduqda tə’qibi dayandırmalıdır ( növbətçi müfəttişin razılığı əsasında, onunla rabitə olmadıqda - bu qərarı müfəttiş özü qəbul edir).
3.4.4.10.
Tə’qib zamanı cinayətkarların silahlı olması mə’lum olduqda müfəttiş onların yaxalanması üçün xüsusi əməliyyat qrupunun göndərilməsi barədə növbətçi hissəyə müraciət edir.
3.4.5.
Nəqliyyat vasitəsini idarə edən şəxsin sənədləri qaydasındadırsa və o, yol hərəkət qaydalarını pozmamışdırsa, müfəttiş ona hərəkəti davam etdirməyə icazə verir.
3.4.6. Nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkət qaydalarını pozmuşdursa o, qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məs’uliyyət daşıyır və müfəttiş öz səlahiyyətləri daxilində inzibati cəza tədbiri görür.
3.4.7. Keşik marşrutu və postunda xidmət aparan yol polisi müfəttişi aşağıdakı hallarda dayandırılmış nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırır və mühafizə olunan duracağa göndərir:
-nəqliyyat vasitəsini idarə edən şəxsdə və ya onunla birgə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi olmadıqda;
-nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda, saxta və ya qeyri standart olduqda;
-nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi onu idarə edən şəxs tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
-nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə;
-nəqliyyat vasitəsi alkoqol, narkotik vasitələr və ya güclü tə’sir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunduqda və onunla gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda.
3.4.7.1. Nəqliyyat vasitəsinin saxlanması barədə müfəttiş iki nüsxədə akt (Tə’limata 16 saylı əlavə) tərtib edir, onun birinci nüsxəsini qanunpozuntusu ilə bağlı tərtib olunmuş inzibati protokola əlavə edir, surətini isə nəqliyyat vasitəsini idarə edən şəxsə verir.
3.4.7.2. Nəqliyyat vasitəsinin saxlanma səbəbini üç saat ərzində yerində aradan qaldırmaq mümkün olduqda müfəttiş nəqliyyat vasitəsini yanında saxlayır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən, mübahisəli hallar araşdırıldıqdan və pozuntuya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılan nəqliyyat vasitəsini müfəttiş sahibinə qaytarır.
3.4.7.3. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılma səbəbi yerində aradan qaldırılmadıqda müfəttiş nəqliyyat vasitəsini mühafizə olunan duracağa gətirir (göndərir).
3.4.7.4. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırılması barədə aktda (Tə’limata 16 saylı əlavə) müvafiq qeyd edildikdən və pozuntuya görə inzibati tənbeh verildikdən, onun duracağa gətirilməsi və orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra mə’sul əməkdaş tərəfindən nəqliyyat vasitəsi sahibinə qaytarılır.
3.4.8. Müfəttiş aşağıdakı hallarda hərəkət iştirakçılarını nizami hissənin və ya daxili işlər orqanının növbətçi hissələrinə gətirir:
-qanun pozuntusuna görə yerində inzibati tə’sir tədbirlərini tətbiq və ya yol nəqliyyat hadisəsi üzrə sənədləşməni tərtib etmək mümkün olmadıqda;
-nəqliyyat vasitəsini idarə edən şəxsin şəxsiyyətini müəyyənləşdirmək məqsədilə;
-daşınan yükün sənədləri olmadıqda və sənədlərin saxtalığına şübhə yarandıqda;
-nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət və ya yol nəqliyyat hadisəsi törətməsində şübhə yarandıqda;
-piyadalar, mal-qara ötürənlər, at arabalarını sürənlər yol nəqliyyat hadisəsinin baş verməsində günahkar olduqda, habelə qayda pozuntusu törədilməsilə əlaqədar şəxsiyyətlərini müəyyən edən sənədi təqdim etmədikdə və ya yerində cəriməni ödəməkdən imtina etdikdə.
3.4.9. Keşik marşrutu və postunda xidmətdə olan yol polisi müfəttişi qaçırılmış, oğurlanmış, həmçinin yol nəqliyyat hadisəsi yerindən yayınmış nəqliyyat vasitələrinin və onları idarə edən şəxslərin axtarışı işini yerinə yetirir.
3.4.9.1. Tə’limat zamanı axtarışda olan nəqliyyat vasitəsi və şəxs barədə mə’lumat alan müfəttiş bu barədə xidməti kitabçasında (Tə’limata 5 saylı əlavə) qeyd edir. Bundan sonra o, yol patrul xidmətini yerinə yetirdiyi müddət ərzində hərəkət edən nəqliyyat vasitələri arasında onları axtarır.
3.4.9.2. "Yaxalama" və digər axtarış tədbirləri barədə əmr aldıqda bu plana uyğun yerini tutur və hərəkəti haqqında növbətçi hissəyə mə’ruzə edir.
3.4.9.3.
Axtarışı e’lan edilmiş nəqliyyat vasitəsini və ya şəxsi aşkar etdikdə onları şəxsən və ya digər polis əməkdaşlarının köməyi ilə yaxalayır. Yaxalama barədə növbətçi hissəyə mə’lumat verir və nəqliyyat vasitəsinin, eləcə də cinayətkarın əməliyyat qrupu gələnə qədər keşiyini çəkir.
3.4.9.4. Aşkar etdiyi nəqliyyat vasitəsinə baxış haqqında protokol (Tə’limata 18 saylı əlavə) tərtib edir.
3.4.9.5. Cinayətkarı yaxalamaq mümkün olmadıqda dərhal növbətçi hissəyə bu barədə mə’lumat verir, onları itirmiş olduğu yer, vaxt haqqında mə’lumatlandırır.
3.4.10. Keşik marşrutu və postunda xidmətdə olan yol polisi müfəttişi avtomobil yollarında mövcud şəraitə nəzarət edir.
3.4.10.1. Yol şəraitində nöqsan aşkar edən yol polisi müfəttişi bu barədə növbətçi hissəyə mə’lumat verir, nöqsanın aradan qaldırılması, nəqliyyatın fasiləsiz hərəkətinin tə’min olunması üçün tədbirlər görür (qəza təhlükəli yol sahələrinin kənardan keçməsini təşkil edir və sair).
Xidmət başa çatdıqdan sonra aşkar olunmuş nöqsanları uçot jurnalında(Tə’limata 12 saylı əlavə) qeyd edir.
3.4.10.2. Xidmət ərazisinə daxil olan yol sahələrində tə’mir-tikinti işlərinin aparıldığı zaman bu işlərə xüsusi icazə verilməsini, tə’mir yerlərinin çəpərlənməsini, müvafiq yol nişanları ilə işarələnməsini yoxlayır və inzibati tədbir görür, uyğunsuzluqların aradan qaldırılmasını tə’mir aparan vəzifəli şəxslərdən tələb edir. Mövcud nöqsanlar yerində aradan qaldırılmadıqda və normativ aktların tələbləri yerinə yetirilmədikdə o, tə’mir-tikinti işlərinin aparılmasını qadağan edir və qəbul etdiyi qərar barədə növbətçi hissəyə mə’lumat verir.
3.4.10.3. Svetofor nizamlanmasında nasazlıq yarandıqda və ya onun iş rejimi pozulduqda müfəttiş dərhal növbətçi hissəyə mə’lumat verir və çatışmamazlıqların aradan qaldırılmasına qədər olan müddət ərzində hərəkətin əllə nizamlanması üçün tədbir görür.
3.4.11.
Avtomobil yolunda və ona bitişik ərazidə yanğın baş verdikdə müfəttiş dərhal növbətçi hissəyə mə’lumat verərək yanğının söndürülməsi üçün imkanı daxilində tədbir görür, nəqliyyat vasitələrinin yanğın yerindən kənarlaşdırılmasını və yanğınsöndürən avtomobillərin hadisə yerinə maneəsiz gəlişini tə’min edir.
3.4.12. Yol-patrul xidmətini yerinə yetirən zaman müfəttiş keşik marşrutu və postu ərazisində həmçinin ictimai təhlükəsizliyin tə’min edilməsinə və cinayət əməllərinin qarşısının alınmasına yönəlmiş tədbirləri də həyata keçirir. Bu məqsədlə o, :
-vətəndaşlar tərəfindən ijtimai təhlükəsizliyin pozulmasına yönəlmiş hərəkətlərin qarşısını alır;
-baş vermiş cinayətin izlərini aşkar etdikdə onların mühafizəsini təşkil edir;
-yollarda nalayiq hərəkətlərə yol verən, sərxoş halda uzanıb qalan şəxslərin aşkar olunub qanunsuz hərəkətlərinə son qoyulması üzrə tədbir görür;
-kanalizasiya, su və qaz kəmərlərində, elektrik xəttlərində nasazlıq aşkar etdikdə dərhal növbətçi hissəyə məlumat verərək qəza-xilasetmə xidmətini hadisə yerinə çağırır;
-keşik marşrutuna qonşu ərazilərdə xuliqanlıq hərəkətləri barədə vətəndaşların mə’lumatlarını növbətçi hissəyə verir və alınan göstəriş üzrə hərəkət edir;
3.4.13. «Polis haqqında» Qanunla müəyyən edilmiş hallarda və qaydada xidməti silahı tətbiq edir.
3.4.14. Müfəttiş keşik marşrutu və postu ərazisində yerləşən polis orqanları, sahə müvəkkillərinin məntəqələri ilə qarşılıqlı əlaqə yaradır.
3.4.15. Kütləvi tədbirlərin keçirildiyi, habelə fövqal’adə hadisələr baş verdiyi zaman yol patrul xidmətini yerinə yetirən müfəttiş növbətçi hissədən və ya yuxarı vəzifəli əməkdaşdan almış olduğu tapşırıqları icra edir.
3.4.16. Müfəttiş xüsusi tə’yinatlı nəqliyyat karvanının müşayiət olunması zamanı DİN-in müvafiq normativ aktının tələblərini rəhbər tutur və müşayiətin və kortejin başçılarının göstərişlərini icra edir.
3.4.17.Keşik marşrutu və postunu yol polisi müfəttişi yalnız xidmət etdiyi nizami hissənin komandirinin və ya növbətçi müfəttişin göstərişi əsasında tərk edə bilər.
3.5.
Müfəttişin yol nəqliyyat hadisəsi yerində hərəkətləri.
3.5.1. Yol nəqliyyat hadisəsi barədə mə’lumat aldıqda müfəttiş ərizəçidən bu Tə’limatın 7.6.4. bəndində göstərilən mə’lumatı alır.
3.5.2. Müfəttişə mə’lum olmuş hər bir hadisə barədə, hətta onun xidmət ərazisindən kənarda baş verdiyi halda da, o bu haqda dərhal növbətçi hissəyə mə’lumat verir və bundan sonra aldığı göstəriş əsasında hərəkət edir.
Tə’xirəsalınmaz hallarda (ağır nəticəli qəza baş verdikdə və s.) növbətçi hissəyə dərhal mə’lumat vermək imkanı olmadıqda, müfəttiş tə’cili hadisə yerinə gedir və mə’lumat verəndən, eləcə də digər şəxslərdən tə’cili yardıma və növbətçi hissəyə bu barədə mə’lumat verilməsini xahiş edir.
3.5.3.
Müfəttiş xidmət apardığı marşrutdan və postdan kənarda olan hadisə yerinə gəldikdə, əməliyyat qrupu gələnədək xəsarət alanlara ilk tibbi yardımın göstərilməsini və onların tibb müəssisələrinə çatdırılmasını tə’min edir, imkan daxilində onların adını, soyadını, atasının adını, ünvanını və iş yerlərini müəyyənləşdirir.
Hadisə yerinin qorunmasını təmin edir və ona baxış keçirir.
Hadisədə iştirak edən nəqliyyat vasitələrinin sürücülərini və onun törənməsinə səbəb olan şəxsləri müəyyənləşdirir və sürücülərin vəsiqələrini alaraq (vəsiqə olmadıqda, onların şəxsiyyətini təsdiq edən başqa sənədlərini) saxlayır və bu şəxslərin əməliyyat qrupu gələnədək və ya hadisənin sənədləşdirməsi başa çatanadək hadisə yerində qalmasını tə’min edir.
Hadisənin şahidlərini müəyyən edir, onlar haqda mə’lumat toplayıb hadisənin baş vermə səbəbini müəyyənləşdirir.
Lazım gəldikdə yeni hərəkət istiqaməti tə’yin edir, imkan olmadıqda isə iki hal şahidi və hadisə iştirakçıları ilə birlikdə nəqliyyat vasitələrinin hərəkət və tormozlama izlərinin yerlərinin sxemini tərtib edir və hərəkətin bərpası üçün yolun hərəkət hissəsindən hadisə törətmiş nəqliyyat vasitələrini götürür.
Sürücü hadisə yerindən yayındıqda nəqliyyat vasitəsinin markasını, tipini, rəngini, dövlət qeydiyyat nişanını, yükünün növünü, sərnişinlərin və sürücünün əlamətlərini müəyyənləşdirir.
Hadisə yerinin müayinəsi və şahidlərdən hadisə yerindən yayınmış nəqliyyat vasitələri və sürücülər haqda toplanmış mə’lumatlar müfəttiş tərəfindən dərhal növbətçi hissəyə ötürülür və bundan sonra alınmış göstəriş əsasında hərəkət edilir.
3.5.4.
Hadisə yerində tibb işçiləri olmadıqda, müfəttiş xəsarət alan şəxslərə ilk tibbi yardım göstərir.
3.5.4.1. İlk tibbi yardım aşağıdakılardan ibarətdir:
-xəsarət alanı qayğı ilə nəqliyyat vasitəsindən və ya yol kənarından təhlükəsiz yerə köçürmək, onu meteoroloji tə’sirlərdən qorumaq və sair sadə tədbirlərlə xəsarət alana yardım etmək;
-güclü qanaxma zamanı jqut qoymaq və yaranı steril sarğı ilə sarımaq;
-tənəffüs pozulduqda və ürək dayanması müşahidə olunduqda süni tənəffüs vermək və ürəyi masaj etmək, sınığa xüsusi şinlər qoymaq.
3.5.4.2. Müfəttiş hadisə yerinə tə’cili yardım avtomobili çağırmaq mümkün olmadıqda xəsarət alanı xidməti və ya başqa nəqliyyat vasitəsilə tibb müəssisəsinə çatdırır.
3.5.5.
Müfəttiş hadisə yerinə gəlmiş əməliyyat qrupunun başçısını (müstəntiq, təhqiqat üzrə müfəttiş) hadisədə iştirak edən şəxslər, şahidlər barədə mə’lumatlandırır, toplanmış sənədləri ona verir və onun göstərişinə əsasən hərəkət edir.
3.5.6.
Müfəttiş maddi ziyanla nəticələnmiş yol-nəqliyyat hadisələrini özü sənədləşdirir.
3.5.6.1.
Müfəttiş ilk növbədə hadisə yerinə baxış keçirir və bundan sonra sürücülərdən mə’lumatlar toplayır. İzahatlar alınanda aşağıdakı suallar dəqiqləşdirilir:
-hadisə vaxtı nəqliyyat vasitəsinin yeri və vəziyyəti, hərəkət sür’əti, görünüşü, hadisəni törədənlərin hadisəyə qədər və hadisə zamanı hərəkətləri, və sair.
3.5.6.2. Hadisə yerinə baxış keçiriləndən və hadisəni törətmiş şəxslər, habelə şahidlər dinlənəndən sonra aşağıdakı sənədlər tərtib olunur:
-inzibati xəta haqqında protokol;
-yol nəqliyyat hadisəsi yerinin sxemi;
-şahidlərin izahatları;
-yol nəqliyyat hadisəsinin uçot qaydaları ilə müəyyən edilmiş qeydiyyat vərəqəsi;
-hadisəni törətmiş sürücünün nəqliyyat vasitəsi ilə birgə hadisə yerindən yayındığı halda onun axtarışı üçün keçirilmiş ilkin tədbirlər barədə sənədlər və raport.
Hadisə yerindən yayınmış nəqliyyat vasitəsi tapıldıqda ona baxış keçirilir, onun texniki vəziyyəti yoxlanılır və nəticəsi protokollaşdırılır.
3.6.
Müfəttişin nəqliyyat vasitələrinin axtarışı üzrə hərəkətləri
3.6.1. Müfəttiş yol hərəkətinə nəzarəti həyata keçirərkən tə’limatlandırma zamanı, habelə növbətçi hissədən, və yaxud vətəndaşlardan alınmış mə’lumat əsasında oğurlanmış, qaçırılmış və ya yol nəqliyyat hadisəsi yerindən yayınmış nəqliyyat vasitələrinin axtarışını həyata keçirir.
3.6.2. Müfəttiş ilkin axtarış tədbirlərini həyata keçirərkən polisin digər xidmət əməkdaşları ilə qarşılıqlı fəaliyyət göstərir.
3.6.3. Nəqliyyat vasitəsini saxlayarkən müfəttiş onun modelinin identifikasiya nömrələrinə və dövlət qeydiyyat nişanının qeydiyyat şəhadətnaməsindəki göstəricilərə uyğunluğunu yoxlayır. Bu zaman o, axtarışda olan nəqliyyat vasitəsinin xüsusi əlamətlərinin (rəngi, banın əzintiləri və s.) yoxlanılan avtomobillə uyğunluğuna diqqət yetirir.
3.6.4. Axtarışda olan nəqliyyat vasitəsini aşkar edən müfəttiş onun saxlanılması üçün müvafiq tədbir görür, bu barədə nizami hissənin mə’sul növbətçisinə mə’lumat verir, həmçinin cinayətin izlərinin və əşyayi-dəllilərin saxlanılması üçün tədbir görür.
4. Yol-patrul xidmətini yerinə yetirən müfəttişin yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti.
4.1. Müfəttiş hərəkətin digər iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etməli, onlarla ünsiyyətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməməlidir. O, hərəkət iştirakçılarına "siz", "cənab (xanım) sürücü (piyada və s.)" və "vətəndaş" deyərək müraciət edir.
4.2. Müfəttiş nəqliyyat vasitəsini saxladıqdan sonra sürücüyə yaxınlaşır, özünü təqdim edir və aşağıdakı hallarda onun nəqliyyat vasitəsindən çıxmasını tələb edir:
-nəqliyyat vasitəsinin nasazlığının və yükün daşınma qaydaları pozuntularının aradan qaldırılması məqsədilə;
-sürücünün alkoqol, narkotik vasitələr və ya güclü tə’sir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına kifayət qədər şübhə olduqda;
-sürücü və sərnişinlərdən birinin yol nəqliyyat hadisəsi və ya cinayət törətməsi barədə mə’lumat olduqda;
-müfəttişin saxlanılmış nəqliyyat vasitəsinin yanında durması onun həyatı üçün təhlükəlidirsə və ya hərəkətə maneə törədirsə.
4.3. Müfəttiş Polisin Post-Patrul Xidmətinin Nizamnaməsinə müvafiq olaraq, aşağıdakı qaydada özünü hərəkət iştirakçılarına təqdim etməlidir:
-sağ əlini papağına dayayaraq hərbi tə’zim qaydasında vəzifəsini, rütbəsini, soyadını deyir və əlini aşağı salaraq nəqliyyat vasitəsinin dayandırılma səbəbini qısa və aydın şəkildə izah edir.
4.3.1.
Müfəttiş özünü sərxoş halda olan hərəkət iştirakçılarına təqdim etməyə bilər. Nəqliyyat vasitəsinin sürücüsü onu qaçırmaqda və ya yol nəqliyyat hadisəsi törətməkdə, habelə sərxoş vəziyyətdə olmaqda şübhəli olduqda saxlamanın əsas səbəbini müfəttiş ona bildirməyə bilər.
4.4. Müfəttiş yol hərəkəti iştirakçısını yalnız özü tərəfindən aşkar olunmuş və ya növbətçi hissədən, habelə digər müfəttişlərdən alınmış məlumat əsasında mə’lum olmuş qayda pozuntularını sənədləşdirə bilər.
4.5. Müfəttiş göstərişlərini qısa və aydın tərzdə ifadə edərək onların ikili mə’nada başa düşülməsinə yol verməməlidir. O, hərəkət iştirakçısına hərəkətlərinə görə izahat verməsinə imkan yaratmalı, lakin uzun müddətli danışıqların qarşısını almalıdır. Hərəkət iştirakçısı müfəttişin göstərişlərini yüksək həssaslıqla qəbul edirsə və əsəbiləşirsə ona sakitləşmək üçün vaxt verilməlidir və bundan sonra yol hərəkəti qaydası pozuntusunun məzmunu və onun "Yol hərəkəti haqqında" Qanunun hansı maddəsində nəzərdə tutulduğu bildirilməlidir.
4.6. Müfəttiş şəxsi hisslərə qapanaraq narazılıq bildirən və qanun pozuntusu halı ilə razılaşmayan yol hərəkəti iştirakçısı barəsində qəbul edilən inzibati cəzanı ağırlaşdırmamalıdır. Mübahisə yarandıqda müfəttiş öz vəzifəsi, rütbəsi və soyadını təkrarən bildirməli, habelə inzibati məs’uliyyətə cəlb etmək haqqında qərardan şikayət verilməsi qaydasını izah etməlidir. Qanun pozuntusu barədə iradların valideynlərə uşaqlarının yanında bildirilməsi qadağandır.
4.7. Müfəttiş azyaşlı yol hərəkəti iştirakçılarına onların yol vermiş olduqları pozuntuların gələcəkdə yol verilməzliyini qısa və inandırıcı şəkildə izah etməlidir.
4.8. Qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı müfəttişin qanuni tələblərini icra etməkdən imtina edirsə, müfəttiş bu barədə rəhbər vəzifəli əməkdaşın hadisə yerinə də’vət olunması məqsədilə növbətçi hissəyə mə’lumat verir.
4.9. Müfəttişin yol hərəkəti iştirakçılarından hər hansı bir hədiyyə qəbul etməsi qadağandır.
4.10. Müfəttişin yolda məcburi dayanmış nəqliyyat vasitəsi sürücülərinə dayanmanın səbəblərinin aradan qaldırılmasında kömək etməsi məcburidir. O, digər hərəkət iştirakçılarını da yardım göstərilməsinə cəlb edə bilər. Ümumi istifadədə olan nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən dayandıqda onun sərnişinlərini müfəttiş eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələri ilə yola salmalıdır.
4.11. Müfəttiş yolu keçmək istəyən qocalara, əlillərə və uşaqlara köməklik göstərməlidir. Uşaqların tədris ocaqlarına və geriyə hərəkəti zamanı müfəttiş yolun qəza təhlükəli sahələrində olmalı, onların təhlükəsizliyini tə’min etməlidir.
4.12. Azərbaycan Respublikası ərazisində yol hərəkəti qaydalarını pozan diplomatik immunitetə malik olmayan əjnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər qanunvericilik ilə müəyyən edilmiş qaydada məs’uliyyət daşıyırlar.
4.13. Yol-patrul xidmətini yerinə yetirən müfəttiş diplomatik immunitetə malik olan əcnəbilərin yol hərəkəti qaydalarını pozmasını aşkar etdikdə o, nəqliyyat vasitəsini saxlayır və əjnəbinin şəxsiyyətini təsdiq edən sənədini yoxlayır.
4.13.1. Diplomatik (konsul) vərəqələri, diplomatik pasportları, habelə xidməti vəsiqələrində onların diplomatik imtiyazları olmaları barədə qeyd olan əjnəbilər diplomatik immunitetə malikdir.
4.14.
Diplomatik immunitetə malik olan əcnəbinin törətdiyi inzibati pozuntuya görə müfəttiş müəyyən olunmuş qaydada inzibati xətaya dair protokol tərtib edir.Bu halda şəxsin sənədi alınmır.
4.14.1. Müfəttiş nəqliyyat vasitəsinin diplomatik immunitetə malik olan əcnəbi tərəfindən sərxoş vəziyyətdə idarə edilməsindən şübhələndikdə, ona müayinədən keçməyi təklif edir. Əcnəbi buna e’tiraz etdikdə müfəttiş onu nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırır və bu barədə növbətçi hissəyə mə’lumat verir. Daha sonra o, inzibati protokol tərtib edərək əcnəbinin tibbi müayinədən yayınmasını qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirir.
4.14.2. Müfəttiş nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırdığı diplomatik immunitetə malik olan əcnəbiyə, mənsub olduğu dövlətin respublikamızdakı nümayəndəliyinə mə’lumat verməsi üçün telefon danışığı aparmağa imkan yaratmalıdır.
4.14.3. Müfəttiş, diplomatik immunitetə malik olan əcnəbinin razılığı əsasında, sürücülük vəsiqəsi olan və əcnəbi ilə eyni nəqliyyat vasitəsində hərəkət edən şəxsə saxlanılmış nəqliyyat vasitəsini idarə etməyə icazə verməlidir.
4.15. Diplomatik immunitetə malik olan əjnəbilərin xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılması, istismarının qadağan edilməsi və ya yol hərəkətində iştirakdan kənarlaşdırılması qadağandır.
4.15.1. Sürücüsü yol hərəkətində iştirakdan kanarlaşdırılmış nəqliyyat vasitəsi müvafiq xarici dövlətin respublikadakı səfirliyinin (konsulluğunun) nümayəndəsinə təhvil verilir.
4.15.2. Diplomatik immunitetə malik olan əjnəbilərin xidməti və şəxsi nəqliyyat vasitələri evakuatorla müvəqqəti saxlanılması üçün duracağa aparıla bilməz. Belə nəqliyyat vasitəsi hərəkətə maneə törətdiyi hallarda onların yerini evakuatorla dəyişmək olar.
4.15.3. Diplomatik immunitetə malik olan əjnəbilərin xidməti və şəxsi nəqliyyat vasitələrindən təcili tibbi yardım göstərmək, habelə təbii fəlakət yerlərinə getmək, həmçinin zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün istifadə oluna bilməz.
4.16.
Yol polisi müfəttişi keşik marşrutu və postunda əjnəbinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi barədə növbətçi hissəyə mə’lumat verir və müəyyən edilmiş qaydada hərəkət edir.
4.16.1. Yol nəqliyyat hadisəsi diplomatik immuniteti olan əcnəbinin iştirakı ilə baş verdikdə (o bədən xəsarəti almamışdırsa) müfəttiş ona hadisənin sənədləşdirilməsində iştirak etməsini təklif edir. Əcnəbi bu təkliflə razılaşmadıqda, müfəttiş onun barəsində lazımi mə’lumatı alaraq hadisə yerini tərk etməsinə icazə verir və sənədləşməni hal şahidlərinin iştirakı ilə aparır.

5. Yol-patrul xidmətini yerinə yetirən müfəttişin hüquqları
5.1.
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, bu Tə’limatla müəyyən edilmiş hallarda:
5.1.1. Yol-patrul xidməti nizami hissələrinin komandirləri, baş yol polisi müfəttişləri, yol polisi müfəttişləri, habelə yol hərəkətinə nəzarət işinə cəlb edilən DYP bölmələrinin orta rəis hey’ətininn aşağıdakı hüquqları vardır:
-nəqliyyat vasitələrini saxlamaq, sürücünün sənədlərini yoxlamaq;
-yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozmuş şəxslərdən belə hərəkətlərə son qoyulmasını tələb etmək;
-nəqliyyat vasitələrini yol hərəkətində iştirakdan kənarlaşdırmaq və ya istismarını qadağan etmək (mühafizə olunan duracağa göndərmək);
-yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozmuş şəxslərə səlahiyyəti daxilində xəbərdarlıq və inzibati cəza tədbirləri tətbiq etmək;
-inzibati protokol tərtib etmək;
-yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozmuş şəxsləri3 saatdan artıq olmayan müddət ərzində saxlamaq;
-yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar olunması məqsədilə texniki-nəzarət və ölçü cihazlarını tətbiq etmək;
-saxtalaşdırılma əlamətləri olan sənədləri almaq;
-yol hərəkəti haqqında qanunvericiliyin pozulması hallarının araşdırılması üçün zəruri hallarda pozuntuya yol vermiş şəxsləri və şahidləri yol polisi orqanlarına də’vət etmək və onlardan izahatlar almaq;
-sərxoş halda olan sürücülərin müayinəsini keçirmək ,həmçinin tibbi müayinəsini təşkil etmək;
-nəqliyyat vasitələrinin məcburi saxlanılması üçün xüsusi vasitələri tətbiq etmək;
-diplomatik immunitetə malik əcnəbilərə məxsus nəqliyyat vasitələri istisna olmaqla nəqliyyat vasitələrindən yol nəqliyyat hadisəsi yerinə getmək məqsədilə istifadə etmək;
-yollarda tə’mir, tə’mir-tikinti və digər işlərin görülməsini məhdudlaşdırmaq və ya qadağan etmək;
-nəqliyyat vasitələrinin hərəkət istiqamətini dəyişdirmək;
-nəqliyyat vasitələrini müşayiət etmək;
-nəqliyyat vasitələrini təqib etmək;
-şəxsi mühafizə vasitələrindən istifadə etmək;
-cinayət və ya digər hüquqpozuntusu törətmiş və ya törətməkdə şübhəli şəxsi tutmaq;
-tabel silahını saxlamaq, gəzdirmək və tətbiq etmək.

6. Yol-patrul xidməti işinin uçotu və qiymətləndirilməsi
6.1.
Yol-patrul xidməti işinin uçotu və qiymətləndirilməsi.
6.1.1. Müfəttiş aşkar etdiyi və inzibati cəza tədbiri gördüyü qanun pozuntularını gündəlik olaraq xidməti kitabçasında (Tə’limata 5 saylı əlavə) qeyd edir.
6.1.2. Yol-patrul xidmətinin aparılması və hərəkətə nəzarət işi həftəlik, aylıq və rüblük olaraq DYP hissələrinin rəhbərləri və nizami hissənin komandiri tərəfindən ümumiləşdirilir və təhlil edilir. Təhlilin nəticələri tə’limatlandırma zamanı, əməliyyat müşavirələrində şəxsi hey’ətin nəzərinə çatdırılır.
6.1.3. Yol-patrul xidmətini həyata keçirən yol polisi müfəttişinin işi şəxsən onun birbaşa rəisi və yuxarı DYP orqanının əməkdaşları tərəfindən qiymətləndirilir. Bu zaman müfəttişin:
-«Polis haqqında» və «Yol hərəkəti haqqında» Qanunların, DİN-in əmr və göstərişlərinin, Polisin Post-Patrul Xidmətinin Nizamnaməsinin və bu Tə’limatın tələblərini bilməsinə;
-keşik apardığı marşrut və postda qəzaların göstəricilərinə;
-yol nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə təsir göstərən, yol hərəkəti qaydalarının pozulması hallarının aşkar edilməsində aktivliyinə;
-tətbiq etmiş olduğu inzibati cəzaların qanunauyğunluğuna;
-xidməti istifadəsində olan texniki nəzarət və keşik nəqliyyat vasitələrini, silahı, habelə qəza-xilasedici avadanlığı tətbiq etmə bacarığına və bunları saz və təmiz vəziyyətdə saxlamasına;
-cinayətkarların yaxalanmasında, cinayət hadisələrinin qarşısının alınmasında şəxsən iştirak etməsinə;
-nizam-intizamlı olmasına, mədəni davranışına (geyim formasına, səliqəsinə) və onun barəsində olan şikayət ərizələrinə və s. xüsusi fikir verilir.

7. Yol patrul xidmətinin nizami hissələrində operativ növbətçi hissənin işinin təşkili .
7.1. Ümumi müddəalar.
7.1.1. Nizami hissələrin operativ növbətçi hissələri* operativ idarəetmə orqanı olmaqla onların qarşısında duran vəzifələrin daima yerinə yetirilməsi məqsədilə Yol polisi alaylarının tərkibində yaradılır.
7.1.2. Növbətçi hissə DİN-in Növbətçi Hissələri Operativ İdarəetmə Xidmətinin operativ tabeliyinə daxildir.
7.1.3. Növbətçi hissənin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün mə’sul növbətçidən, növbətçi köməkçisindən və növbətçi hissənin ştat cədvəlinə uyğun olaraq digər əməkdaşlardan ibarət sutkalıq naryad tə’yin edilir.
7.1.4. Yol-patrul xidməti nizami hissələrinin növbətçi hissələrində tərkibində pult (mini ATS,komutator), stasionar radiostansiya, faksmil, elektron poçt, teleqraf, telefon və birbaşa xətt əlaqəsi aparatları olan əməliyyat-rabitə qovşağı yaradılır. Bu qovşağın DİN-in Növbətçi Hissələri Operativ İdarəetmə Xidməti, yuxarı DYP və ərazi polis orqanları, həmçinin, yol-kommunal, tibb müəssisələri, yanğın söndürmə-xilasetmə hissələrinin növbətçiləri ilə daimi əlaqəsi tə’min edilir.
7.1.5. Növbətçi hissəyə aşağıdakı vəzifələrin icrası həvalə edilir:
-fasiləsiz olaraq xidmət aparılan ərazilərdə (yollarda) operativ şəraiti (və ya hərəkətin təhlükəsizliyinin tə’min edilməsi ilə bağlı) mə’lumatları toplamaq, onu təhlil etmək və qiymətləndirmək;
-yollarda fasiləsiz və təhlükəsiz hərəkətin tə’min olunması, nəqliyyat axınlarının nizamlanması, hərəkət zamanı maneələrin və tıxacların aradan qaldırılması məqsədi ilə qüvvə və vasitələrin operativ idarə olunması;
-yol-nəqliyyat hadisələri, cinayətlər və digər hüquq pozuntuları haqqında mə’lumatları və müraciətləri qəbul etmək və uçota almaq;
-yol-nəqliyyat hadisələrinin sənədləşdirilməsi və hadisənin nəticəsi ilə əlaqədar tə’xirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün əməliyyat-istintaq qrupunun hadisə yerinə getməsini tə’min etmək; ___________________________________________________________
* bundan sonra - növbətçi hissə adlandırılajaq
-hadisə yerindən qaçıb gizlənən şəxslərin və onların nəqliyyat vasitələrinin, qaçırılmış və ya oğurlanmış nəqliyyat vasitələrinin axtarılmasını təşkil etmək və onların uçotunu aparmaq;
-iri qabaritli, ağır çəkili və təhlükəli yüklərin nəqliyyat vasitələrində daşınmasına nəzarət etmək;
-növbətçi hissəyə gətirilmiş şəxslərlə ilkin araşdırma aparmaq;
-növbətçi hissədə saxlanılan silah, sursat və digər xüsusi vasitələri şəxsi hey’ətə vermək və onlardan qəbul etmək;
-verilmiş sərəncamların vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət etmək;
-inzibati binada və onun yardımçı tikililərində daxili qaydaların yerinə yetirilməsinə, yanğın əleyhinə təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
-informasiya-mə’lumat işini həyata keçirmək;
-rəhbərlik olmadıqda vətəndaşları qəbul etmək;
-avtonəqliyyat vasitələrinin verilmiş sərəncam, o cümlədən müqavilə əsasında müşayət olunmasını təşkil etmək;
7.1.6. Növbətçi hissənin fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
-operativ şəraitə bələd olmaq, qüvvə və vasitələrdən səmərəli istifadə etmək;
-xidmətdə olan əməkdaşlara tələbkarlıq və məs’uliyyətlə yanaşmaq onlara lazımi köməklik göstərməyə hazır olmaq;
-qanunçuluğa, xidməti və dövlət sirrinə ciddi riayət etmək;
-hadisə barədə mə’lumat və müraciətlər üzrə operativ tədbir görmək;
-vəziyyəti obyektiv və tam araşdırmaq;
-vətəndaşlara qarşı həssas və diqqətli olmaq, onlarla mədəni davranmaq.
7.2. Xidməti qəbul edən məs’ul növbətçinin vəzifələri:
-Siyahıya uyğun olaraq silahın və döyüş sursatının, xüsusi texniki vasitələrin, xidməti nəqliyyatın və növbətçi hissədə başqa əmlakın yerində olmasını, habelə istifadəyə yararlı, saz və komplekt halında olmasını yoxlayıb qəbul etmək;
-xidmət aparılan ərazidə xidmətə cəlb edilmiş qüvvə və vasitələrin sayını dəqiqləşdirmək;
-növbəni təhvil verən məs’ul növbətçidən operativ şərait haqqında, qeydə alınmış YNH-ləri və onunla əlaqədar görülmüş tədbirlər, habelə böyük diqqət tələb edən gözlənilən kütləvi və başqa tədbirlər, həmçinin icra edilməmiş və ya icrası yarımçıq qalmış sərəncamlar barədə mə’lumat almaq;
-daxil olan və göndərilən teleqram, telefonoqramların məzmunu ilə tanış olmaq, hadisə yerinə getmək üçün əməliyyat-istintaq qrupunun tərkibini aydınlaşdırmaq;
-müvafiq qaydada növbəni qəbul etdikdən sonra xidmətin icrasına hazır olması barədə nizami hissə komandirinə mə’ruzə etmək;
Nizami hissənin komandiri (rəisi) və ya onu əvəz edən şəxs növbətçi hissənin xidmətini qiymətləndirir, yol verilən nöqsanları təhlil edir, növbəni qəbul edən əməkdaşları mövcud şəraitlə əlaqədar tə’limatlandıraraq növbəni dəyişdirməyə icazə verir.
7.3.
Mə’sul növbətçinin hüquqları;
-xidmət aparılan ərazidə hərəkətin təhlükəsizliyinin tə’min edilməsində xidmətə cəlb edilmiş əməkdaşlara rəhbərlik etmək;
-xidmətə cəlb edilmiş qüvvə və vasitələrin yerləşdirilməsində müvəqqəti dəyişikliklər etmək, qəbul edilmiş qərar haqqında sonradan rəhbərliyə mə’ruzə etmək;
-verilən sərəncamların vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət etmək;
-operativ şərait mürəkkəbləşdikdə qüvvə və vasitələrlə tə’cili yardım göstərilən, habelə lazımi informasiya almaq məqsədi ilə DİN-nin Növbətçi hissələri operativ idarəetmə xidmətinə (NHOİX) və rayon-şəhər polis orqanlarının növbətçi hissələrinə müraciət etmək;
-nizami hissənin komandiri və ya DİN-in NHOİX sərəncamına əsasən şəxsi hey’ətin toplanılmasını e’lan etmək;
-cinayət törətməkdə şübhəli şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlamaq, onları müvafiq polis orqanlarına təhvil vermək;
-qüvvədə olan normativ aktlarda nəzərdə tutulmuş hallarda əl qandallarından və digər xüsusi vasitələrdən istifadə etmək.
-qanunvericiliklə və bu Tə’limatla müəyyən edilmiş hallarda və qaydada başqa tədbirlər görmək.
7.4.
Mə’sul növbətçinin vəzifələri.
-xidmətə çıxan əməkdaşlara xidməti silahı və döş nişanını, habelə xidməti nəqliyyat və xüsusi texniki vasitələrini verib və qəbul etmək, onların komplekt və saz olmasını yoxlamaq, bu barədə müvafiq jurnallarda qeydlər aparmaq;
-xidmətə gəlməyən və namə’lum səbəblərdən xidmətdən qayıtmayan əməkdaşlar barəsində nizami hissənin komandirinə dərhal məruzə etmək və onun göstərişi ilə hərəkət etmək;
-yol-nəqliyyat hadisələri, cinayətlər, hadisə yerindən yayınmış şəxslər, qaçırılmış və oğurlanmış nəqliyyat vasitələri, həyata keçirilən və nəzərdə tutulan kütləvi, ictimai-siyasi, idman və digər tədbirlər, hava şəraitinin dəyişməsi, avtomobil yollarının, yol qurğularının və yol hərəkətini nizamlayan texniki vasitələrin vəziyyəti, yol hərəkətinə, operativ şəraitə, qüvvə və vasitələrin yerləşdirilməsinə təsir göstərə bilən başqa amillər haqqında mə’lumatları qəbul edib təhlil etmək, qiymətləndirərək aidiyyəti üzrə mə’lumat vermək;
-xidmətdə olan əməkdaşların fasiləsiz idarə olunmasını, onların öz arasında və daxili işlər orqanlarının digər xidmət sahələri əməkdaşları ilə qarşılıqlı əlaqəsini, yol-nəqliyyat hadisələrinin profilaktikasında, ictimai təhlükəsizliyin tə’min edilməsində fəallığını tə’min etmək;
-xidmət aparılan ərazidə əməliyyat şəraitindəki dəyişikliklər, habelə xidmətlə bağlı yuxarı DYP orqanlarının göstərişlərini şəxsi hey’ətə çatdırmaq.
7.5.
Mə’lumatların toplanması və qiymətləndirilməsi sahəsində məs’ul növbətçinin hərəkətləri.
7.5.1.Qəbul edilmiş qaydalara müvafiq olaraq məs’ul növbətçi xidmət aparılan ərazidə mə’lumatların gündəlik və artım üzrə toplanmasını, təhlil edilməsini və qiymətləndirilməsini tə’min edir.
7.5.2. Növbətçi növbə ərzində aşağıdakı məlumatlara malik olmalıdır:
-baş vermiş yol-nəqliyyat və təhlükəli cinayət hadisələri barədə;
-aşkar olunmuş YHQ pozuntuları barədə;
-hadisə yerindən yayınmış sürücülər, qaçırılmış və oğurlanmış nəqliyyat vasitələri, axtarılan cinayətkarlar barədə;
-nəzərdə tutulan və həyata keçirilən kütləvi ictimai siyasi, idman və digər tədbirlər, bu tədbir yerlərində şəxsi hey’ətin iştirak dərəcəsi barədə;
-hava şəraitinin dəyişməsi, avtomobil yollarının vəziyyəti, yol qurğularının və yol hərəkətini nizamlayan texniki vasitələrin vəziyyəti barədə;
-əməliyyat şəraitinə, qüvvə və vasitələrin yerləşdirilməsinə tə’sir göstərə biləcək digər amillər barədə.
Daxil olmuş mə’lumatları növbətçi sistemləşdirir və ümumiləşdirərək DYP İdarəsinin rəisinə və onun müavinlərinə, nizami hissənin komandirlərinə, habelə bu Tə’limatla nəzərdə tutulduğu hallarda DİN-in NHOİX-nə mə’ruzə edir.
7.6.Nizami hissənin qüvvə və vasitələrinin idarə olunması sahəsində məs’ul növbətçinin hərəkətləri.
7.6.1.Xidmət keçmə vaxtı məs’ul növbətçi:
-şəxsi hey’ətin dislokasiyaya uyğun olaraq fasiləsiz idarə olunmasını, şəraitin dəyişməsi ilə əlaqədar onların birgə fəaliyyətini, aktivliyini və manevr etməsini tə’min edir;
-xidmətdə olan əməkdaşlarla daima əlaqə saxlayır, onlardan vəziyyətin dəyişməsi ilə əlaqədar mə’lumat və digər informasiyaları qəbul edir;
-şəraitin təhlükəli olaraq dəyişməsi zamanı, komandirin icazəsi ilə, qüvvə və vasitələrin yerdəyişməsini aparır, o olmadıqda ehtiyat qüvvələrdən istifadə edir və digər tə’xirəsalınmaz tədbirlər görür;
-nəqliyyatın hərəkətində yaranan tıxacların aradan qaldırılması üçün həmin ərazidə və ona yaxınlıqda xidmət aparan əməkdaşları oraya göndərir, əgər bu ərazidə nəqliyyatın hərəkətinə mane olan digər hallar varsa onların aradan qaldırılması üçün müvafiq tədbirlər görür;
-hava şəraitinin nəqliyyatın normal hərəkətinə təhlükə yaradacaq dərəcədə pisləşməsi gözlənildikdə, hərəkət iştirakçılarının bu barədə xəbərdarlıq edilməsi üçün şəxsi hey’ətə müvafiq sərəncamlar verir;
-nəqliyyatın və ya piyadaların böyük hərəkət intensivliyi nəticəsində yol hərəkətinin çətinləşdiyi hallarda əməkdaşlara hərəkətin tənzimlənməsi üçün müvafiq sərəncamlar verir;
-yol hərəkətini texniki tənzimləmə və radio əlaqə vasitələrinin sıradan çıxması barədə mə’lumat aldıqda bu barədə qeydiyyat apararaq, texniki əməkdaşlara tə’xirəsalınmadan müvafiq göstəriş verir;
-yolların hərəkət hissəsində müvafiq icazə olmadan qazma və digər tə’mir işləri aparılması barədə mə’lumat aldıqda, bu işləri saxlayaraq nəqliyyatın normal hərəkətini tə’min edir.
7.6.2.
Şəxsi hey’ət xidməti başa vurduqdan sonra mə’sul növbətçinin hərəkətləri:
-xidməti başa vurmuş əməkdaşlardan silah, sursat və digər texniki vasitələri, xidməti avtomotonəqliyyatı qəbul edir, onların tam komplekt formasını və sazlığını yoxlayır;
-hadisə və yol hərəkəti qaydalarının pozuntuları barədə tərtib edilmiş materialları qəbul edir və onları aidiyyəti üzrə təhvil verir;
7.6.3.
Cinayət hadisələri, inzibati xətalar və digər hadisələr barədə mə’lumat və müraciətlərin qəbulu və baxılması ilə əlaqədar məs’ul növbətçinin hərəkətləri:
-növbətçi bütün növbə ərzində yol-nəqliyyat və cinayət hadisələri, inzibati xətalar barədə mə’lumat və müraciətləri qəbul edir və vaxtında müvafiq tədbir görür;
-vətəndaşlar müraciət edən zaman növbətçi onlara qarşı diqqətli və nəzakətli olmalı, özünü təqdim etməli və müvafiq izahatlar verməlidir.
7.6.4.
Yol-nəqliyyat hadisəsi barədə mə’lumat daxil olduqda məs’ul növbətçi aşağıdakı halları araşdırır:
-hadisənin yeri və baş vermə vaxtı, onun xarakteri (növü), şəraiti və nəticəsi;
-zərər çəkənlər barədə mə’lumat, soyadı, adı, atasının adı, yaşı, ünvanı, iş yeri, telefonu (ev, iş);
-zərər çəkənlərə tibbi yardım göstərilməsi, onların hara göndərilməsi (əgər onlar tibb məntəqəsinə təsadüfi nəqliyyatla göndərilmişlərsə, onun markası və dövlət qeydiyyat nişanı);
-hadisəyə aidiyyəti olan nəqliyyat vasitələrinin markası və dövlət qeydiyyat nişanlarının nömrələri, mənsubiyyəti və dayanacaq yeri;
-mə’lumat verənin soyadı, adı, atasının adı, ünvanı, telefonu.
7.6.5.
Xidmət aparılan ərazi xaricində baş vermiş yol-nəqliyyat hadisəsi barədə mə’lumat daxil olduqda bununla əlaqədar ərazi üzrə müvafiq polis orqanlarının operativ növbətçi hissələrinə mə’lumat verilir.
7.6.6. Cinayət hadisəsinin baş verməsi barədə mə’lumat daxil olduqda onun yeri, vaxtı, şəraiti, nəticəsi, zərərçəkənlər, dəymiş ziyan, oğurlanmış əşyaların əlamətləri, hadisənin şahidləri, cinayətkarların əlamətləri və onlar haqqında mə’lumatlar dəqiqləşdirilir.
7.6.7. İctimai təhlükəsizliyin qrup halında pozulması və digər hüquq pozuntuları barədə mə’lumat daxil olduqda onun yeri və vaxtı, iştirakçıların sayı, fəallar, baş vermə səbəbi və nəticələri dəqiqləşdirilir.
7.6.8. Yol nəqliyyat hadisəsi barədə daxil olmuş mə’lumat əvvəlcə iş kitabına, dəqiqdəşdirildikdən sonra Yol nəqliyyat hadisələrinin qeydiyyat kitabına (DİN 326-99 əmrinə 4 saylı əlavə) qeyd edilir. Hadisə barədə nizami hissənin komandirinə və nəzərdə tutulmuş hallarda DİN-in NHOİX-nə mə’ruzə edilir.
7.6.9. Yol nəqliyyat hadisəsi barədə mə’lumat aldıqdan sonra məs’ul növbətçi:
-zərər çəkənlərə yardım göstərilməsi, hadisənin izlərinin saxlanması üçün əməliyyat-istintaq qrupunun gəlməsinə qədər hadisə yerinə ərazidə xidmət aparan əməkdaşları göndərir;
-hadisə nəticəsində xəsarət alanlara tibbi yardım göstərilməsi üçün tədbirlər görür;
-nəqliyyat vasitəsi yandığı halda yanğından mühafizə və xilasetmə orqanlarını hadisə yerinə çağırır;
-hadisə yerində olan nəqliyyat vasitələrinin, onlarda olan yükün və vətəndaşların şəxsi əmlakının qorunması üçün müvafiq sərəncam verir;
-əməliyyat-istintaq qrupunun hadisə yerinə getməsi üçün tədbirlər görür; (əməliyyat-istintaq qrupunun tərkibi yol nəqliyyat hadisəsinin nəticəsindən asılı olaraq nizami hissənin və daxili işlər orqanının məs’ul növbətçiləri tərəfindən birgə müəyyənləşdirilir);
7.6.10.
Millət vəkilləri, hakimiyyət orqanlarının rəhbər işçiləri, görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin həlak olması və yaxud xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi haqqında mə’lumat alındıqdan dərhal sonra DİN-in NHOİX-nə mə’lumat verilir.
7.7.
Xidmət aparılan ərazidə ictimai təhlükəsizliyin tə’min edilməsi üçün mə’sul növbətçi:
-yol-patrul xidməti əməkdaşlarını ictimai təhlükəsizliyin tə’min olunmasına cəlb edir;
-şəhər-rayon polis orqanlarının növbətçiləri vasitəsi ilə yollarda sərxoş şəxslərin saxlanılaraq polis orqanına təhvil verilməsini tə’min edir.
7.8.
Nəqliyyat vasitələrinin müşayiət edilməsi zamanı məs’ul növbətçinin hərəkətləri:
7.8.1.
Xüsusi tə’yinatlı nəqliyyat vasitələrinin müşayiəti zamanı məs’ul növbətçi DİN-in müvafiq normativ aktının tələblərini rəhbər tutur və:
-müşayiət marşrutu üzrə xidmət aparan əməkdaşları əvvəlcədən mə’lumatlandırır, müşayiət olunanların hərəkət təhlükəsizliyinin təmin edilməsi üçün müfəttişlərin vəziflərini dəqiqləşdirir;
-marşrut üzrə xidmət aparan müfəttişlərlə yerli polis orqanlarının birgə fəaliyyəti üçün müvafiq tədbirlər görür;
-texniki və ya digər səbəblərdən müşayiət olunan nəqliyyat vasitələrinin dayanması zamanı bu səbəblərin aradan qaldırılması və hərəkətin davam etdirilməsi üçün müvafiq tədbirlər görür;
7.9.
İri həcmli, ağır çəkili və təhlükəli yüklərin nəqliyyat vasitələrində avtomobil yolları ilə razılaşdırılmış daşınması zamanı məsul növbətçi DİN-in bu barədə normativ aktının tələblərini rəhbər tutur.
7.10.
Növbətçi hissəyə gətirilmiş şəxslərlə araşdırma zamanı məs’ul növbətçinin hərəkətləri.
7.10.1.Yol hərəkəti ilə əlaqədar pozuntulara görə növbətçi hissəyə gətirilmiş şəxslərlə araşdırmanı məs’ul növbətçi aparır.
7.10.2. Yol hərəkəti qaydalarının və ictimai təhlükəsizliyin pozulmasında, habelə cinayət törətməkdə şübhəli sayılan şəxs növbətçi hissəyə gətirildiyi zaman məs’ul növbətçi:
-gətirilmənin əsasını və qanunauyğunluğunu, gətirilmiş şəxsin şəxsiyyətini, onun vəziyyətini (sərxoş, xəstə olub olmadığını) müəyyən edir;
-gətirilmiş şəxs barədə araşdırmanı mümkün qədər qısa müddətdə aparır (3 saatdan çox olmayaraq);
-sərxoş vəziyyətdə qaydanı pozan şəxslərin tibbi müayinəsini təşkil edir;
-yol hərəkəti qaydalarını pozduğuna görə növbətçi hissəyə gətirilmiş şəxsin Azərbaycan Respublikasının Millət vəkili və ya Hakimi olduğu aydınlaşdırıldıqda dərhal onu azad edir və bu barədə nizami hissənin komandirinə və DİN-in NHOİX-nə mə’lumat verir;
-diplomatik immunitetə malik olmayan əcnəbilər ilə araşdırmanı ümumi əsaslarla aparır və bu barədə nizami hissənin komandirinə və xarici dövlətin nümayəndəliyinə mə’lumat verir;
-vətəndaşın növbətçi hissəyə əsassız gətirilməsi aydın olduqda ondan üzr istəyərək, dərhal azad edir, öz səlahiyyətlərini aşmış əməkdaş barədə nizami hissənin komandirinə mə’lumat verir.
7.11.
Silah, əməliyyat-texniki, xüsusi və nəqliyyat vasitələrinin verilib alınması və saxlanması sahəsində məs’ul növbətçinin hərəkətləri.
7.11.1. Silahlar, döyüş sursatları, əməliyyat-texniki və xüsusi, radioəlaqə vasitələri silah otağındakı, dəmir şkaflarda, açarla bağlı və möhürlənmiş vəziyyətdə saxlanılır.
7.11.2. Növbətçi silah otağının açarını öz köməkçisindən başqa heç kəsə verə bilməz. Açarların verilməsi xüsusi qeyd aparılmaqla və möhürün nömrəsi göstərilməklə edilir. Açarlar geriyə alınarkən məs’ul növbətçi möhürlərin pozulmasını aşkar edərsə təhvil-təslim nizami hissənin komandirinin təyin etdiyi komissiyanın iştirakı ilə aparılır.
7.11.3. Xidməti borcunu yerinə yetirən əməkdaşlara təhkim edilmiş silah bir sutkadan artıq olmayan müddətə əvəzedici vərəqə əsasında silah, əməliyyat-texniki və xüsusi vasitələrin təhvil verilməsi və alınması jurnalında (Tə’limata 6 saylı əlavə) qeydiyyat aparılmaqla verilir və qəbul edilir.
7.11.4.Nəqliyyat vasitələri hasarlanmış həyətdə, duracaq və ya qarajlarda məs’ul növbətçinin nəzarəti altında saxlanılır.
7.11.5.Növbətçi və onun köməkçisi növbətçi hissəyə verilmiş sənəd, əşya və digər maddi sübutların məs’ul şəxslərə verilməsinə qədər növbətçi hissədə saxlanmasına məs’uliyyət daşıyırlar.
Normativ aktlar və mə’lumat xarakterli sənədlər, məxfi jurnal və blanklar, alınmış qiymətli əşyalar ayrıca metal şkaflarda saxlanılır.
7.12.Mə’lumat-informasiya işini tə’min etmək sahəsində məs’ul növbətçinin hərəkətləri.
7.12.1. Dövlət yol polisinin, daxili işlər orqanlarının başqa xidmət sahələrinin fəaliyyəti ilə bağlı vətəndaşlar və ya vəzifəli şəxslər növbətçi hissəyə müraciət etdikdə, növbətçi ətraflı izahat verir (gizli və ya məxfi xarakter daşıyan mə’lumatlar istisna olmaqla), zəruri hallarda araşdırma aparır.
7.12.2. Müraciət edənlər tərəfindən axtarılan şəxsin və ya nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi iştirakçısı olub-olmaması ilə əlaqədar növbətçi müvafiq yoxlama aparır və mürajiət edənə mə’lumat verir.
7.12.3. Müstəqil və ya nizami hissənin komandirinin razılığı ilə növbətçi son dərəcə nəzakətli və taktiki olaraq yol-nəqliyyat hadisəsi zamanı həlak olanların və yaralıların yaxın qohumlarına bu barədə xəbər verilməsini təmin edir.
7.12.4. Növbətçi nəqliyyat vasitələri və onların sahibləri barədə daxili işlər orqanları əməkdaşlarının sorğularına cavab verir.

8. Növbətçi hissənin işinin qiymətləndirilməsi

8.1. Növbətçi hissənin işinin qiymətləndirilməsi.
Növbətçi hissənin sutka ərzində xidmətdə olan əməkdaşlarının işi DYP İdarəsinin rəhbərliyi, nizami hissənin komandiri və qərargah rəisi tərəfindən aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
-növbə ərzində xidmət aparılan ərazidə qəzaların vəziyyəti;
-növbətçi hissə əməkdaşlarının əməliyyat şəraitinə, öz vəzifə və hüquqlarına, dövlət yol polisinin fəaliyyətini nizamlayan normativ aktların tələblərinə bələd olması;
-yol hərəkətinə nəzarətdə iştirak edən qüvvə və vasitələrə operativ rəhbərliyin səviyyəsi;
-YNH-ləri barədə daxil olmuş mə’lumatların tam həcmdə və vaxtında alınması;
-daxil olmuş mə’lumatların həcmi və onlarla əlaqədar görülmüş tədbirlərin keyfiyyəti;
-vətəndaşların ərizə və şikayətlərinə baxılması, növbətçi hissəyə gətirilmiş və tutulub saxlanılmış şəxslərlə iş zamanı qanunçuluğa riayət edilməsi və vətəndaşlarla davranışı;
-yol hərəkətində və başqa qeyri-standart (ekstremal) vəziyyətlərdə qəbul edilən qərarların düzgünlüyü;
-hadisə yerindən yayınan sürücülərin, qaçırılan və oğurlanan nəqliyyat vasitələrinin axtarışı, cinayətkarların yaxalanması, ictimai təhlükəsizliyin tə’min edilməsi üzrə müfəttişlərin xidməti fəaliyyətinin təşkil edilməsi;
-silahdan, mövcud texniki və rabitə vasitələrindən və məlumat materiallarından istifadə etmək bacarığı;
-silah-sursatın, xüsusi texniki və xidməti nəqliyyat vasitələrinin mühafizəsi;
-xidməti sənədlərin vəziyyəti, növbətçi hissədə xidmət aparan əməkdaşların zahiri görkəmi və növbətçi otaqlarının səliqəli saxlanılması.

9. Yol-patrul xidmətinin aparılmasına nəzarət
9.1. Yol-patrul xidmətinin aparılmasına nəzarət.
9.1.1 Yol polisi müfəttişlərinin işinə DYP hissələrinin rəisləri, nizami hissələrin komandirləri və onların müavinləri, xidmət üzrə müfəttişlər və DİN DYP İdarəsinin əməkdaşları, habelə DİN rəhbərliyinin göstərişinə əsasən polisin digər xidmət əməkdaşları tərəfindən aşkar və ya gizli yoxlamaların aparılması yolu ilə nəzarət edilir.
9.1.2. Yoxlama aparan əməkdaş yol-patrul xidməti qarşısında duran vəzifələri, onun təşkili və aparılması qaydalarını, həmçinin yoxlanılan keşik marşrutu və postun daxil olduğu ərazidə əməliyyat şəraitini bilməlidir.
9.1.3. Yol-patrul xidmətinin yoxlanılması zamanı yoxlama aparan əməkdaşlar aşağıdakılara xüsusi diqqət yetirməlidirlər:
-müfəttişin xarici görkəminə, geyim forması və ekipirovkasına (xidməti və sürücülük vəsiqəsi, xidməti silah, şəxsi nömrə ilə döş nişanı, jezl, fit, xüsusi çanta, «Yol hərəkəti haqqında» Qanunun mətni, inzibati protokol blankları və cərimə qəbzləri, əməliyyat-texniki və xüsusi vasitələr);
-xidməti vəzifələri barədə biliyinə, tə’limatlandırma zamanı verilmiş mə’lumatlara malik olmasına və onların icrasına;
-marşrutun, postun xidmət ərazisində əməliyyat şəraiti və yol qəzaları, habelə xidmət aparmasının xususiyyətləri barədə mə’lumata sahib olmalarına;
-bu Tə’limatın tələblərini və digər müvafiq normativ aktların müddəalarını bilməsinə və xidməti fəaliyyətdə onların rəhbər tutulmasına;
-təhkim olunmuş keşik nəqliyyat vasitəsinin xarici görkəminə və texniki vəziyyətinə;
-xüsusi və əməliyyat-texniki vasitələrin tətbiq edilməsi qabiliyyətinə;
-keşik marşrutu və postunda müfəttişin xidmətinin təşkilinə və onun işinin effektliyinə;
-yol hərəkətinə nəzarətdə optimal forma və metodların seçilməsinə, yol hərəkəti qaydaları pozuntularının aşkar edilməsi zamanı tətbiq olunan taktiki üsullara;
-yol hərəkəti iştirakçılarına qarşı münasibətinə;
-nəqliyyat vasitələrinin saxlanılması və inzibati xətaların sənədləşdirilməsinin qanuniliyinə;
-hərəkəti nizamlamaq qabiliyyətinə;
-mürəkkəb əməliyyat şəraitində işləmək bacarığına və s.
Xidmətkeçmə yerlərinə şəxsi avtomobillərdə getmək və xidmət aparmaq qadağandır.
9.1.4. Xidməti silahın zorla alınması və ya yol hərəkəti qaydalarının pozuntusuna yol verilməsi kimi üsulların tətbiqilə yoxlamaların aparılması qadağandır.
9.1.5. Aşkar yoxlama zamanı aşkar olunan nöqsanlar yerindəcə aradan qaldırılır və naryadlara lazımi köməklik göstərilir, yoxlamanın nəticəsi üzrə xidməti kitabçada qeydlər aparılır. Aşkar edilmiş ciddi nöqsanlar barəsində arayış tərtib olunur, nöqsanlara yol vermiş əməkdaşların izahatları alınır və müvafiq tədbir görülməsi üçün rəhbərliyə mə’ruzə edilir.
9.1.6. Aşkar yoxlama aşağıdakı müddətlərdə aparılır.
-alay və bölük komandirləri, onların xidmət üzrə müavinləri tərəfindən rübdə bir dəfədən az olmayaraq;
-tağım komandirləri, baş yol polisi müfəttişləri DYP şöbə, bölmə, qrup rəhbərləri tərəfindən gündəlik;
-DİN DYPİ rəhbərliyi tərəfindən tələbata uyğun məhdudiyyət olmadan.
9.1.7. Gizli yoxlama zamanı yoxlayıcı müfəttişlərin hərəkətinə gizli nəzarət edir. Bu zaman yoxlamanın müddəti kifayət qədər uzun olmalıdır ki, müfəttişin yol hərəkətinə nəzarəti qanunauyğun aparması müəyyənləşdirilə bilsin. Belə yoxlamada texniki vasitələrdən (videokamera və s.) də istifadə edilə bilər.
9.1.8.Gizli yoxlamanın keçirilməsi üzrə onu tə’yin edən vəzifəli şəxsə (DYP İdarəsinin rəisinə ) raportla mə’ruzə edilir.
9.1.9.Yol-patrul xidmətinin yoxlanılmasının nəticələri tə’limatlandırma zamanı şəxsi hey’ətin nəzərinə çatdırılır və əməliyyat müşavirələrində müzakirə olunur.

10. Yol-patrul xidməti nizami hissəsinin komandirinin nümunəvi vəzifələri

10.1.Nizami hissənin komandiri müvafiq dövlət yol polisi orqanının rəisinə tabedir və bu nizami hissənin əməliyyat xidməti fəaliyyətinin təşkili və vəziyyətinə görə şəxsi məs’uliyyət daşıyır. Nizami hissənin komandirinin vəzifələri aşağıdakılardır:
10.1.1. Nizami hissənin qüvvə və vasitələrinin idarə edilməsinə dair əməliyyat şəraitinin təhlili əsasında hazırlanmış təklifləri müvafiq DYP orqanının rəisinə təqdim etmək.
10.1.2. Şəxsi hey’ətin təlimatlandırılmasını təşkil edərək onun keçirilməsində iştirak etmək, müfəttişlərin xidmət aparmalarına daim nəzarət etmək, şəxsi hey’ətin sıra hazırlığına xarici görünüşünə, geyim formasına nəzarət etmək.
10.1.3. Yol hərəkəti təhlükəsizliyinin tə’min edilməsində və cinayətkarlıqla mübarizədə ictimai birliklərin qarşılıqlı fəaliyyətini təmin etmək, hüquq pozuntularının qarşısının alınması və aradan qaldırılmasının forma və üsulları üzrə tə’limin keçirilməsində onlara metodiki və əməli köməklik göstərmək.
10.1.4. Xidmətkeçmə zamanı əməkdaşlar tərəfindən şəxsi təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərə, eləcə də tabel silahından, texnikadan və xüsusi vasitələrdən istifadə qaydalarına riayət olunmasına nəzarət etmək.
10.1.5. Nizami hissənin işinin nəticələrinin bütövlükdə və hər bir əməkdaş üçün ayrılıqda uçotunun aparılmasını təşkil etmək, naryadların xidmətkeçmə fəaliyyətinin konkret nəticələrini gündəlik olaraq təhlil etmək, yol hərəkəti sahəsində təhlükəsizliyin və qaydaların tə’min olunmasında onların rolunun yüksəldilməsi üçün tədbirlər görmək.
10.1.6. Neqativ halları, nizami hissənin xidməti fəaliyyətindəki nöqsanların səbəblərini aşkar etmək və onların aradan qaldırılması üçün əməli tədbirlər işləyib hazırlamaq.
10.1.7. Daxili işlər orqanlarının hissə və xidmətləri ilə qarşılıqlı əlaqədə axtarılan nəqliyyat vasitələrinin aşkar edilməsi və tutulması üzrə işi təşkil etmək, aylıq olaraq həmin işin nəticələrini təhlil etmək, bu fəaliyyətin səmərəliliyinin artırılmasına dair təkliflər hazırlamaq.
10.1.8. Şəxsi hey’ətin seçilməsini həyata keçirmək, tabeliyində olan əməkdaşların işgüzar və mə’nəvi keyfiyyətlərini bilmək, onların funksional vəzifələrini işləyib hazırlamaq.
10.1.9. Şəxsi hey’ətlə döyüş, xidməti və fiziki hazırlıq tə’limlərinin keçirilməsini təşkil etmək, tabeliyində olan əməkdaşların tə’lim və tərbiyəsi işinə şəxsən rəhbərlik etmək, şəxsi hey’ət tərəfindən intizamın və qanunçuluğun pozulması hallarının qarşısının alınması üçün tədbirlər görmək.
10.1.10. Nizami hissə üçün xidməti bina və lazımi avadanlıq ayrılması barədə DYP-nin rəisinə təkliflər vermək.
10.1.11. Şəxsi hey’ətin ehtiyac və tələbatını bilmək, onların həlli üçün vaxtında tədbirlər görmək, yaşayış, məişət və digər sosial məsələlərin həllində onlara köməklik göstərmək.
10.1.12. Xüsusi təyinatlı avtomaşınların hərəkət təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsində şəxsən iştirak etmək, keçirilən belə tədbirlərin qüvvə və vasitələrlə tə’min olunmasını təşkil etmək.

11. Nizami hissənin xidmət üzrə müfəttişinin nümunəvi vəzifələri

11.1 Nizami hissənin xidmət üzrə müfəttişi (baş müfəttişi) Dislokasiya üzrə xidmət aparılan sahələrdə baş verən yol nəqliyyat hadisələrinin uçotunu aparır.
11.2. YNH-nin baş verməsinin təhlilini həyata keçirir, həmin təhlil nəticəsində YNH-nin səbəb və şəraitini müəyyənləşdirərək bu barədə müvafiq informasiya və arayışlar hazırlayıb rəhbərliyə təqdim edir.
11.3. Müfəttiş hey’ətinin xidmətə hazırlığına, onların post və marşrutlarda apardığı qulluğa aşkar və gizli formada nəzarət edir, xidmətin aparılma vəziyyəti barədə arayış və hesabatlar hazırlayıb rəhbərliyə məruzə edir.
11.4.Rəhbərliyin göstərişi əsasında şəxsi hey’ət tərəfindən yol verilən qanun pozuntusu hallarını araşdıraraq xidməti yoxlamalar keçirir, arayışlar hazırlayır.
11.5 Yol polisi müfəttişləri tərəfindən həyata keçirilən nəzarətin forma və metodlarının təkmilləşdirilməsinə yönəldilən təkliflər işləyib hazırlayır.
11.6. Xidmətin təşkilinə dair sənədlərin işlənib hazırlanmasında iştirak edir.
11.7. Şəxsi hey’ət barədə daxil olan ərizə və şikayətlərə baxır, rə’y və arayışlar hazırlayır.

12. Nizami hissənin komandir müavini - Qərargah rəisinin
nümunəvi vəzifələri

12.1. Nizami hissənin komandir müavini - Qərargah rəisi təhlil əsasında nizami hissənin iş planını işləyib hazırlayır və müvafiq qaydada təsdiq edildikdən sonra icrasına, nizami hissədə qüvvə və vasitələrin istifadəsinə, tabeliyində olan struktur qruplar vasitəsi ilə nəzarət edir.
12.2. DİN-in normativ sənədlərinin tələblərinə müvafiq olaraq nizami hissədə qeydiyyat təhlil işini təşkil edir.
12.3. Şəxsi hey’ət tərəfindən daxili xidmət qaydalarının tələblərinə əməl olunması və qanunvericiliyin icrasına dair tələblərə riayət olunmasını öyrənmək, habelə qanun pozuntusu hallarını aşkar etmək üçün nəzarət yoxlamaları təşkil edir, zəruri halda şəxsən həmin yoxlamalarda iştirak edir.
12.4. Daxil olan və nəzarət qaydalarında baxılan ərizə və şikayətlərin həllini təşkil edir, sistematik təhlil nəticəsində şikayət doğuran səbəblərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirir.
12.5. Nizami hissənin kargüzarlıq işinin tə’min olunmasını təşkil edir.
12.6. Nizami hissənin xidmət ərazisində əməliyyat vəziyyətini təhlil edir, qüvvə və vasitələrin səmərəli istifadəsi üçün tədbirlər işləyir, Dislokasiyanın layihəsini hazırlayır.
12.7.Növbətçi hissənin işini təhlil edir, növbətçilərin funksional vəzifələrinin icrasına nəzarət edir.
12.8. Aparılan axtarış, təhqiqat işləri üzrə materialların icrasına və baxılma müddətlərinə nəzarət edir.
12.9. İnzibati təcrübə sahəsini təhlil edir və təşkili üzrə təkliflər hazırlayır.
12.10. Qanunvericiliyin tətbiqi sahəsində icra intizamına nəzarət edən tədbirlər işləyib hazırlayır.
12.11. Xüsusi tə’yinatlı avtomaşınların hərəkət təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsində şəxsən iştirak edir.
Qeyd: Nizami hissələrin digər əməkdaşlarının vəzifələri müvafiq normativ sənədlərin tələblərinə uyğun olaraq müəyyənləşdirilir.

13. Dövlət Yol polisi idarə, şöbə, bölmə rəislərinin
Yol-patrul xidmətinin nizami hissələrinə rəhbərlik
üzrə nümunəvi vəzifələri

Dövlət Yol Polisi idarə, şöbə, bölmə rəislərinin nizami hissələrə rəhbərlik üzrə vəzifələri aşağıdakılardır:
13.1. Nizami hissələrin qüvvə və vasitələrinin yerləşməsinə və istifadə olunmasına nəzarət etmək, xidmət ərazisində qəzaların, habelə hərəkət iştirakçıları tərəfindən qanunçuluğa riayət edilməsi vəziyyətindən asılı olaraq xidməti fəaliyyəti təhlil etmək və qiymətləndirmək.
13.2. Nizami hissələrin müfəttiş hey’ətinin peşə hazırlığının artırılmasını tə’min etmək, təlim-tədris məşğələlərini keçirmək.
13.3. Nizami hissələrin rəhbərliyinin təkliflərinə baxmaq və şəxsi hey’ətin xidmət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş qərarlar qəbul etmək. Nizam-intizamın yüksəldilməsinə yönəldilmiş tədbirlər görmək. Vətəndaşların ərizə və şikayətlərinin, kütləvi informasiya vasitələrinin mə’lumatları əsasında şəxsi hey’ət arasında qanunçuluğun gücləndirilməsinə xüsusi diqqət yetirmək və şəxsi hey’ətə maddi mə’nəvi həvəsləndirmə tədbirləri tətbiq etmək.
13.4. Nizami hissələrin xidməti fəaliyyətinin forma və üsullarını təkmilləşdirmək, maddi-texniki tə’minatını yaxşılaşdırmaq, xidməti fəaliyyət üzrə metodiki tövsiyyələr işləyib hazırlamaq, müsbət iş təcrübəsini yaymaq. Nizami hissələrin rəhbərliyinə xidməti vəzifələrinin icrasında köməklik göstərmək.
13.5.
Bu Tə’limatın tələblərinə uyğun olaraq xidmətin təşkilinə nəzarət etmək.

Təlimatlara Əlavələr

generated 0.046206951141357 seconds